Qohum nikahlar irsi xəstəliklər törədir

Elmi araşdırmaların nəticələrinə görə, yaxın qohumlar arasında bağlanan nikahlar nəticəsində uşağın xəstə doğulması riski daha da artır. Südut olunub ki, nikaha daxil olmuş qan qohumlarının genetik xəstəliklərə yol açma riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir.

Belə xəstəliklə doğulan uşaqların sayı ilbəil artır

Elmi araşdırmaların nəticələrinə görə, yaxın qohumlar arasında bağlanan nikahlar nəticəsində uşağın xəstə doğulması riski daha da artır. Südut olunub ki, nikaha daxil olmuş qan qohumlarının genetik xəstəliklərə yol açma riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir. Məlumat üçün qeyd edək ki, qohumlar arası evlilik ata soyundan gəldiyi kimi ana soyundan da gələ bilir. Hər ikisi eyni dərəcədə önəmlidir. Əmi uşaqlarının evliliyi 1-ci dərəcəli qohum evliliyi sayılır. Nəvə evliliklər isə 2-ci dərəcəli evliliklərdir. Məlumdur ki, bu cür ailələr adətən ailəyə aid var-dövlətin dağılmaması, ailə böyükləri arasındakı bağları qorumaq, qohumların evlilik və sosial-iqtisadi baxışlarının eyni olması səbəblərindən qurulur. Bəzən valideynlər belə evliliyin qurulması üçün övladlarına təzyiq göstərirlər. Nəzərə alınmır ki, qohum nikahların törətdiyi fəsadlar müxtəlif xəstəliklərə düçar olmaqla yanaşı, sosial problemlər də meydana çıxır. Mütəxəssislər bildirirlər ki, əgər yad insanların evliliyi zamanı onların uşaqlarının qüsurlu olması risqi 2-4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4-8 faizdir. Yəni, bu risq 2 dəfə artır. Ona görə də qohum evliliyə qərar verən cütlüklər evlilik öncəsi və hamiləliliyin ilk aylarında genetik araşdırmalar üçün mütəxəssislərə müraciət etməlidirlər. Həmin insanlara ilk öncə "soy ağacı" qurulur. "Soy ağacında" ailədə hər hansı bir anormallıq, əqli cəhətdən qüsur və ölü doğuşların olub-olmadığı dəqiqləşdirilir. Əgər belə xəstəliklər rast gəlinibsə, deməli, risq artır.
 Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 12 faizini qüsurlular təşkil edir. Bu əngəlli insanların əksəriyyətinin ana-ataları qohumdur. Konkretləşdirsək, dünyadakı qüsurluların 40,5 faizinin ata-anaları qohumdurlar. Qüsurluların 22 faizi fiziki, 44 faizi zehni probelmlərdən əziyyət çəkir. Türkiyədə belələrinin sayı 7 milyona qədərdir. Dünyada qohum nikahların sayına gəlincə, Qərb ölkələrində qohum evliliklərə az rast gəlinir. Məsələn, İngiltərədə əhalinin 0.56 faizi, Hollandiyada 0.36 faizi, İsveçdə 0.90 faizi, Hindistanda 20 faizi, Yamaykada 44.44 faizi, Küveytdə 54.3 faizi qohumlarla evlidir. Almaniyada yəhudilərin 35.80 faiz, ABŞ-ın bəzi bölgələrində 56.60 faiz əmi uşağı, dayı uşağı, öz dilləri ilə desək, kuzenləri ilə evlidir. Lakin ABŞ-ın 50 ştatından 24-də əmi, dayı, xala, bibi uşaqlarıyla, yəni 1-ci dərəcəli qohumlarla ailə qurmaq qadağandır. 