“Ermənistan Rusiyadan bir addım uzaqlaşacaq”- politoloqdan KTMT açıqlaması- ÖZƏL
15:22 SiyasətErmənistan parlamentinin sədri Ruben Rubinyan bildirib ki, KTMT artıq ölkəsinin təhlükəsizliyini təmin edən amil deyil. Onun sözlərinə görə, yaranmış təhlükəsizlik boşluqları müdafiə və siyasi əməkdaşlığın şaxələndirilməsi, eləcə də Azərbaycanla sülhün təmin olunması yolu ilə aradan qaldırılmalıdır.
Ruben Rubinyanın KTMT-nin Ermənistanın təhlükəsizliyində artıq rol oynamadığı barədə açıqlamasını necə qiymətləndirirsiniz və bu, İrəvanın KTMT-dən faktiki uzaqlaşmasının göstəricisi sayıla bilərmi? Ermənistanın təhlükəsizlik siyasətini şaxələndirməsi və Azərbaycanla sülhü əsas təhlükəsizlik amili kimi göstərməsi regionda qüvvələr balansına və İrəvanın Rusiya ilə münasibətlərinə necə təsir edə bilər?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Ermənistanın Rusiya orbitindən uzaqlaşaraq Qərbə üz tutması bəzi geosiyasi məsələlərdə dəyişiklikləri labüdləşdirir. Azərbaycan ilə sülh müqaviləsi artıq İrəvanın KTMT-də qalmasına ehtiyac olmadığını ortaya qoyur. KTMT vaxtilə mövcud olmuş ATƏT-in MİNSK qrupunu xatırladır. Ermənistanın bu qurumda qalması heç Rusiya üçün də faydalı deyil. Ancaq bu qurumdan çıxmaq münasibətlərin pozulmasına səbəb olmaya bilər. Yeni tələblərə və mövcud reallığa uyğun formatda münasibətlərin nizama salınması mümkündür. Ancaq Ermənistanın Qərbin diqtəsi ilə vəziyyəti gərginləşdirməsi də mümkündür. Əvvəllər Rusiya təsirində olan bir dövlətin indi də Qərbin alətinə çevrilməsi mümkündür. Ermənistan heç zaman müstəqil siyasət yürütmək əzmində və həvəsində olmayıb. Ancaq indiki halda Qərbin də İrəvanı Rusiyaya qarşı təhrik etməsi o qədər real görünmür. KTMT-dən çıxmaqla təbiidir ki, Ermənistan Rusiyadan bir addım uzaqlaşacaq və bu da o deməkdir ki, Qərbə doğru bir addım da yaxınlaşmış olacaq. Qərbin də regionda öz maraqları olduğu üçün sülhün pozulmasında maraqlı deyil. Sadəcə Rusiya ilə rəqabətdə öz üstünlüyünü qorumaq istəyir. Azərbaycanla sülh təbii ki, bir sıra mənfi və mənfur planları pozur. Bu da həmin planları quranları narahat edir. Lakin reallıqdan qaçmaq mümkün deyil. Azərbaycanın yaratdığı bu günkü reallıq Ermənistanla sülhü labüdləşdirir və regional təhlükəsizliyin təmin olunmasına rəvac verir".
Zeynəb Mustafazadə