Belə-belə işlər... Elçin Hüseynbəyli yazır... Göyərçin sevdalıları və oğruları

Parkda gəzərkən dən axtaran və gözəl, nazlı xanımlar kimi ötüşən göyərçinlərə tamaşa edirəm. Qanadlarındakı naxışlar ala-bəzək xalıya bənzəyir. Ayaqlarına, sanki qırmızı corab geyiblər, dırnaqlarına da ona uyğun lak qoyublar.

Belə-belə işlər

Elçin Hüseynbəyli

Göyərçin sevdalıları və oğruları

Parkda gəzərkən dən axtaran və gözəl, nazlı xanımlar kimi ötüşən göyərçinlərə tamaşa edirəm. Qanadlarındakı naxışlar ala-bəzək xalıya bənzəyir. Ayaqlarına, sanki qırmızı corab geyiblər, dırnaqlarına da ona uyğun lak qoyublar.

Sözüm bunda deyil. Sizə bu yaxınlarda rast gəldiyim bir əhvalatı danışmaq istəyirəm.

Adətimə uyğun olaraq səhər zeytunluqda gəzirdim, xiyabanı o baş-bu başa gedirdim. Addımlarımla ölçmüşəm bir tərəfə aşağı-yuxarı 350 addımdır. Hər dəfə də bir gözüm göyərçinləri axtarır. Onlar zeytun dənələrini dimdikləyirlər, amma bu, onların yemi olmadığından başqa yem axtarırlar. Tənha adamlar onlara çörək atır, bəziləri dən səpir. Mən heç nə eləmirəm. Mənim humanizmim onlara tamaşa eləməklə məhdudlaşır.

Keçirəm əhvalata. Xiyabanın qırağında bir göyərçin böyrü üstə düşmüşdü, qalanları xırda addımlarla o tərəf-bu tərəfə şütüyürdülər. Başa düşdüm ki, yaralıdır, güman ki, qanadı qırılmışdı. Ona yaxınlaşmaq istəyəndə bir nəfər məni qabaqladı. Göyərçini əlinə götürüb baxdı, o tərəf-bu tərəf çevirdi. Sonra ehmalca cibinə qoydu. Fikirləşdim ki, dünyada ürəyiyumşaq, mərhəmətli adamlar hələ də çoxdur. Ən azı ona görə ki, məni qabaqlamışdılar. Göyərçinin əvəzinə sevindim, hətta yaxınılaşıb həmin adama təşəkkür də etmək istədim. Güman, onu evə aparıb qanadını sarıyacaq, sağaldandan sonra azadlığa buraxacaqdı. Amma bu sevincim uzun çəkmədi. Həmin adam göyərçini cibindən çıxardı və kiməsə göstərdi. Sanki himə bənd imişlər, bir neçə üzü tüklü adam hardansa peyda oldu, yerdə gəzişən göyərçinlərə iştahla baxdılar, getdilər və yaxınlıqdakı kafeyə girdilər.

Məsələ mənə tam aydın oldu, onlar səfil və içki düşgünüydülər, göyərçinləri tələyə salaraq oğurlayır və yaxınlıqdakı kafedə bişirdirdilər.

Yadıma keçmişdə olmuş bir əhvalat düşdü. Mənim göyərçinim vardı. Mən onu dostumla yuvadan götürmüşdüm. İki ətcəbalaydı. Dostumun göyərçini öldü, mənimki isə qaldı və böyük xoruz oldu. İşim-gücüm onu yemləmək idi. Mənə o qədər öyrəşmişdi ki, əl çəkmirdi, hərdən qəfil çiynimə qonurdu. Hətta qonşu kənddən gələn sinif yoldaşlarım da onu tanıyırdılar, yaxınlaşıb tutmaq istəyəndə uçrudu, bircə məndən qorxmurdu. Göyərçin çovustanımızın taxçasında yatırdı. Ala-bula pişiyin həmişə onu güddüyünü, pusduğunu görürdüm.

Bir dəfə göyərçin yoxa çıxdı, Elə bildim ki, harasa gedib və bir neçə gündən sonra yenə qayıdacaq. Amma o gəlmədi.

Yazağzı bağçadakı kolluğu təmizləyəndə göyərçinin qalıqlarını orda tapdım. Ağladım. Başa düşdüm ki, onu yatdığı yerdə həmin ala-bula pişik tutub. Ona görə də o pişiyi harda görürdümsə, daşlayırdım. Puşik məni görəndə qorxusundan qaçırdı.

Bu əhvalatı fikirləşdim və istədim ki, göyərçin oğrularının arxasınca bir daşa atam. Amma parkda daş tapa bilmədim...

Yanvar, 2017

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31