Azərbaycanın gələcəyi çox parlaq olacaq
Bu günlərdə İraq Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya Azərbaycanda səfərdə olub. Bakıda olduğu müddət ərzində bir sıra görüşlər keçirən, siyasi partiyalarda olan Riyaz Sarıkahya media nümayəndələri ilə də görüşüb hazırda hazırda İraqda mövcud olan vəziyyətə nəzər salıb.
28 Fevral 2018 14:55 SosialRiyaz Sarıkahya: "Torpaqlarımıza göz dikən çoxdur"
Bu günlərdə İraq Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya Azərbaycanda səfərdə olub. Bakıda olduğu müddət ərzində bir sıra görüşlər keçirən, siyasi partiyalarda olan Riyaz Sarıkahya media nümayəndələri ilə də görüşüb hazırda hazırda İraqda mövcud olan vəziyyətə nəzər salıb. Həmçinin qonaq Bakıda keçirdiyi görüşlərin təfərrüatlarını da açıqlayıb. Azərbaycan xalqının qonaqpərvərliyindən razı qaldığını ifadə edən Riyaz Sarıkahya qeyd edib ki, Bakıda keçirdiyi hər bir görüşdə bunun əyani şahidi olub. Türkməneli Partiyasının sədri onu da vurğulayıb ki, Azərbaycanın inkişafı, burada yaradılan infrastruktur onda məmnunluq yaradıb: "Mən deyərdim ki, Azərbaycanın paytaxtı Bakı şəhəri İraqın paytaxtı Bağdaddan, hətta Türkiyə Cümhuriyyətinin paytaxtı Ankaradan belə daha çox inkişaf edib. Şəhər çox təmizdir, yaşıllıqlar, hündür göydələnlər, parklar və bulvar insanı heyran edir. Azərbaycanda olarkən Bakının timsalında ən inkişaf etmiş Avropa şəhərini gördüm və bu məni sevindirdi, qürurlandırdı". Qonaq onu da diqqətə çatdırıb ki, Azərbaycan xalqı oxumağa, yenilikləri mənimsəməyə çox həvəslidir: "Düzdür, bəzən dünyanın fərqli mədəniyyətlərindən mənfi təsirə də məruz qalmaq olar. Amma əminəm ki, Azərbaycan xalqı onları böyük məharətlə özünə yaxın buraxmayacaq. Mən Azərbaycan xalqına cəmiyyətin əsasını təşkil edən ailə bağlarının möhkəm olmasını arzu edirəm. Bizim İraqda evlənən hər üç cütlükdən biri müəyyən vaxt sonra ayrılır. Çox istərdim xalqınız bu kimi mənfi halları ailə mədəniyyətinə yaxın buraxmasın. Azərbaycan insanları hansı millətin ona dost, hansının düşmən olduğunu çox yaxşı bilir. Azərbaycanlılar bu gün təkcə Azərbaycanda deyil, Gürcüstanda, Türkiyədə, İraqda yaşayır, İran əhalisinin böyük hissəsi azərbaycanlılardır və onların hamısı bilir ki, torpaqlarına göz dikənlər çoxdur. Amma gələcəkdə daha böyük Azərbaycanın qurulması arzusu insanlara ümid verməkdədir". Riyaz Sarıkahya onu da deyib ki, Azərbaycan insanın düşüncəsi türkmənlərin düşüncəsi ilə təxminən eynidir və bu onda məmnunluq hissi yaradıb: "Ən əsası odur ki, həm türkmənlər, həm də azərbaycanlılar özlərini türk millətinin bir parçası hesab edir və hər ikisi Türkiyəyə sevgiylə yanaşır. Hər iki xalq zorakılığa, ədavətə qarşıdır, istənilən problemin sülh yoluyla həllinə çalışır, öz şanlı tarixini unutmur və keçmişinə dönüşü dəstəkləyir. Azərbaycan son bir neçə onillər ərzində xeyli əziyyət çəkib, müharibə yaşayıb, sosial sıxıntısı olub, amma bütün bunların qarşısında onların əyilməzliyi, insanlara sevgisi və mərhəmət