Nazir müavini: “Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 7 faiz artacaq”
“Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün gəlirləri 3 milyard 578,8 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin proqnoz göstəricisindən 178,8 milyon manat və ya 5,3 faiz çoxdur”.
23 Noyabr 2017 14:03 Sosial"Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün gəlirləri 3 milyard 578,8 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin proqnoz göstəricisindən 178,8 milyon manat və ya 5,3 faiz çoxdur"."Olaylar"in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə büdcə zərfinə daxil olan layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üzrə büdcəsi haqqında məlumat verərkən deyib. Nazir müavini bildirib ki, Fondun gəlirləri məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, sair gəlirlər və Fondun büdcəsinin balanslaşdırılması üçün dövlətin pensiya öhdəliklərinin bir hissəsinin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsindən verilən vəsaitlərin məcmusundan ibarətdir.İ.İsayev əlavə edib ki, gəlirlərin 63,5%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların hesabına təmin ediləcəyi proqnozlaşdırılır ki, bunun da məbləği 2 mlrd. 273,3 mln. manat olmaqla 2017-ci ilin proqnozu ilə müqayisədə 7% və ya 148,3 mln. manat çoxdur."2018-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozunun 62 faizi və ya 1,4 milyard manatı qeyri-büdcə təşkilatlarının payına düşür ki, bu da cari ildə proqnozlaşdırılan daxilolmalardan 108,3 milyon manat və ya 8,3 faiz yuxarıdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 60 milyon manat və ya cari ilin proqnoz göstəricisindən 5,6 milyon manat çoxdur", - deyə nazir müavini vurğulayıb.