Tarix İnstitutu beynəlxalq əlaqələrini daha da inkişaf etdirir
“Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın dəvətinə əsasən, institutun şöbə müdiri İlqar Niftəliyevlə birlikdə görkəmli Avstriya tarixçisi Erix Fayqlın (1931-2007) bolqarcaya tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatında iştirak etdik”.
24 Noyabr 2017 11:01 Sosial"Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın dəvətinə əsasən, institutun şöbə müdiri İlqar Niftəliyevlə birlikdə görkəmli Avstriya tarixçisi Erix Fayqlın (1931-2007) bolqarcaya tərcümə edilmiş "İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi" kitabının təqdimatında iştirak etdik".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu institut direktoru, akademik Yaqub Mahmudov Bolqarıstan səfərindən danışarkən bildirib.
Yaqub Mahmudov deyib: "10 ilə yaxındır ki, "İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi" kitabı Azərbaycan tarixini dünyaya olduğu kimi, təhrifsiz çatdırır. Bu kitab Avropada Azərbaycan tarixini obyektiv əks etdirən ilk fundamental əsərdir. Kitabın əsas bölmələrindən biri Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. Dövlət Təhlükəsizliyi Xidməti, Tarix İnstitutu və AZƏRTAC-ın birgə layihəsi əsasında işıq üzü görən kitabı bolqarcaya Bolqarıstanın Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqının üzvü, ehtiyatda olan polkovnik Todor Enev tərcümə edib".
Bundan əlavə, tarixçi alimlər İradə Məmmədova və Arzu Məmmədova Türkiyənin Ankara şəhərində keçirilmiş "Türk Dili Danışan Ölkələr Qurultayı"nda iştirak ediblər. İ.Məmmədova "Azərbaycan və rus dillərindən türk dilinə tərcümədə hərbi termin məsələsi və xarici adların türk dilində yazılışı problemləri" və A.Məmmədova "Sovetlər Birliyində dil siyasəti və onun Türk dilinin mövqeyinə və inkişafına təsiri (Azərbaycan nümunəsində)" mövzusunda məruzələrlə çıxış ediblər. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Türk Dil Qurumu və Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş qurultayda 50-ə yaxın ölkədən 320 alim iştirak edib.