6 ştatda evlənmək istəyən qohumların qarşısına bəzi şərtlər qoyulub. Məsələn, Arizondakı qaydalara görə, yaşın 65-i keçibsə və ikinizdən biriniz sonsuzsunuzsa, onda evlənə bilərsiniz. Ona görə də amerikalılar əvvəldən heç bir beşiyin başında bizdəki kimi "göbəkkəsdi" etmirlər. Respublikamızda isə qeydə alınan nikahların 56 faizi qohumlar arasındadır. Qohumlar arasında nikahlar daha çox Şəki, Masallı və Bakıda yayılıb. BMT-inin Əhali Fondu Reproduktiv Sağlamlıq üzrə Milli Ofisinin məlumatına görə, həmin bölgələrdə irsi xəstəliklərin yayılma tempi 15 faiz təşkil edir. Bunlar arasnıda ən çox yayılanı talassemiyadır. Müəyyən olunub ki, Azərbaycanda 10-dan çox irsi xəstəlik mövcuddur. Bu xəstəliklərlə doğulan uşaqların sayı isə ilbəil artır. Azərbaycan Hemotoloqlar və Transfizioloqlar Cəmiyyətinin məlumatına görə, Azərbaycanda hər 12 nəfərdən 1-i talassemiya xəstəsidir. Bu xəstəliyin daşıyıcıları arasında evlənmə ehimalı da çox yüksəkdir. Onların isə dünyaya xəstə uşaq gətirmə ehtimalı 25 faizdir. Uşaqların ana bətnində ölməsi, hamiləliyin erkən bitməsi, ölü doğulma, ürək qüsuru, uşaqların aşağı çəki ilə dünyaya gəlməsi faktlarına ən çox qohum nikahlarda rast gəlinir. Xatırladaq ki, hər il təxminən 300-dən çox uşağı xəstə doğulan valideyn Ailə Planşadırması Mərkəzinə müraciət edir. Bunlardan 6,9 faizi qohum nikahlardan dünyaya gələnlərdir. Belə uşaqlarda ata tərəfindən ötürülən irsi xəstəliklər əsas rol oynayıb.
Qeyd edək ki, AR Ailə Məcəlləsinin 12-ci maddəsində bildirilir ki, qohum nikahları ölkəmizdə qadağandır. Amma orada yaxın qohumlar - valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey qardaş və bacılar nəzərdə tutulur. Lakin İslam dini əmi, dayı, xala uşaqlarının evliliyi ilə bağlı xüsusi qadağa qoymur. Ancaq bəzi hədislərdə məsləhət görülür ki, insanlar uşaqlarının sağlamlıqları üçün uzaq biri ilə evlənsinlər. Qohum evliliyi istəyən cütlüklər nəzərə almalıdırlar ki, onların uşaqlarını yaşam şansı çox aşağı olacaq, dərmanlardan asılı qalacaqlar. Millət vəkili Fazil Mustafa hesab edir ki, qohum evliliyini gecikmədən qadağan etmək lazımdır: "Bizim cəmiyyətin ictimai şüur vəziyyəti o deyil ki, bu məsələləri nəzərə alsın. Dəfələrlə məsələ gündəmə gətirilib, bildirilib ki, bu, çox təhlükəlidir. Qohum evliliyi nəticəsində doğulan uşaqların xeyli hissəsində irsi xəstəliklər aşkarlanır. Amma Azərbaycan cəmiyyətində xeyirli məsələyə meyl etmək hələ ki, çox yoxdur. Ona görə də biz bunun qarşısını almaq üçün qanunvericilik bazasını gücləndirməliyik. Bunların müəyyən dərəcədə qarşısının alınması üçün maarifçilik işi ilə yanaşı, həm də qanunvericilikdə müəyyən maneələr yaratmağa çalışmalıyıq ki, bu cür ailələr mövcud olmasın". F.Mustafanın sözlərinə görə, yaxın zamanlarda bu məsələ parlamentdə qaldırıla bilər, amma bunun üçün qanunvericiliklə bağlı qeyri-hökumət təşkilatlarından konkret təkliflər daxil olmalıdır: "Əgər bunlar olarsa, məsələ daha rahatlıqla həll olunar. Hesab edirəm ki səlahiyyətli qurumlar bu məsələdə özləri daha ciddi addımlar atmalıdırlar. Bu cür nikahların baş tutmasını əngəlləməyə çalışmalıdırlar ki, gələcəkdə Azərbaycanda belə demoqrafik əsaslar genişlənməsin".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31