Regionların sosial iqtisadi inkişafı əhalinin rifahının yüksəlməsinə şərait yaradıb
Azərbaycan müstəqillik əldə etdikdən sonra qarşıda duran əsas məsələrdən biri ölkənin iqtisadi müstəqilliyinin təmin edilməsindən ibarət idi. Qarşıya qoyulan hədəfə nail olmaqdan ötrü isə ölkədə iqtisadi islahatların həyata keçirilməsilə təkcə mərkəzi şəhərlərin deyil, bütövlükdə Azərbaycanın sosial-iqtisadi inkişafını təmin etmək zərurəti yaranırdı. Belə halda sözsüz ki, regionların inkişafına nail olmaq dövlət üçün prioritet hesab olunurdu. Məhz bu kimi amilləri nəzərə alan ölkə prezidenti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı imzaladı.
4 Yanvar 2018 16:17 SosialAzərbaycan müstəqillik əldə etdikdən sonra qarşıda duran əsas məsələrdən biri ölkənin iqtisadi müstəqilliyinin təmin edilməsindən ibarət idi. Qarşıya qoyulan hədəfə nail olmaqdan ötrü isə ölkədə iqtisadi islahatların həyata keçirilməsilə təkcə mərkəzi şəhərlərin deyil, bütövlükdə Azərbaycanın sosial-iqtisadi inkişafını təmin etmək zərurəti yaranırdı. Belə halda sözsüz ki, regionların inkişafına nail olmaq dövlət üçün prioritet hesab olunurdu. Məhz bu kimi amilləri nəzərə alan ölkə prezidenti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı imzaladı. Təbii ki, özündə regionların təbii ehtiyatları, məşğulluğu, iqtisadi potensilı kimi iqtisadi amilləri əks etdirən dövlət proqramları bütövlükdə ölkənin iqtisadi inkişafını təmin etməli idi. Artıq icrası müvəffəqiyyətlə başa çatan dövlət proqamlarının təhlili deməyə əsas verir ki, sözün həqiqi mənasında Azərbaycanın regionları simasını tamamilə dəyişib. Sirr deyil ki, son illərin iqtisadi yüksəlişi regionların sosial-iqtisadi inkişafında təsdiqini tapır. Bu gün elə bir bölgə, elə bir şəhər tapmaq olmaz ki, orada yenidənqurma, tikinti-abadlıq işləri aparılmasın, iqtisadiyyatın mühüm sahələri inkişafdan geri qalsın. Bu kimi proqramların hazırlanmasında əsas məqsəd ölkə iqtisadiyyatının dinamik inkişafına və onun təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılmasına, əhalinin rifahının davamlı olaraq yüksəldilməsinə nail olmaq idi ki, bu da öz uğurlu nəticəsini verdi. Yeri gəlmişkən xatırladaq ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanaraq qəbul edilib. Azərbaycan Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" təsdiq edilib. Bu əhəmiyyətli sənədin əsas məqsədi qeyri-neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılması və həyat səviyyəsinin yüksəldilməsindən ibarət olub. 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında 600 mindən artıq yeni iş yerinin açılması prioritet məqsəd kimi qarşıya qoyulmüşdü. Proqramdan irəli gələn vəzifələr çox qısa zamanda icra olunaraq, qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə geniş imkanlar yaratdı. Nəzərdə tutulan dövr ərzində 700 mindən artıq yeni iş yerinin açılması işsizlik və məşğulluq problemlərinin həllinə stimul verdi. Ardınca 2009-2013-cü illərı əhatə edən növbəti Dövlət Proqramını təsdiqləməsi zərurətə çevirildi və icrasına start verildi. Təbii ki, bütün bunların əsasını daim təkmilləşən iqtisadi islahatlar və onların əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etməsi dayanırdı. Bu proqramın icrası Bakı və ətraf qəsəbələrin, həmçinin regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirdi və respublikamızı əsl quruculuq meydançasına çevirdi. Bir daha xatırladaq ki, sözügedən dövlət pqroqramlarının hazırlanması birbaşa dövlət başçısının təşəbbüsü ilə həyata keçirilib: "2004-cü ildə mənim təşəbbüsümlə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir və bu proqramın ölkə tarixində çox böyük rolu vardır. İndi təsəvvür edin, əgər o proqram qəbul edilməsəydi, bizim bölgələrimiz hansı problemlərlə üzləşə bilərdi. Məhz bu birinci proqramın, ondan sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi. 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq".
