Rüşvət nə zaman halal hesab olunur?
Azərbaycanda korrupsiyaya qarşı effektli mübarizə tədbirləri həyata keçirilir.Təkcə inzibati qaydada deyil, eləcə də siyasi və iqtisadi islahatların böyük əksəriyyəti rüşvətxorluq və korrupsiya qarşı mübarizə məqsədi daşıyır. Statistik məlumatlara görə, rüşvət vermə cinayətləri rüşvət alma cinayətlərini üstələyir. Maraqlıdır, bəs, rüşvətvermə hallarını yaradan səbələr hansılarsır, hansı hallarda rüşvət haram hesab olunmur? “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, son illər bu sahədə şəffaflığın artırılması üçün cəzalar sərtləşdirilir: “Rüşvət alma maddəsinə görə daha ağır cəzalar nəzərdə tutulub.
21 Noyabr 2017 14:45 SosialRüşvət verən hansı halda cəzadan azad olur?
Azərbaycanda korrupsiyaya qarşı effektli mübarizə tədbirləri həyata keçirilir.Təkcə inzibati qaydada deyil, eləcə də siyasi və iqtisadi islahatların böyük əksəriyyəti rüşvətxorluq və korrupsiya qarşı mübarizə məqsədi daşıyır. Statistik məlumatlara görə, rüşvət vermə cinayətləri rüşvət alma cinayətlərini üstələyir. Maraqlıdır, bəs, rüşvətvermə hallarını yaradan səbələr hansılarsır, hansı hallarda rüşvət haram hesab olunmur? "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, son illər bu sahədə şəffaflığın artırılması üçün cəzalar sərtləşdirilir: "Rüşvət alma maddəsinə görə daha ağır cəzalar nəzərdə tutulub. Eyni zamanda Cinayət Məcəlləsinin 312-ci maddəsinə görə rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir. Bu vətəndaşın iradəsindən asılı olmayan hal kimi qiymətləndirilir. Ona görə də vətəndaş cinayət məsuliyyətindən azad edilir. Nəyə görə vəzifəli şəxsin rüşvət alması daha ağır cəzaya məruz qalır? Çünki vəzifəli şəxs dövlət adından müəyyən funksiyaları həyata keçirir. Şəxs rüşvət alma zamanı yalnız özünü deyil, eyni zamanda bütövlükdə ictimai münasibətlər, dövlət orqanlarının fəaliyyətini nizamlayan ictimai münasibətlərə, yaxud publik hüquqi şəxsin fəaliyyətini nizamlayan münasibətlərə təsir edir. Ona görə də vəzifəli şəxsin rüşvət alması zamanı təkcə o şəxsə yox, təmsil etdiyi dövlət orqanına da münasibət dəyişir, inamasızlıq və etimadsızlıq yaradır. Bu baxımdan vəzifəli şəxs ona verilən resurslardan sui-istifadə edərək imtiyazlar tələb edirsə, qanunvericiliyə görə ona ağır cəza verilir. Biri var rüşvət alıb qanuni hərəkətlər edir, biri var rüşvət alıb qanunsuz hərəkət edir. Biri də var rüşvət alma zamanı bir deyil, bir neçə nəfər, həmçinin, vasitəçilər iştirak edir. Eyni zamanda hal bir neçə dəfə təkrarlanırsa, hədə-qorxu yoluna əl atılırsa, bunlar ağırlaşdırıcı hal hesab edilir. Qeyd etmək istəyirəm ki, son illər aktiv rüşvətxorluğa görə cəzalar artırılıb və sərtləşdirilib. Bütün bunlara baxmayaraq rüşvət alma və rüşvət vermə tələb-təklif məsələsidir. Rüşvət verənlərin, rüşvət vermək arzusunda olanların sayı heç də az deyil. Buna görə də qanunvericilik hər iki hal üçün cəza nəzərdə tutub. Qanunvericilik sadəcə icra etdiyi vəzifə funksiyalarından asılı olaraq baş verən ictimai münasibətlərə olan təhlükənin ağırlıq dərəcəsindən asılı olaraq vəzifəli şəxsi adi şəxsdən fərqləndirir. Dünyanın bütün ölkələrində hər iki hala yanaşma təxminən eynidir. Nəzərə alaq ki, rüşvət verən olmasa, rüşvət alan da olmaz. Bəzi hallarda işimizin tez bir zamanda həlli, övladlarımız, yaxınlarımız üçün əlavə imtiyazların verilməsi üçün bu yollara əl atırıq. Düşünürəm ki, korrupsiya cinayətlərinin baş verməsi üçün şəraitin yaradılmasına imkan verilməməlidir. Əvvəllər rüşvət verənlərin cinayət məsuliyyətinə cəlb edilməsi tək-tük hallarda baş verirdisə, indi bu hal çoxalıb".
