“Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsi ikinci oxunuşda qəbul olundu

Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun lahihəsi barədə məlumat verən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, sənəd Azərbaycan Respublikasının Konstitusiyası, Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinaya uyğun hazırlanıb. Qanun layihəsi Azərbaycanın dövlət maraqlarına cavab verir.

Oqtay Əsədov: "Milli Məclis hərbi məsələlərdə özünü məsuliyyətli sayır"

Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun lahihəsi barədə məlumat verən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, sənəd Azərbaycan Respublikasının Konstitusiyası, Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinaya uyğun hazırlanıb. Qanun layihəsi Azərbaycanın dövlət maraqlarına cavab verir. Layihənin müzakirədi zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, peşəkar səviyyədə fəaliyyət göstərən medianın, jurnalistlərin Silahlı Qüvvələr haqqında məlumatlar yazmasına məhdudiyyətlər qoyulması yanlış addımdır. Millət vəkili qeyd edib ki, ordudakı problemlərdən yazmadıqca o problem daha da artacaq: "Əlbəttə, hərbi sirr qorunmalıdır və onsuz da qorunur. Amma peşəkar fəaliyyət göstərən jurnalistlərə ordudan yazmağı qadağan etmək, məhdudlaşdırmaq düzgün deyil". Millət vəkili Azay Quliyev bildirib ki, sənəddə silahlı qüvvələrə ictimai nəzarət məsələsi nəzərə alınmalıdır: "Suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişilməzliyi beynəlxalq prinsipdir. Helsinki Yekun Aktında da bu prinsiplər qeyd edilib. Hesab edirəm ki, "Silahlı Qüvvələr haqqında" qanun layihəsinin 1.0.2-ci bəndində də beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişilməzliyi qeyd edilməlidir". Deputat bildirib ki, qanun layihəsində Silahlı Qüvvələrdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilməsi normal bir müddəadır: "Təbii ki, Silahlı Qüvvələrdə bu tipli qurumlar yaradıla bilməz. Hətta bununla bağlı əvvəlki qanunda da xüsusi bir müdəa vardı. Bu, dünya praktikasına uyğundur. Burada hər hansı bir QHT-nin və yaxud siyasi partiyanın fəaliyyətini məhdudlaşdırmır. Bu, bir norma və prinsipdir. Ancaq biz burada ictimai nəzarətlə bağlı məsələyə xüsusi diqqətlə yanaşmalıyıq. Biz Silahlı Qüvvələrin bir çox növünə ictimai nəzarəti praktiki olaraq həyata keçiririk. Ədliyyə Nazirliyində İctimai Şura var. Başqa qurumlarda da artıq bu proses gedir. Yaxşı olardı ki, qadağan olunmuş materiallara məhdudiyyət tətbiq olunmaqla ictimai nəzarət tətbiq olunmalıdır. Bu, işin xeyrinə olar".
Qanunun yüksək səviyyədə hazırlandığının diqqətə çatdıran millət vəkili Siyavuş Novruzov qeyd edib ki, Silahlı Qüvvələr haqqında danışarkən xarici təcrübəyə əsaslanmalı, dünyada baş verənləri və ölkəmizin indiki vəziyyətini nəzərə almalıyıq. Biz elə bir qanun qəbul etməliyik ki, bu qanun hazırkı standartlara cavab versin. Təbii ki, heç bir qanun Quran ayəsi deyil. Müəyyən vaxtdan sonra ona dəyişiklik etmək mümkündür: "Bəzən hərbi xidmətə getməyən deputatlar burda hərbi xidmətdən danışırlar. Orduya, Silahlı Qüvvələrə nəzarət Ali Baş Komandan tərəfindən həyata keçirilir. Hər hansı bir nöqsan baş verdikdə Ali Baş Komandan tərəfindən struktur dəyişikliyi və ya digər məsələlər həyata keçirilir. Belə olan halda, orduya nəzarətin hər hansı QHT tərəfindən edilməsi təklifini irəli sürmək düzgün deyil". S.Novruzov qeyd edib ki, bəzən hərbi xidmətə getməyənlər hərbi xidmətdən danışırlar: "Lakin bu, nəzəriyyə deyil, praktikadır. Bəzən ABŞ-la özümüzü müqayisə edirik. Lakin orada sistem tamamilə fərqlidir. Ali Baş Komandanın tapşırığı budur ki, əsgər yemək bişirməməli, döşəmə yumamalı, döyüşə hazır olmalı, taktikanı öyrənməlidir. Bunun üçün digər işlərə başqa şəxslər cəlb olunur. XXI əsr tamamilə fərqlidir. Silah növləri tamamilə dəyişilir. Orta məktəbi bitirən şəxsi yeni silahların idarə edilməsinə cəlb etmək mümkün deyil. Bunun üçün mütəxəssislər orduya müqavilə əsasında cəlb olunur. Lakin elə ölkələr var ki, orada əsgərlər də müqavilə əsasında xidmət edir. Belə olan halda, onlara nəzarət edilə bilər. Çünki ordu həmin şəxslər üçün iş yeridir, qulluq yeri deyil. Onların reabilitasiyası və digər məsələlər üçün QHT-lər lazımdır. Lakin həqiqi hərbi xidmətə çağırılan şəxslərə ictimai nəzarət lazım deyil. Ümumiyyətlə, ordu cəmiyyətdən qapalı olmalıdır ki, öz işinin öhdəsindən gələ bilsin".