Məlumat üçün qeyd edək ki, qəbul edilən dövlət proqramlarında əksini tapan ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyətə malik idi. Nəzərə almaq lazımdır ki, həmin tədbirlərə əmək haqlarının, pensiyaların artması, aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi, yoxsulluğun aşağı salınmasına xidmət edən mühüm məsələlər daxil idi. Təsadüfi deyil ki, beynəlxalq ekspertlər də etiraf edirdilər ki, Azərbaycanda həyata keçirilən məqsədyönlü tədbirlər əhalinin həyat səviyyəsinin yüksəldilməsində böyük rol oynayır. Həyata keçirilən hər yeni dövlət proqramında regionların görüntüsünün nəzərəçarpacaq dərəcədə dəyişdirinin şahidi oluruq. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev qeyd edib ki, bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir və bütün əsas vəzifələr icra olunmuşdur. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 faiz artmışdır: " Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik. Əlbəttə, dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərdi. Ancaq hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir. Keçən il yüz mindən çox daimi iş yeri yaradılmışdır. Bu proses 2004-cü ildən bu günə qədər davam edir".
Hazırda da bu iqtisadi siyasət həyata keçirilməkdədir. Belə ki, hər il dövlət büdcəsindən regionların soaial-iqtisadi inkişafı üçün lazımi miqdarda vəsait ayrılır. Sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə sahələrində tərəqqi özünü büruzə verməkdədir. Sonuncu qəbul olunmuş Dövlət Proqramı isə 2014-2018-ci illəri əhatə edir. Bu proqramın təsdiq edilməsi ilə ölkənin sosial-iqtisadi inkişafında yeni mərhələdə olan dövət iqtisadiyyatının dinamik inkişafı, həyat səviyyəsinin yaxşılaşdırılması, bütün regionlarda mövcud potensialdan səmərəli istifadə eməklə qeyri-neft sektorunun inkişafı, yeni istehsalat müəssisələrinin yaradılması, mövcud sahələrdə istehsalat fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, eləcə də elm, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidən qurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Son bir neçə il ərzində dünyada müxtəlif proseslər gedib, fərqli hadisələr baş verib. Hazırda isə dünyada gərginlik artmaqdadır və dünya maliyyə, iqtisadi böhranın yeni mərhələsinə qədəm qoyub. Dünya ölkələri ilə müqayisədə ötən illər ərzində ölkəmizdə bütün işlər müsbət istiqamətə yönəlib. Bu isə Azərbaycanın dayanıqlı inkişafının göstəricisidir. Ölkəmizdə ictimai-siyasi sabitlik, iqtisadiyyatımızın şaxələndirilməsi və iqtisadiyyata iri investisiya qoyulması atılan çox önəmli addımlardandır. Respublikamız bu gün nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən birinə çevrilib və ölkəmizə maraq günü-gündən artmaqdadır. Bizim bugünkü reallığımız respublikamızın və onun regionlarının çox sürətli inkişafıdır. 2004-cü ildən bu günə qədər Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan çox sürətlə inkişaf edən ölkə olub. Sosial sahəyə gəldikdə isə, aparılan uğurlu islahatların nəticəsi olaraq qeyd etməliyik ki, son 11 ildə regionlarda 2900 məktəb binası, 560 tibb ocağı tikilib və ya təmir edilib, 41 olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi yaradılıb. Xatırladaq ki, sosial infrastruktur layihələrinin icrası regional inkişafın özəyidir, çünki bölgələrdə bu cür dəyişikliklər olmasa, heç bir proqram icra edilə bilməz. İndi qətiyyətlə demək olar ki, dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin Azərbaycan iqtisadiyyatına təsirinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində ölkə iqtisadiyyatı öz dayanıqlılığını möhkəmləndirir. Ölkədə davamlı inkişafın təmin olunmasında sözsüz ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının müstəsna əhəmiyyəti vardır. 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər və rayonların simasını köklü şəkildə dəyişib, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir