Moskva və Tbilisi Ermənistanı blokadadan çıxarır?

Müntəzəm olaraq Gürcüstanla Azərbaycan arasında ziddiyyət yaratmağa yönəlik cəhdlərə daha biri əlavə olunub. Söhbət Ermənistandan gələn yüklərin Güney Osetiya və Abxaziya üzərindən Rusiya Federasiyasına daşınmasından gedir. Kifayət qədər Azərbaycanın maraqlarına uyğun olmayan bu razılaşma bu günlərdə Rusiya və Gürcüstan rəsmilərinin İsveçrədə görüşü zamanı əldə edilib

Müntəzəm olaraq Gürcüstanla Azərbaycan arasında ziddiyyət yaratmağa yönəlik cəhdlərə daha biri əlavə olunub. Söhbət Ermənistandan gələn yüklərin Güney Osetiya və Abxaziya üzərindən Rusiya Federasiyasına daşınmasından gedir. Kifayət qədər Azərbaycanın maraqlarına uyğun olmayan bu razılaşma bu günlərdə Rusiya və Gürcüstan rəsmilərinin İsveçrədə görüşü zamanı əldə edilib. Razılaşma Azərbaycanla yanaşı Gürcüstanın da maraqlarına zidd olduğundan gürcü müxalifəti də Rusiya ilə əldə edilmiş razılaşmaya qarşıdır. Müxalifət haqlı olaraq bildirir ki, bu Tbilisinin separatçı rejimi tanıması anlamını verir. Elə Azərbaycandan olan ekspertlər, analitiklər də belə düşünür. Millət vəkili Sahib Alıyev Tbilisinin bu addımın Azərbaycan və Türkiyə ilə nəqliyyat sahəsində birgə əməkdaşlığa zərbə, xəyanət kimi dəyərləndirib: "Gürcüstan rəhbərliyi fors-major hallarda Ermənistandan gələn yüklərin Güney Osetiya və Abxaziya üzərindən Rusiyaya daşınmasına izn vermək niyyətindədir. Üç gün öncə, yəni dekabrın 19-da Berndə Gürcüstan Maliyyə Nazirliyinin tərkibindəki qurumlardan biriylə İsveçrənin SGS şirkəti arasında həmin yüklərin yoxlanmasıyla bağlı anlaşma da bu məqsədlə bağlanıb. Gürcüstan Rusiyadan gələn hərbi təyinatlı yüklərin öz torpaqlarından keçməsinə qadağa qoyduğundan və iki ölkə arasında diplomatik əlaqələr bəlli səbəbdən İsveçrənin vasitəçiliyiylə reallaşdırıldığından, yüklərin yoxlanmasını da həmin ölkənin şirkəti aparmalıdır". Millət vəkili deyib ki, ancaq Gürcüstan müxalifəti bu anlaşmaya qarşı çıxır və düz də edir: "Kim də olmasa, parlamentdəki çıxışında ölkəsinin sözü gedən addımını kəskin tənqid edən təcrübəli diplomat Qriqol Vaşadze gözəl bilir ki, bu, Gürcüstana xeyirdən çox zərər gətirəcək. 