Millət vəkili müdafiə nazirinin mülki şəxsdən olması ilə bağlı səslənən fikirlərə də münasibətini bildirib. Onun sözlərinə görə, müharibə şəraitində olan bir ölkənin müdafiə naziri peşəkar hərbçi olmalıdır: "Bir dəfə riyaziyyatçını müdafiə naziri qoydular, nə baş verdiyini, ölkənin başına nə oyun açdığını gördük. Bu baxımdan düşünürəm ki, ordunun başında peşəkar hərbçi dayanmalıdır. Çünki ölkəmiz müharibə şəraitindədir. Bəzi ölkələrdə müdafiə nazirinin mülki şəxs olması bizdə də belə fikirlərin yaranmasına səbəb olub. Lakin müharibə şəraitində olan ölkənin qanununda belə müddəalara yol vermək mümkün deyil. Ordu sirləri qapalı olmalıdır. Mətbuat ordunun özünün yaydığı məlumatdan kənar məlumatları yaymamalıdır".
Millət vəkillərinin qaldırdıqları məsələlərə aydınlıq gətirən müdafiə nazirinin şəxsi heyətlə iş üzrə müavini, general Kərim Vəliyev deyib ki, ordu ilə bağlı məsələlər barədə çıxış edərkən bir qədər həssas olmalıyıq: "Öncə qeyd etməliyəm ki, biz müharibə şəraitindəyik. Hər bir neqativ hal düşmən tərəfindən bizə qarşı istifadə olunur. Ötən dəfə millət vəkili Qüdrət Həsənquliyev Tərtərdəki hərbi hissə ilə bağlı səsləndirdiyi fikirdən sonra mən ona zəng elədim. O, da bildirdi ki, bu haqda kimdənsə eşidib". Orduya ictimai nəzarət haqqında danışan general deyib ki, onsuz da tez-tez hərbi hissələrdə komitələrin, deputatların, müxtəlif təşkilatların görüşü təşkil olunur: "Hərbi hissələrdə keçirilən görüşlərdə iştirak edənlər real vəziyyəti görürlər. 50-ə yaxın media nümayəndəsi Müdafiə Nazirliyində qeydiyyatdan keçib və onlar müraciət etdikləri zaman reportajlar hazırlamaq üçün hərbi hissələrə və ön cəbhəyə buraxılırlar. Təbii ki, bu zaman məxfilik də nəzərə alınır. Eyni zamanda Ombudsman İnstitutu da bu prosesdə iştirak edir". Spiker Oqtay Əsədov isə qeyd edib ki, Milli Məclis hərbi məsələlərdə özünü məsuliyyətli sayır: "Qüdrət Həsənquliyevin çıxışı konteksdən çıxarılaraq, bəzi saytlarda təqdim edilib. Onu yazan jurnalistlərinin neçəsinin Müdafiə Nazirliyində qeydiyyatdan keçdiyini araşdırmaq lazımdır. Bu xəbərləri bəzi bəlli saytlar yayır və onların da mövqeyi məlumdur. Milli Məclis Silahlı Qüvvələrin gücləndirilməsi üçün əlindən gələn dəstəyi göstərməyə hazırdır".
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov əlavə edib ki, mətbuatın ordudan yazmasına Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsi ilə lazımı şərait yaradılır və bundan artığını etmək düzgün deyil. O, ABŞ-ın İraqdakı əməliyyatları zamanı yaranmış vəziyyəti nümunə gətirib:"ABŞ-ın İraqda müharibə zamanı etdiyi kimi, biz də deyək ki, ümumiyyətlə, ordudan yazmaq lazım deyil? Belə edək istəyirsiniz? Gedin, işinizlə məşğul olun, biz müharibə aprırıq!". Vitse-spiker zaldakı jurnalistlərə üzünü tutaraq deyib: "Eşitdiniz, hörmətli jurnalistlər? Nə var, onu yazın!" Z. Əsgərov əlavə edib ki, Azərbaycan ordusu dünyanın ən demokratik ordularındandır: "Silahlı Qüvvələri haqqında" qanun layihəsində ordunun siyasi proseslərə müdaxilə imkanlarının olacağını əks etdirən müddəa barədə fikirlər də düz deyil. Silahlı Qüvvələr təkcə ordudan ibarət deyil, ordunun daxili siyasətə aidiyyəti yoxdur. Daxildəki hansısa məsələlərlə Daxili Qoşunlar məşğul olacaq, ordu yox".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31