Miras vərəsəyə hansı qaydada ötürülür?
Son vaxtlar vətəndaşlar əmlak münasibətləri, xüsuslə əmlakın bölüşdürülməsi məsələlərində hüquqi baxımdan bir çox problemlərlə qarşılaşırlar. Buna səbəb, bəzən insanların qanundan xəbərsiz olmalarıdır. Son dövrlər isə əmlak mübahisələrilə bağlı məhkəmələrin sayının artımı müşahidə olunur.
27 Dekabr 2017 14:30 SosialSağlığında vəsiyyətnamə yazmamaq qohumlar arasında mübahisəyə səbəb olur
Son vaxtlar vətəndaşlar əmlak münasibətləri, xüsuslə əmlakın bölüşdürülməsi məsələlərində hüquqi baxımdan bir çox problemlərlə qarşılaşırlar. Buna səbəb, bəzən insanların qanundan xəbərsiz olmalarıdır. Son dövrlər isə əmlak mübahisələrilə bağlı məhkəmələrin sayının artımı müşahidə olunur. Onu da qeyd edək ki, əmlak mübahisələri daha çox yaxın qohumlar arasında yaranır. Mütəxəssislər hesab edirlər ki, belə problemin yaranmasına səbəb ölkənin Mülki Məcəlləsində nəzərdə tutulmuş vərəsəlik haqqında qanuna vətəndaşların düzgün əməl etməməsi və bilərəkdən pozmasıdır. Bunun nəticəsidir ki, bu sahədə məhkəmə iddiaları çoxlu sayda ailə üzvləri və yaxın qohumlar arasında baş verir. Bəc, vərəsəlik hüququ hansı hallarda yaranır? Onun reallaşması üçün hansı addımların atılmasına ehtiyac var? Belə problemlərlə yaşayan vətəndaşlar bu suallara cavab tapmaqda çətinlik çəkirlər.
Qeyd edək ki, ölkə vətəndaşları müxtəlif dövlət aktları və ya vərəsəlik hüququ əsasında əmlak sahibi olurlar. Hüquqi aspektdən yanaşsaq, dünyasını dəyişən şəxslərdən miras qalmış əmlakın onun varislərinin adına rəsmiləşdirilməsi vərəsəlik hüquq normaları ilə nizamlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinə müvafiq olaraq vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vəkil Eltən Baloğlanov bildirib ki, vərəsəlik demək olar hər bir şəxsin həyatında rastlaşdığı hüquq münasibətidir. Çünki, əksəriyyət yaşadığı dövr ərzində müəyyən əmlak və hüquqlar, o cümlədən öhdəliklər əldə edir. Və atalarımızın deyimində olduğu kimi dünya malı bu dünyada qalır. Yəni, insana məxsus olmuş əmlak və hüquqlar, həmçinin öhdəliklər insan dünyasını dəyişdikdən sonra da mövcud olur. Bəs dünyasını dəyişmiş insanın sadalanan maddi və qeyri-maddi nemətlərinin aqibəti necə olur? Bax elə mövzumuz da buna aiddir: "Vərəsəlik münasibətlərində iki tərəf olur - miras qoyan və mirası qəbul edən, yəni vərəsə. Vəfat edən şəxsin özündən sonra qoyduğu daşınar və daşınmaz əmlaklar, özgəninkiləşə bilən hüquqlar, həmçinin vəfat edənin şəxsiyyəti ilə birbaşa əlaqəli olmayan öhdəliklər miras adlanır. Əgər diqqət yetirdinizsə öhdəliyin də miras olaraq ötürülə biləcəyinin fərqində olmalısınız. Vəfat etmiş şəxsin sağlığındaikən üçüncü şəxs qarşısında olan öhdəliyi, məsələn bankdan götürdüyü kredit üzrə borcu miras olaraq ötürülə bilər. Lakin burada bir məqam vardır ki, buna diqqət yetirilməlidir. Əgər əmlak və hüquqlar vəfat etmiş şəxsin aktividirsə, öhdəlik onun passivi hesab olunur. Qayda isə belədir ki, öhdəliklər vərəsəyə yalnız o, aktiv mirası əldə etdiyi halda keçir. Başqa sözlə desək aktivi qəbul edən passivi də qəbul etmiş sayılır. Bəzi hallarda elə olur ki, miras kütləsində passiv aktivdən daha çoxdur. Yəni, məsələn vəfat edənin miras qoyduğu avtomobilin dəyəri onun banka olan borcundan azdır. Bu halda avtomobili miras olaraq qəbul etmək sərfəli deyildir. Çünki dəyəri aşağı olan avtomobili götürdükdən sonra bankın daha iri həcmdə kredit borcunu vərəsədən tələb etmək hüququ yaranır. Əks halda borc vərəsədən tələb oluna bilməz". Onun bildirdiyinə görə, miras vərəsəyə iki yolla keçə bilər - vəsiyyət üzrə vərəsəliklə ya da qanun üzrə vərəsəliklə: "Vəsiyyət üzrə vərəsəlik barədə azdan çoxdan çoxlarınız eşitmisiniz. Bu o deməkdir ki, insan sağlığında ikən öz əmlakını və ya özgəninkiləşə bilən hüququnu kiməsə vəsiyyət edir. Bu vəsiyyət üzrə vərəsəlik hesab olunur. Vəsiyyətnamə yazılı şəkildə tərtib olunur. İstənilən şəxs vəsiyyət üzrə vərəsə ola bilər. Qanun üzrə vərəsəlikl isə yalnız vəfat edən şəxsin qohumları vərəsə qismində çıxış edə bilərlər. Qanun üzrə vərəsəlik qohumluq dərəcəsinə görə növbə üzrə müəyyən olunur. İlk növbədə vəfat edən şəxsin yaxın qohumları - övladları, övladlığa götürülənlər, ər ya arvad, valideyinlər vərəsəliyə buraxılır. Bu növbə üzrə vərəsə olmadıqda artıq yaxınlıq dərəcəsinə görə sırada olan başqa qohumlar vərəsəliyə buraxılırlar. Miras payı eyni növbə üzrə olan vərəsələr arasında bərabər bölünür. Vərəsəlik şəxs vəfat etdikdən sonra açılır və altı ay ərzində vərəsə mirası əldə etmək üçün aidiyyatı notariat kontoruna müraciət etməlidir". Hüquqşünas bidirib ki, əmlakın tam olaraq kiməsə vəsiyyət olunması birinci növbədə olan qanun üzrə vərəsələri mirasdan tam olaraq məhrum etmir. Vəfat edən şəxsin övladlarının, valideynlərinin və ərinin(arvadın) hər bir halda mirasdan məcburi pay almaq hüquqları vardır. Düzdür, belə olan halda onlar yalnız qanun üzrə vərəsəlik zamanı onlara çatacaq miras payının yalnız yarısına iddia edə bilərlər: "Qanunla vərəsəlikdən məhrum edilmə ilə bağlı məsələlər də müəyyən olunmuşdur. ləyaqətsiz vərəsə və vərsəlikdən məhrum olunmuş şəxs miras əldə edə bilməz. Vərəsəlikdən məhrum edilmə məhkəmə qərarı ilə müəyyən olunur".
Zəka