Yəqin bilməmiş olmazsınız, cənab Vaşadze Saakaşvilinin prezidentliyi dönəmində Gürcüstanın xarici işlər naziri idi və ondan da əvvəl SSRİ Xarici İşlər Nazirliyində çalışmış biridir. Yəni o gözəl anlayır ki, bu addım Gürcüstanın Abxaziya və Güney Osetiyanın müstəqilliyiylə dolayı yolla da olsa, barışması deməkdir. Və həm də təkcə o demək deyil. Gürcüstanın bu gün ayaq üstə durmasında mühüm rol oyanayan iki qonşusunun maraqlarının əleyhinə getməkdir". Sahib Alıyevin sözlərinə görə, Gürcüstan rəhbərliyi bu addımı atmamışdan başqa reallıqları hələ demirəm, gərək özlərinin 2017-ci il üçün açıqladıqları statistikaya dərindən diqqət yetirib düşünəydilər ki, Azərbaycanla Türkiyənin maraqlarını nəzərə almadan haylarla dəhliz oynuna baş vurmaları onlara lazımdırmı?: "Xatırladaq ki, həmən statistikaya görə hazırda Gürcüstana ən çox yatırım qoyan ölkə birinci Azərbaycan, ikinci Türkiyədir. Gürcüstandan ən çox mallar alan ölklərə gəldikdə isə ikinci yerdə Azərbaycan durur, üçüncü yerdə isə Türkiyə. Hər iki dövlətin Gürcüstanın təhlükəsizliyində oynadıqları mühüm rolu isə hələ demirik. Təbii ki, əgər bu məsələdə rəsmi Tbilisi irəli gedəcəksə, statistika da dəyişəcək. Və təkcə statistika yox".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Gürcüstan hakimiyyətdə olan Bidzina İvanaşvilinin kölgəsində "Gürcü Arzusu" partiyası Ermənistanla Rusiya arasında quru yolla dəhlizin açılmasına icazə verir: "Qeyd edim ki, bu dəhliz Rusiyanın işğalı altında olan Abxaziya və Cənubi Osetiya ərazisindən keçir. Gürcüstan hakimiyyəti Rusiya ilə Cenevrədə apardığı danışıqlardan sonra belə bir qərara gəlib. Rusiya Gürcüstan hakimiyyətinə Ermənistana hərbi yüklərin daşınması və Gümrüdəki "102-ci " hərbi bazasının logistik imkanlarını genişləndirmək üçün dəfələrlə təzyiq edərək, quru yolun açılmasını tələb edib". Politoloq deyib ki,
Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin Ermənistandan gələn yüklərin fors-major hallarda Cənubi Osetiya və Abxaziyadan keçməklə Rusiyaya çatdırılmasına icazə verməsi, Ermənistanla Rusiya arasında quru hərbi əlaqələrin bərpası deməkdir: "Burada qeyd edilir ki, Ermənistandan Rusiyaya gedən yüklərin daşınması nəzərdə tutulur. Amma, əsas məqsəd isə, Rusiyadan Ermənistana daşınan hərbi yüklərin çatdırılmasından gedir". Politoloqun sözlərinə görə, son aylar rəsmi Tbilisi separatçı Abxaziya və Cənubi Osetiyanın rəhbərliyi ilə danışıqlara getmək üçün müəyyən siyasi yollar axtarır: "Görünür, bu quru dəhlizi açmaqla Rusiyaya jest edir və düşünür ki, Abxaziya və Cənubi Osetiya ilə normal əlaqələr nəticəsində Gürcüstanın ərazi bütövlüyü təmin ediləcək. Faktiki olaraq 2008-ci ildən Gürcüstanın bu separatçı regionları Rusiya tərəfindən nəzarətə alınıb. Vurğulamaq lazımdır ki, Kreml Tiflisə təzyiq etmək üçün bu regionların işğalını davam etdirəcək və, nə vaxtsa bu ərazilərin Gürcüstanın tabeçiliyinə verilməsi real görünmür. Gürcüstanın avrointeqrasiya kursu, NATO ilə genişlənən əlaqələr fonunda Rusiya Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın nəzarətinə verməyəcək. Rəsmi Tbilisi Moskva ilə əlaqələri bərpa etmək üçün separatçı ərazilərdən Ermənistana quru yolu istifadəyə imkan verməklə, regionda silahlanmanın artmasına və regionun ağrılı problemi olan Qarabağ münaqişəsinin həllini uzadacaq. Çünki, Rusiya bu quru yolla Ermənistana silah və zirehli texnikanı daşımaqla, bu ölkənin silahlanmasını sürətləndirəcək. Göründüyü kimi, Moskva və Yerevan Tiflislə anlaşaraq bu dəhlizin açılmasına nail olur. Gürcüstan hakimiyyətinin bu siyasəti, Azərbaycanla strateji tərəfdaşlığa ziddir və ölkəmizin təhlükəsizliyinə qarşı yönəlib. Gürcüstana Azərbaycanın investisiya yatırması və iqtisadi dəstəyinə baxmayaraq, rəsmi Tiflis işğalçı Ermənistanın hərbiləşməsinə şərait yaradır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31