Dilçilik İnstitutu və Tərcümə Mərkəzi ayrı-ayrılıqda orfoqrafiya lüğətləri hazırlayacaq

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən “Azərbaycan dilinin orfoqrafiya lüğəti” hazırlanaraq çapa verilib. Bu barədə  Mərkəzin direktoru Afaq Məsud məlumat verib. O bildirib ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin bir ay müddətinə nəşri gözlənilir: “Biz Tərcümə Mərkəzi olaraq öz lüğətimizi hazırlayırıq. Dilçilik İnstitutu da öz kitabını hazırlasın. Burada hər hansı bir problem görmürəm”.

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən "Azərbaycan dilinin orfoqrafiya lüğəti" hazırlanaraq çapa verilib. Bu barədə  Mərkəzin direktoru Afaq Məsud məlumat verib. O bildirib ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin bir ay müddətinə nəşri gözlənilir: "Biz Tərcümə Mərkəzi olaraq öz lüğətimizi hazırlayırıq. Dilçilik İnstitutu da öz kitabını hazırlasın. Burada hər hansı bir problem görmürəm".

Orfoqrafiya lüğətinə yeni sözlərin əlavə edildiyini deyən A. Məsud kitabın tirajı, lüğətin hazırlanması prosesində Dilçilik İnstitutunun əməkdaşlarının iştirak edib-etməməsi barədə suala münasibət bildirməyib: "Kitab çap olunan zaman ictimaiyyətə geniş məlumat veriləcək". 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu isə  bildirib ki, noyabrın 1-də Akademiyanın Rəyasət Heyətinin iclasında "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin hazırlanması barədə qərarın qəbul edilməsi gözlənilir. O, Tərcümə Mərkəzi tərəfindən "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin hazırlanmasına da münasibətini açıqlayaraq qeyd edib ki, indiyə kimi orfoqrafiya lüğəti Dilçilik İnstitutu tərəfindən hazırlanıb: "Bu günə kimi orfoqrafiya lüğəti altı dəfə çap olunub. Altı dəfə çap edilən orfoqrafiya lüğətini kim hazırlayıb? Təbii ki, Dilçilik İnstitutu. Yeddinci dəfə də orfoqrafiya lüğətini Dilçilik İnstitutu hazırlamalıdır. Tərcümə Mərkəzində elə bir mütəxəssis yoxdur axı... Əgər onlar orfoqrafiya lüğəti çap etsələr, bu, bizim lüğətdən köçürmə sayılacaq və onların nəşri plagiat hesab olunacaq". M. Nağısoylu deyib ki, bir müddət əvvəl Tərcümə Mərkəzi Dilçilik İnstitutunun əməkdaşlarını orfoqrafiya lüğətinin hazırlanmasına cəlb etmək istəyib: "Tərcümə Mərkəzi Dilçilik İnstitutu ilə birgə orfoqrafiya lüğəti hazırlamaq niyyətində olub. Hətta bizim iki əməkdaşımız - Nəriman Seyidəliyev və Qulu Məhərrəmli Tərcümə Mərkəzində görüşdə olublar. Lakin sonradan onlarla əməkdaşlıq etməkdən imtina olunub".

Akademik Azərbaycan dilinin orfoqrafiya qaydalarının tərtibi prinsipinin hazırlanaraq AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə təqdim olunduğunu vurğulayıb. "Ədalət naminə deyim ki, orfoqrafiya lüğətini hazırlamağın məsuliyyəti də, elmi-tədqiqat baxımından borcu da Azərbaycan Milli Elmlər Akademiyasına aiddir. Akademiya digər qurumlarda hazırlanan orfoqrafiya lüğətlərinin məsuliyyətini üzərinə götürmür".  Bu sözləri isə bir müddət əvvəl APA-ya müsahibəsində AMEA-nın vitse-prezidenti, akademik İ. Həbibbəyli deyib.  Onun sözlərinə görə, Dilçilik İnstitutunda yeni orfoqrafiya lüğəti üçün müəyyən olunmuş işçi qrupu yeni konsepsiya və prinsipləri hazırlayır: "Biz işçi qaydasında bir dəfə bu məsələni müzakirə edib əlavə tapşırıqlar vermişik. Bu ilin ikinci yarısında orfoqrafiya lüğətinin konkret və praktik olaraq hazırlanmasına başlanılacaq. Bu iş tələsik aparılmamalıdır. Düşünürəm ki, orfoqrafiya qaydaları kimi məsuliyyətli işdə tələskənliyə yol vermək olmaz. Çünki bu lüğəti hazırlamaq üçün kifayət qədər sanballı, ixtisaslı mütəxəssislər olmalıdır. Akademiyada belə bir baza var və bu işlərlə indiyə qədər məşğul olub. Digər qurumların hazırlayacağı lüğətin yüksək səviyyədə olacağına əvvəlcədən tam inana bilmirəm. Bu işi görmək Akademiyanın borcudur. Orfoqrafiya lüğətini 1938-ci ildən bu günə qədər Akademiya hazırlayıb. Bu qədər mütəxəssislərin iş aparmasına baxmayaraq, lüğətdə nələrinsə çatmadığı, uyğun olmadığı barədə fikirlər səslənir. Necə ola bilir ki, bu qədər mütəxəssisləri olan kollektivin hazırladığı lüğətdə müəyyən qüsurlar axtara bilirik? Ümumiyyətlə, peşəkar olmayan bir qurumun lüğət hazırlamasını haqlı və düzgün hesab etmirəm. Mətbuatda oxumuşam ki, onlar tam sistemli orfoqrafiya lüğəti yox, işlək orfoqrafiya lüğəti hazırlayırlar. Yəni mətbuat üçün işlək olan sözlərin məqbul olan ortaq variantını hazırlayıb mətbuatın işinə kömək etmək istəyirlər. Bu, mənim düşündüyüm və normativ qaydada olan orfoqrafiya lüğəti deyil. Təkrar edirəm ki, fundamental lüğəti Azərbaycan Milli Elmlər Akademiyası hazırlamağa başlayıb".

Qeyd edək ki, hələ 2015-ci ildə Tərcümə Mərkəzində keçirilmiş iclasda "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin 6-cı nəşrinin Azərbaycan dilinə, leksik mədəniyyətə yad, çox vaxt yazılış qaydası, sanki qəsdli şəkildə təhrif olunan söz və ifadələrlə dolu olması barədə fikirlər səsləndirilib. Mərkəz dil və tərcümə sahəsinə nəzarətedici dövlət qurumu olaraq, indiki halda sonuncu nəşrdən istifadəni məqsədəuyğun saymadığını bəyan edib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31