hissi dəyişməyib". Səddam Hüseyn dövrünə də diqqət çəkən Türkməneli Partiyasının sədri bildirib ki, İraqda Səddam dönəmində ölkə daxilində sərt siyasət yürüdülüb: "Səddam Hüseynin vaxtında imkan tapıb Azərbaycana gələ bilmədik. Çünki türkmən xalqı onun hakimiyyətinə qarşı müxalif mövqe sərgiləyərdi. Türkmənlər tez-tez toplantılar keçirib onun siyasətini müzakirə edirdi. Bu səbəbdən də bizlərə ölkədən çıxmağa qadağalar qoyulurdu. Sonra da, bildiyiniz kimi, Amerikanın İraqda və xüsusilə türkmənlərə qarşı fəaliyyəti, İŞİD-in, kürd partiyalarının bizə qarşı mövqeyi sərt olub, yolumuzda maneələr yaradıb. Daha sonra xalq İranla, Küveytlə müharibəyə sürüklənib, məlum terrorlar törədilib və s. Ona görə də bütün bunlar insanların bir-birilərinə münasibətində müəyyən sərtləşmə yaradıb. Şükürlər olsun ki, bu cür hallar Azərbaycanda yoxdur və buna görə şadam. İraqdan fərqli olaraq Azərbaycanda sənətə, musiqiyə, milli mədəniyyətin inkişafına çox böyük yer verilir ki, bu da Azərbaycan dövlətinin və xalqının uğurudur. Əlbəttə, müəyyən problemlər də var, o da tədricən aradan qalxar. Bu gün problemlər Avropada da var, Amerikada da. Çünki bunsuz inkişaf olmaz.Amma bu çətinlikləri sırf siyasi yolla, hökumət daxilində həll etmək qərarı alan Azərbaycanın seçimi ən doğru yoldur. Tam əminəm ki, Azərbaycanın gələcəyi çox parlaq olacaq". R.Sarıkahya onu da bildiriub ki, Azəbaycanın İraq türkmənlərinin ürəyində özünəməxsus yeri var: "Çünki Azərbaycanlılarla türkmənlər eyni dildə danışır, eyni mədəniyyəti-məişəti bölüşür. Bizim Özbəkistan və Türkmənistanla mədəniyyətimizdə müəyyən fərqlər ola bilər, amma bunu Azərbaycan üçün demək olmaz. Elə bu səbəbdən də biz türkmən xalqı olaraq özümüzü Azərbaycanın bir parçası olaraq görürük. Riyaz Sarıkahya türk dövlətlərinin birliyinin, həmrəyliyinin vacibliyinə də toxunub. Qeyd edib ki, türk dövlətləri öz sərhədlərini və bayraqlarını saxlamaqla mütləq Türk Dövlətləri Birliyini yaratmalıdır: "Necə ki, Avropanın çox sayda ölkəsi Avropa İttifaqını təsis edib. Bu Birlik daxilində insanların sərbəst hərəkətini təmin edəcək. Yəni özbəkistanlı Azərbaycana, azərbaycanlı Qazaxıstana və sair sərbəst gedib-gələ bilsin və sair. Əlbəttə, bu bizim arzumuzdur. İllərlə türk ölkələri arasında divarlar hördülər, eyni millətin övladlarını bir-birinə yadlaşdırdılar. Bu gün Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda siyasətçilər bir-birilərini rusca danışmaqla anlaya bilirlər. Bu səbəbdən də mütləq ortaq ünsiyyət dili tapılmalıdır. Necə ki, bunu ərəb ölkələri edir. Məsələn, İraq ərəbləri ilə Tunis ərəbləri eyni millət olsalar da, bir-birilərini anlamayacaq dərəcədə fərqli şivədə danışırlar. Ona görə də bu gün ərəb dünyasının siyasətçiləri ortaq anlaşma vasitəsi kimi Quran ağzı ilə danışırlar. Bu, ərəb dünyasını birləşdirən başlıca ünsiyyət formasıdır. Hesab edirəm ki, türk ziyalılar toplaşıb türkdilli ölkələrin xalqları arasında ortaq ünsiyyət formasını tapmalıdırlar".
Füzuli