Dini plüralizm və tolerantlığın qorunduğu ölkə
Azərbaycan hər bir demokratik dəyərlər, prinsiplər kimi plüralizmə də yüksək səviyyədə əməl edir, onu qoruyub saxlayır, inkişaf etdirir. İstər siyasi, istər dini, istərsə də mədəni və humanitar sahələrdə plüralizm Azərbaycanda özünü ən məqbul səviyyədə göstərir, təsdiq edir.
27 Oktyabr 2017 17:04 SosialAzərbaycan hər bir demokratik dəyərlər, prinsiplər kimi plüralizmə də yüksək səviyyədə əməl edir, onu qoruyub saxlayır, inkişaf etdirir. İstər siyasi, istər dini, istərsə də mədəni və humanitar sahələrdə plüralizm Azərbaycanda özünü ən məqbul səviyyədə göstərir, təsdiq edir. Bu gün siyasi sahədə olduğu kimi dini sahədə də Azərbaycanda ən yüksək səviyyədə dini plüralizm mövcuddur. Məhz bundan dolayıdır ki, Azərbaycan dini baxımdan dünyanın ən tolerant ölkələrindən biri kimi tanınır, qəbul edilir. Elə müstəqil araşdırmaçı Samir Zeynalov da bu qənaətdədir. O, bildirib ki, adətən inkişaf etmiş cəmiyyətlərdə elm, təhsil və din dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir: " Yəni dünyəvi baxışlarda dini dünyagörüş olduğu kimi, dini düşüncələrdə də elmi dünyagörüş çox vacibdir. Çünki dünyəviliyin ruşeymləri ilk dəfə bəsit, kortəbii dini düşüncələrin daxilində yaranaraq inkişaf edib. Yeni din qəbul edən xalq öz keçmiş inanclarının üstündən tamlıqla xətt çəkməyib. Əski inancları mümkün qədər yeni inanclarla uyğunlaşdırmağa, kəsişdirməyə çalışsalar da, uyğunsuzluqlar da olub. Tarixən mövcud olmuş dövlət və imperiyaların ideologiyasında din faktoru önəmli yer tutduğundan, həmin qüdrətli dövlətlərin inkişafında və zəifləməsində din amilinin xüsusi yeri olub. Çünki hər zaman hakim dini təlimdən ayrılaraq ona zidd olan müxtəlif dini qrup, icma və birliklər ölkədəki zülmdən və boşluqlardan istifadə edərək parçalanmalar gücündə olub. Yəni sosial etirazın dini forması kimi məhdudluğuna və başqa səbəblərə görə təriqətçilik tarixi inkişaf gedişində dəyişir, daxili ziddiyətlər aşkara çıxır, təriqətçilik "kilsələşir". Samir Zeynalov deyir ki, müxtəlif dinli eyni xalqların və eyni dinli müxtəlif xalqların bir ərazidə, eyni dövlət tərkibində yaşaması üçün yüksək tolerantlıq, dini və milli dözümlülük şaraiti mütləqdir: "Milli və dini tolerantlığın mövcud olmadığı cəmiyyətlərdə daim ekstremizmlər və seperatçılıqlar baş qaldırır. Ekstremizmin milli formasından daha qorxulusu və təhlükəlisi dini ekstremizdir. Çünki milli ekstremizm görünən sərhədlər daxilində olduğu halda, dini ekstremizm keçici təsirlərə yuvarlana bildiyindən sonsuza qədər gedə bilər. Cəmiyyətdə belə meyllərin yaranmaması üçün dövlət dini, milli və irqi müstəvidə özünün tolerantlıq qarantını nümayiş etdirməlidir. Tolerantlığın yüksək səviyyədə qorunması və inkişaf etdirilməsi üçün eyni dövlətdə yaşayan xalqların və onların ibadət etdikləri dinlərin, məzhəblərin kəsişən, uzlaşan adət-ənənələri önə çəkilərək, bu əlaqələr dözümlülük prinsipləri əsasında biri-birinə