Vəkil Rövşən Qasımov bildirib ki, Allah Təala Qurani-Kərimdə müsəlmanları xəbərdar edir ki, bir-birinin malını nahaq yerə yeməsinlər. Bir-birinin hüququna təcavüz etməsinlər. Ticarətin müxtəlif yolları ilə qazanclarını əldə etməyə çalışsınlar. Həmçinin onları xəbərdarlıq edir ki, haram yollardan gəlir əldə etməsinlər. Sələm, oğurluq, xəyanət kimi. "Ey iman gətirənlər, qarşılıqlı razılıq əsasında olan ticarət istisna olmaqla, öz aranızda bir-birinizin mallarını haqsız yerə (şəriət və qanuna zidd yollarla) yeməyin. İntihar etməyin, bir-birinizi öldürməyin və özünüzü günah təhlükəsinə atmayın. Həqiqətən Allah sizə qarşı həmişə mehribandır".
"Çox qədim zamanlardan bəşərin bəlası olan rüşvətxorluq, bu gün də davam etməkdədir. Bu ictimai xəstəlik sayəsində ədaləti bərqərar etmək mümkün olmur. Bir ölkədə tərtib edilən qaydalar, adətən zəif təbəqəni nəzərə alaraq tərtib edilməlidir. Ancaq çox təəsssüf ki, çox zaman güclü təbəqənin işinə yarayır. Belə ki, qüdrət sahibləri həmişə pul və sərvətin sayəsində istədikləri hər şeyə malik ola bilmişdilər. Bu yolla yoxsul təbəqəyə hakimiyyət etmiş və dövlət qanunlarını da özlərinə uyğun tərtib etmişdilər. Halbuki, qanun zəiflərin hüququnu müdafiə etməlidir.Təbiidir ki, əgər rüşvət qapısı açılarsa, qanunlar düzgün nəticə verməyəcəkdir. Çünki bu sərvət sahibləridir ki, həmin rüşvəti verə bilərlər. Nəticədə ölkə qanunları onların əlində olan bir oyuncağa çevrilər. Onlar zəiflərə zülm etməyə davam edəcəklər. İslam dini rüşvətxorluğu şiddətlə məzəmmət və tənqid etmişdir. Rüşvət böyük (kəbirə) günahlardan hesab edilir. Həzrət Peyğəmbərin (s) zamanında Həzrətə (s) xəbər verirlər ki, əmirlərindən biri rüşvəti hədiyyə adı ilə alır. Peyğəmbərimiz (s) təəccüblənir və ona buyurur: "Sənin haqqın olmayan şeyi necə ala bilirsən?". Deyir: Ya Rəsulallah (s), bu, hədiyyədir". Həzrət (s) buyurur: "Əgər sən evində əyləşsəydin və əmirlik öhdəndə olmasaydı, insanlar sənə hədiyyə gətirərdilərmi?". Bu, hədiyyə deyildir. Rüşvətdir ki, adını hədiyyə qoymusunuz. Bu gün cəmiyyətdə çox təəssüf ki, rüşvətxorluq artmış və bir çox insanların hüququ bunun sayəsində tapdalanmaqdadır. Peyğəmbərimiz (s) əmr edir ki, bu hədiyyələri götürsünlər və müsəlmanların beytul-malına qoysunlar. Bu əmiri də işindən azad edir. İmam Sadiq (ə) buyurur: "Haram malın çox sayda növləri vardır. Ancaq rüşvət almaq - Allaha küfr hesab edilir". Həzrət Peyğəmbər (s) buyurur: "Rüşvətdən çəkinin, çünki rüşvət xalis küfrdür. O kəs ki, rüşvət alır, behiştin iyini hiss etməz". Onun sözlərinə görə, Allah rüşvət verəni və rüşvət alanı lənət etmişdir. Həm rüşvəti verən və həm də alan günah işlətmiş olar. Ancaq o yerdə ki, insanın haqqı zay olar, öz haqqına