Azərbaycanda müstəqil media formalaşıb

Azərbaycanda söz və mətbuat azadlığının inkişafı daim diqqət mərkəzindədir. Hazırda da bu sahələrin daha da inkişafını təmin edəcək addımlar atılmaqdadır. Düzdür, ölkədə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətini tənzimləyən qanunvericilik bazası beynəlxalq standatrlara cavab verir.

Qanunvericilik bazası buna tam təminat verir

Azərbaycanda söz və mətbuat azadlığının inkişafı daim diqqət mərkəzindədir. Hazırda da bu sahələrin daha da inkişafını təmin edəcək addımlar atılmaqdadır. Düzdür, ölkədə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətini tənzimləyən qanunvericilik bazası beynəlxalq standatrlara cavab verir. Ancaq ölkə mətduatının zamanla ayaqlaşmasını təmin etmək məqsədilə görülən işlərin davamlı olması vacib şərtdir. Digər tərəfdən, müasir elektron medianın imkanlarının artması səbəbindən xoşagəlməz halların baş verməsi qaçılmazdır. Məhz bu kimi amilləri nəzərə alan Azərbaycan hökuməti qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində lazımi addımları atır. Yeri gəlmişkən xatırladaq ki, hazırda Azərbaycanın onlayn media məkanı ölkənin ictimi-siyasi həyatının nəbzini tutmaqla əsas informasiya təminatçısı rolunu daha da möhkəmləndirməkdədir. Artıq hamı başa düşür ki, internet media həyatımızın ayrılmaz parçasına çevrilib. Məsələ orasındadır ki, kütləvi informasiya vasitələrinə verilən sərbəstlikdən sui-istifadə edən bəzi çap və onlayn media orqanları milli-mənəvi dəyərlərə zərər yetirən, tarixi şəxsiyyətləri aşağılayan məlumatlar yaymaqdan belə çəkinmirlər. Azərbaycanın müharibə şəraitində yaşamasını nəzərə alsaq dövlət və hərbi sirrin yayılmasının qarşısını almaq zərurəti yaranır. Məhz bu kimi amilləri nəzərə alan ölkə parlamenti bir sara qanunların təkmilləşməsini təmin edib. Maraqlıdır, məhz qanunvericilikdə edilən dəyişikliklər medianın fəaliyyətinə necə təsir edəcək? Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, son zamanlar Milli Məclisdə "Kütləvi İnformasiya vasitələri haqqında"qanunvericilik bazası daha da təkmilləşdirilir. Vaxtaşırı müəyyən qanunların müzakirələri gündəmə gəlir və bəzi əlavələr, dəyişikliklər edilir. Artıq "onlayn" media və digər KİV-lərlə bağlı qanunvericilkdə müəyyən işlər görülür". Mətbuat Şurasının sədri bildirib ki, "Kütləvi informasiya vasitələri haqqında" qanunun 19-cu maddəsinə edilən dəyişiklik kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi qaydası ilə bağlıdır: "Dəyişikliyə görə kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətində dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırıla bilər". Ə.Amaşov qeyd edib ki, qanuna əlavənin edilməsi daha çox reketyönlü mətbuat vasitələri ilə bağlıdır: "Əlbəttə ki, ciddi mətbuat vasitələri qanunu pozmurlar. Əgər "KİV haqqında" qanuna zidd adımlar atan zaman da bunu anlayırlar və bir daha təkrar etmirlər. Amma çox təəssüflər olsun ki, Azərbaycanda bir qrup reketyönlü mətbuat vasitəsi var. Onların da məqsədi cəmiyyəti məlumatlandırmaq, əyləndirmək, bilgi vermək deyil, şəxsi mənafeyləri üçün insanlara böhtan atmaq, qorxutmaqdır. Bunların müqabilində isə insanlardan nəyisə qopartmaqdır. Bu sayaq "media vasitələri"nin sayı çoxdur. Mətbuat Şurası da mütəmadi olaraq bu məsələləri diqqətdə saxlayır. Həmin medai vasitələrini qara siyahıya salır. Onlar üçün 1-2 dəfə qanun pozuntusunun heç bir əhəmiyyəti yoxdur. Belə qanun pozuntularından isə ən çox zərər çəkən ölkə vətəndaşları olur. Ölkə vətəndaşlarının şəxsi həyatına müdaxilə olunur, şərəf və ləyaqətləri alçaldılır. Ən əsası isə həmən mətbuat vasitələri öz məqsədlərinə çatmaq üçün insanların üzərinə böhtanlar atır, yanlış informasiyalar yayırlar. Belə olan halda isə kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətində dayandırılması məsələsi gündəmə gəlir". Deputat bildirib ki, "Kütləvi İnformasiya vasitələri haqqında" qanuna edilən dəyişikliklər ölkə vətəndaşlarını "mətbuat vasitələri"ndən qorumaq məqsədi daşıyır: "Qanuna ediləcək dəyişiklikdə mətbu nəşrin fəaliyyətinin tam dayandırılmasından söhbət getmir. Burada söhbət iki ay müddətindən gedir. Bu müddət ərzində "Kütləvi İnformasiya vasitələri haqqında" qanuna əməl edənlər öz fəaliyyətlərini davam etdirə biləcəklər. Əgər kimlərsə nəticə çıxarmasa, həmin mətbu nəşrin fəaliyyəti tam dayandırılacaq. Qanuna ediləcək dəyişiklik də əsas məqsəd jurnalist məsuliyyətinin daha da möhkəmlənməsi, cəmiyyət-jurnalistika münasibətlərinin daha da genişləndirilməsidir".
