DİM notariat işində çalışmaq istəyənlər üçün imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birgə 2017-ci il noyabrın 25-də notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən verilən məlumatda deyilib.
23 Noyabr 2017 13:34 SosialDövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birgə 2017-ci il noyabrın 25-də notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən verilən məlumatda deyilib. Bildirilib ki, imtahan saat 11:00-da başlayır və DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (əvvəlki Bakı Asiya Universiteti) xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada aparılacaq. Namizədlər "imtahana buraxılış vərəqəsi"ni (bildiriş) 23-24 noyabr tarixlərində saat 9:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin inzibati binasından (Bakı şəhəri, Azadlıq prospekti, 72) götürməlidirlər. İmtahanda iştirak etmək üçün 93 namizəd qeydiyyatdan keçib. İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Onlardan 80 sual qanunvericilik sahəsi üzrə, 20 sual isə məntiqi nəticə çıxarma bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur. Qanunvericilik üzrə suallar Ədliyyə Nazirliyi, digər suallar isə DİM tərəfindən hazırlanır.