inteqrasiya etməlidir. Dövlətin sosial bazası olan xalq, həm də hakimiyyətin sağlam seçici elektoratı olduğundan milli və dini kontekstdə tolerantlıq mövcud olmasa, nəticədə narazı təbəqə kortəbii formada ölkədən kənar qüvvələrin təsirinə düşərək açıq və ya gizli formada öz ölkəsinə qarşı təşkilatlanacaq. Sabitliyi pozmağa meyilli həmin qüvvələr isə ən incə məqamlarda dövlətin onurğa sütunundan vuraraq dövlətçilik prinsiplərini, milli təhlükəsizliyi sarsıdırlar. Məlumdur ki, seperatçılığın ekstremizmə, dini etirazların sosial çaxnaşmaya səbəb olduğu bir dönəmdə qarışıq hadisələrin qarşısını almaq üçün ölkədə tolerantlığın, milli və dini dözümlü mühitin yaradılması həddən artıq çətin bir prosesdir. Bu cür bəlalı vəziyyətdən xalqı dəmir iradəli, güclü siyasətə və aşarı millət sevgisinə malik milli və siyasi lider qurtara bilər. Çox təəssüflər olsun ki, belə bir olaylar 1993-cü ildə Azərbaycan Respublikasında da yaşanmışdı. Məhz xalqı bu bəladan Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyev xilas etmişdi.Müasir Azərbaycanın hər bir sahəsində olduğu kimi, milli-mənəvi, milli-dini dəyərlərin yüksək formada qorunması, qarşılıqlı inteqrasiya etdirilməsi, xüsusən də tolerantlıq mədəniyyətinin formalaşdırılması birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır". Samir Zeynalovun sözlərinə görə, xüsusi olaraq qeyd edilməlidir ki, Heydər Əliyev üçün dövlət quruculuğu siyasətində hər bir etnik xalqın milli, dini kimlik xüsusiyyətləri, milli-mənəvi dəyərlər sistemi böyük önəm daşıdığından, o bu məsələlərin tənzimlənməsində daim qətiyyətlilik nümayiş etdirə bilmişdi: "Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir", - deyən Heydər Əliyev Azərbaycanda vətəndaş cəmiyyəti qarşısında bəşəriliklə millilik arasında yeni bir inkişaf problematikasının əsasını qoymuşdur. Bu problematikanın rüşeymləri Heydər Əliyevdən öncə mövcud olsa da, ulu öndər bu problematikaya sistemli forma verərək onu milli ideologiya müstəvisinə çıxarmışdır". Natiq deyir ki, ötən əsrin 60-cı illərində SSRİ üsul-idarəsi tərəfindən Azərbaycana qarşı milli-mənəvi dəyərlər kontekstində baş verən təzyiqlər, siyasi respressiyalar pik həddə yüksəldiyindən milli və dini təfəkkürü düşünən insanlar əl-qolunu açmamış "beşiyində"cə boğulurdu: "Yad millətlərdən olan insanlar bu işdə daha çox canfəşanlıq göstərirdilər". Samir Zeynalov bildirib ki, son 200 il ərzində Azərbaycan xalqının milli-mənəvi dəyərləri yad mədəniyyətlərin təzyiqləri altında deqradasiyaya məruz qalmışdı. Bu müddət ərzində milli dəyərlər dini-əxlaqi dəyərlərlə müqayisədə balans pozulmasına məruz qaldığından dini mənsubiyyət milli kimlik təfəkkürünü üstələmişdi: "Buna görə də cəmiyyətin dini yönümdə idarə edilməsini asanlaşdırmaq üçün 1823-ci ildə Zaqafqaziya şiələrinə başçılıq etmək üçün Tiflis şəhərində şeyxülislam vəzifəsi, 1832-ci ildə isə Zaqafqaziya sünnilərinin başçısı olan müfti vəzifəsi təsis edilmişdi. Lakin