çatmaq üçün rüşvət verməkdən başqa bir yolu yoxdursa, belə olan halda rüşvət vermək haram deyildir. Ancaq rüşvəti alan üçün haramdır. İmam Əli (ə) buyurur: "Hər hakim insanların ehtiyacı qarşısında özünü gizlədərsə, Allah Qiyamət günü ondan və ehtiyaclarından gizlənəcəkdir. Əgər hədiyyə alarsa - xain və əgər rüşvət alırsa, müşrikdir". Nəql edilir ki, Hişam ibni Əbdülməlik vacibatını yerinə yetirmək üçün Məkkəyə gəlir. Orada deyir: "Peyğəmbərin (s) səhabələrindən birini mənim yanıma gətirin". Dedilər: "Onlardan heç kim qalmamışdır". Deyir: "Onda həmin səhabələrlə kim görüşübsə, onu çağırın". Onlar Tavus Yəmənini gətirirlər. O, gələn zaman xalçanın üstündə ayaqqabılarını çıxardır və Əmirəl-möminin demədən, salam verir. Hişam o qədər əsəbləşir ki, onu öldürməyi qərara alır. Ona deyirlər: "Sən Allahın və Peyğəmbərin (s) hərəmindəsən. Bu işi görə bilməzsən". Üzünü Tavusa çevirib deyir: "Nə səbəb oldu ki, mənimlə belə rəftar edirsən?" Tavus dedi: "Məgər nə etmişəm ki?" Hişamın qəzəbi daha çox artır. Deyir: "Nə etmək istəyirdin ki? Ayaqqabını xalçamın üstündə çıxartdın və əlimi öpmədin. Mənə nə Əmirəl-möminin deyib salam verdin və nə də küniyəmlə çağırdın. İcazə vermədən qarşımda əyləşdin. İndi deyirsən ki, Həmam! Halın necədir?". Tavus deyir: "Ayaqqabımı xalçanın üstündə çıxartmışamsa mən gündə beş dəfə Allah üçün bu işi görürəm. O, məni cəzalandırmır və nə də mənə qəzəblənmir. Ancaq sənin əlini niyə öpməmişəm, ona görədir ki, İmam Əlidən (ə) eşitmişəm ki, buyurub: "Rəva deyildir ki, kişi kiminsə əlini öpsün. Məgər həyat yoldaşının və ya övladının əlini". Ancaq ona görə sənə Əmirəl-möminin demədim ki, çünki insanlar sənin əmirliyindən razı deyildirlər. Ona görə də yalan demək istəmədim. Səni ona görə küniyənlə çağırmadım ki, Allah Övliyalarını öz adı ilə yada salardı. Buyurardı: "Ya Musa, Ya İsa. Ancaq düşmənlərini küniyəsi ilə yada salardı. Əbu Ləhəb kimi. Ancaq niyə qarşında icazəsiz əyləşdim ona görədir ki, İmam Əlidən (ə) eşitmişəm ki, buyurub: "Nə zaman atəş əhlinə nəzər salmaq istəsəniz, o kişiyə nəzər salın ki, əyləşib və başqaları ayaq üstədirlər". Hişam dedi: "Məni moizə et". Tavus dedi: "İmam Əlidən (ə) eşitmişəm ki, buyurub: "Həqiqətən cəhənnəmdə ilanlar vardır ki, dağ parçası və ərqəblər qatır kimidir. İnsanlarla ədalətlə rəftar etməyən əmirləri çalarlar". Sonra ayağa qalxıb getdi və gözdən itdi". Beləliklə, deyə bilərik ki, rüşvət ictimai bir bəladır və hər bir cəmiyyət bu xəstəliyə az və ya çox şəkildə tutulmuşdur. Bunun qarşısını almağın tək yolu mübarək dinimizin buyurduqlarına əməl etməkdir. Cəmiyyətin hər bir üzvü bilməlidir ki, rüşvət - böyük günahlardandır. Hər kim bu günahı edərsə, İlahi qəzəbə düçar olar.
Zəka