Xatırladaq ki, ölk parlamenti bir müddət öncə internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi və digər məsələlərlə bağlı cəzaları dəqiqləşdirib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 388-1 maddəsi əlavə olunub. Həmin maddəyə əsasən, belə hal baş verdikdə fiziki, vəzifəli və hüquqi şəxslərin müxtəlif məbləğlərdə cərimələnəcək. Bu cərimələr eyni qaydada, internet informasiya ehtiyatında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə də tətbiq ediləcək. Bundan başqa, internet informasiya ehtiyatı "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı"na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə də cərimə tətbiq olunacaq. Bu maddə üzrə göstərilən əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq olunur. Bununla bağlı "Kütləvi informasiya vasitələri haqqında", "Telekommunikasiya haqqında", "Televiziya və radio yayımı haqqında" qanunlara da oxşar düzəlişlər edilməlidir.
Ekspertlər hesab edirlər ki, bu dəyişikliklər bu gün jurnalistika adına xələl gətirən "reket"lərin fəaliyyətinin aradan qaldırılmasına yönəlib. Belə ki, əvvəllər müxtəlif adlarla "reket" fəaliyyəti göstərən qəzetlər artıq yeni elektron informasiya portalları yaradaraq, insanları şantaj edirlər. Düzdür, yaranmış bu problemlə bağlı ciddi mübarizə aparılır, lakin hələ də "reket jurnalistika" deyilən anlayış tamamilə şüurlardan çıxmayıb. Bəs görəsən qanunvericiliyə edilən son dəyişikliklər "reket jurnalistika" ilə mübarizəyə necə təsir göstərəcək? "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, hər bir vətəndaş qəbul edilən qanunlara əməl etməyə borcludur: "Qadağan olunmuş informasiyaların yayılması ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər "reket mətbuat"la mübarizədə vacib amillərdən biridir. Qeyd edim ki, bu dəyişikliklər və əlavələr heç də jurnalistikanın məhdudlaşdırılması deyil, əksinə, bu peşə sahiblərinin öz sahələrini daha dərindən bilməsi üçün vacib şərtlərdəndir. Qadağan olunmuş məlumatların yayılması təkcə jurnalistika ilə bağlı olmaya bilər. Bu addımı jurnalistikadan kənar peşə sahiblərinin də atması mümkündür. Hesab edirəm ki, bu nöqteyi-nəzərdən qanunvericiliyə edilən dəyişikliklər və əlavələr günün tələbinə uyğundur. Belə addımlar təkcə Azərbaycanda deyil, dünyanın istənilən demokratik ölkələrində də atılır". V.Rəhimzadə qeyd edib ki, "reket mətbuat" jurnalistikaya zidd və eləcə də qanunlara riayət etməyən mətbuat orqanlarıdır: "Onlar jurnalistikanın peşə qaydalarına məhəl qoymurlar və ümumiyyətlə jurnalistikadan anlayışı olmayan insanlar "reket mətbuat"da yer alır. Təəssüflər olsun ki, onlar nəyi və necə yazmağı bilmirlər. Bunlar insanları təhqir, şantaj edir və şəxsi həyatını gündəmə gətirməkdən çəkinmirlər. Əgər mövcud qanunvericiliyə əməl etməyəcəklərsə, bunun da hüquqi mexanizmi var və cinayət məsuliyyətinə cəlb ediləcəklər". Modern.az İnformasiya Agentliyinin baş direktoru Elşad Eyvazlı bildirib ki, qadağan olunan informasiyanın yayılması ilə bağlı məsələ qanunvericiliyə yeni əlavə və dəyişikliklərlə sərtləşdirildi:"Bu da ondan ibarətdir ki, əgər hansısa məlumat qadağan olunursa və bu, qanunvericilikdə təsbitini tapıbsa, deməli burada cinayət məsuliyyəti yaradan vəziyyət yaranacaq. Bu məsələni geniş şəkildə ictimailəşdirməliyik ki, "reket jurnalistika" ilə məşğul olanlar gələcəkdə bu kimi addımları atmasınlar. Düşünürəm ki, bu, ciddi şəkildə effekt verəcək. Qeyd edim ki, Mətbuat Şurasının tərkibində "reket jurnalistika"ya qarşı mübarizə komissiyası yaradılıb və mən də onun üzvüyəm. Bu komissiyada hüquq-mühafizə orqanlarının nümayəndələrinin də yer alması artıq "reket jurnalistlər"in ciddi əndişəsinə səbəb olub. Hətta yanlış, qərəzli, böhtan xarakterli məlumatların monitorinqini apararkən görürük ki, burada azalma müşahidə edilir. Amma qanunvericiliyə edilən son dəyişikliklərdən sonra əminəm ki, belə mənfi tendensiyalı yazılar kifayət qədər azalacaq". Qeyd edək ki, Azərbaycanda demokratik proseslər inkişaf etdikcə söz və fikir azadlığı, mətbuata olan münasibət də müasirləşir. Etiraf edilməlidir ki, hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da kütləvi informasiya vasitələri, xüsusən sosial media inkişaf dövrünü yaşayır. Düzdür, bəzən sosial media KİV haqqında qanuna zidd olaraq müəyyən olunmuş sərhədləri aşır, ancaq fakt ondan ibarətdir ki, Azərbaycanda bu kimi məsələlərin həlli istiqamətində lazım olan bütün addımlar atılır. Hazırda Azərbaycanda mətbuatın inkişafını, söz və fikir, məlumat azadlığını təmin edən mükəmməl qanunvericilik bazası mövcuddur. Üstəlik milli qanunlarımız beynəlxalq standartlara uyğunlaşdırılıb, beynəlxalq sənədlər ratifikasıya edilib. Bununla kifayətlənməyən Azərbaycan hökuməti mətbuatın inkişafı məqsədilə xüsisu dövlət proqramlarını qəbul edib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31