şeyxülislam və müfti vəzifələrinin təsis edilməsi şəffaf tolerantlıq mühitinin yaradilması demək deyildi. Çünki xalqın vahid milli şüur ətrafında təşkilatlanması zəif gedtdiyindən dini mərkəzələrin xüsusən də şəriət institutlarının müxtəlif fətfaları əhəmiyyətli gücə malik idi. Əksər hallarda isə verilən fətfaların yad dini ideologiyalara bağlılığı milli mücadilənin məzmununu dini müstəviyə gətirərək milli təfəkkürün formalaşmasına əlavə əngəllər yaradırdı. Sonralar müftü vəzifəsi ləğv olunduğundan Şeyxülislamlıq institutları sırf şəriət modeli üzrə təşəkkül tapdığına görə yəni sırf Mədrəsə İslamına əsaslandığından, Sufi yönümlü olan təriqətləri əhatə edə bilməyib. Nəticədə xalqın bir hissəsi avtomatik olaraq dini institutların təsir gücündən kənarda qalmalıydı. Milli təfəkkürün formalaşması zamanı həmin şəriət modelli dini institutlar artıq xalq modelinə əsaslanan təriqətləri öz içinə almadığına görə onların daha asan anladığı Milli Təfəkkürdən aralı düşdülər. Bu cür tarixi reallıqları dərindən bilən ulu öndər dərk etmişdir ki, milli-mənəvi və dini-əxlaqi dəyərlər vəhdət halında olmasa xalqın, kütlənin inkişafı qeyri-mümkündür.
Əhalisinin böyük əksəriyyəti müsəlman olan (90%) Azərbaycan xalqı 20-ci əsrdə iki dəfə dövlət müstəqilliyi əldə etmək xoşbəxtliyinə nail olmuşdu. 1918-ci ildə, birinci müstəqillik dönəmində əhalinin böyük qismi dinə bağlı olsa da, 93% əhali yazıb-oxumağı bacarmadığından, yad təsirlər altında öz milli kimliyini dini mənsubiyyəti ilə qarışıq salırdı. Xalq kütləsinin böyük hissəsi Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov və digər milli ideoloqların dövrün hansı çətinliklərində dövlət qurmalarının fərqinə vara bilmədilər. Buna görə də digər bəlli səbəblərlə yanaşı, cəmi 23 ay ömür sürmüş Azərbaycan Demokratik Cümhuriyyətinin süqutunda kütlənin milli-mənəvi dəyərlərinin zəifliyi faktoru da önəmli səbəb kimi göstərilir. Azərbaycanın Rusiyaya ilhaq edilməsindən keçən 70 il ərzində SSRİ adlı məkanda kommunist ideologiyasına uyğun olaraq "ateistlər ordusu" yetişdirildi. Dini ibadətlər qadağan olundu, məscidlər, ibadət məkanları məhv edilib dağıdıldı. Nəhayət 1991-ci il müstəqilliyi qazanılan zaman əhalinin dini və dünyəvi savadlılıq fərqi 1918-ci illə müqayisədə əksinə dəyişmişdir. Yəni əsrin əvvəlində savadsız olan xalqın indi 98%-i savadlı, əsrin əvvəlində dini inanclı xalqın indi böyük əksəriyyətinin dini bilgiləri çox zəif və pərakəndə idi. Milli-mənəvi, ictimai-sosial müstəvidə kifayət qədər boşluqlar olduğundan Azərbaycanda qeyri-ənənəvi sektaların təbliğatı və yayılması çox asan olurdu. Qeyri-islami dini təbliğatlar fərqli maraqlar fonunda təbliğ edilərək Azərbaycan ərazisində ziddiyətli dini təfəkkür formalaşdırmaqda idi. Ölkənin müharibə şəraitində olması, əhalinin iqtisadi cəhətdən zəif və sabaha ümidsiz durumda yaşaması bu proseslər üçün daha geniş perspektivlər açırdı".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir