Cəzaların humanistləşdirilməsi nəyə xidmət edir?

Milli Məclisin sonuncu iclası bir sıra mühüm qanunların qəbulu ilə yadda qalıb. Xüsusən, cəzaların humanistləşdirilməsi məqsədilə Cinayət Məcəlləsinə edilən dəyişikliklər cinayət və cəza sisteminə yeni baxış kimi dəyərləndirilir.

Qüdrət Həsənquliyev: "Biz qanunvericiliyə cəmiyyətin tələb etdiyi məsələ üzrə baxmalıyıq"

Milli Məclisin sonuncu iclası bir sıra mühüm qanunların qəbulu ilə yadda qalıb. Xüsusən, cəzaların humanistləşdirilməsi məqsədilə Cinayət Məcəlləsinə edilən dəyişikliklər cinayət və cəza sisteminə yeni baxış kimi dəyərləndirilir.

Qeyd edək ki, prezident İlham Əliyevin təşəbbüsü ilə parlamentə daxil olan sənədlər toplusunda Cinayət Məcəlləsinə 300-dən artıq dəyişiklik edilib. Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, müsbət haldır ki, Cinayət Məcəlləsinə dair dəyişikliklərin ictimai müzakirəsi keçirildi: "Layihədə cəzanın humanistləşdirilməsindən söhbət gedir. Bir çox məsələlərdə bunu təqdir edirəm. Amma iki əsas istiqamət məni narahat edir. Birincisi, cəzanı humanisləşdirmək adı ilə bu dəyişikliyi edirik. Amma, eyni zamanda, xüsusilə külli miqdarda əmlakın oğurluq, soyğunçuluq, quldurluq yolu ilə mənimsənilməsini bura daxil edirik və cəzanın yuxarı həddini 18 ilə qədər çatdırırıq. Yəni, cəzanı sərtləşdiririk. Bu məsələdə humanistləşdirmədən yox, sərtləşdirmədən söhbət gedir. Amma digər, insan həyati ilə bağlı məsələlərdə biz bunun əksini müşahidə edirik. Məsələn, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən insanlar var. Məlumdur ki, onların çoxu insan öldürdüyünə görə bu cəza ilə cəzalandırılıblar. Əvvəlki Məcəlləyə görə, bu şəxslərin cəzasının çəkilməmiş hissəsi 15 illə əvəz oluna bilərdi. Əgər 25 il ərzində bu insanlar normal davransaydılar. İndi nə edirik? Biz bu 25 il normal davranışı qoyuruq kənara, deyirik ki, yalnız son 5 ildə bu insan özünü yaxşı aparıbsa, o şərti olaraq cəzanın çəkilməmiş hissəsindən azad oluna bilər. Yaxud da əvvəl 15 illik çəkilməmiş hissə müddətlə əvəz oluna bilərsə, cəkilməyən cəza müddəti 10 illə əvəz oluna bilər. Bu qətiyyən yolverilməzdir. Başqa bir misal çəkim. Məsələn, hakimiyyət nümayəndələrinə qarşı zorakılıq tətbiqetmənin sanksiyası 3 ildən 7 ilə qədərdir. Hakimiyyət nümayəndəsi kimdir? Polis işçisidir, Dövlət Təhlükıəsizlik Xidmətinin əməkdaşlarıdır. Elə bu yaxınlarda mətbuatda oxudum ki, Dövlət Təhlükəsizlik Xidməti Milli Məclis də daxil olmaqla bir çox dövlət orqanlarında ağır cinayətlər törətmək istəyən cinayətkar dəstəni zərərsizləşdiriblər. Yeri gəlmişkən, mən, onlara təşəkkür edirəm və hesab edirəm ki, onlar dövlət mükafatları ilə təltif olunmalıdırlar. Qeyd edək ki, onlara qarşı silah tətbiq olunmuşdu. Yəni, onların həyatı təhlükədədir. Yaxud, polis işçilərinin əgər həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradılırsa, yəni silıah tətbiq olunursa bu halda 3 ildən 7 ilə, quldurluq yolu ilə yenə də həyat və sağlamlıq üçün zor tətbiq olunmaqla şəxsin əmlakı mənimsənilirsə sanksiya 18 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutur. Halbuki dövlət tərəfindən insanın həyat və sağlamlığı daha ciddi qorunur, nəinki başqa məsələlər. Zorlama cinayəti əgər ağırlaşdırıcı hal yoxdursa 4 ildən 8 ilə qədər, azyaşlı uşaqların zorlanması isə 10-15 il qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu yaxınlarda azyaşlı uşaq zorlanmışdı və insanlar tələb edirdi ki, ölüm cəzası bərpa olunsun. Amma biz qanunvericiliyə cəmiyyətin tələb etdiyi məsələ üzrə baxmırıq. Mən rast gəlməmişəm ki, son zamanlar mətbuatda oğurluğa, soyğunçuluğa görə cəzaların sərtləşdirilməsi ilə bağlı təbliğat aparılsın. Belə çıxır ki, qanun layihəsini hazırlayanlar daha çox varlı insanların əmlakının qorunmasını önə çəkiblər. Niyə? Ona görə ki, xüsusilə külli miqdarda əmlakın mənimsənilməsinə görə 14 ildən 18 ilə qədər azadlıqdan məhrumetmə ilə cəza nəzərdə tutulur. 500 min manatdan çox kimin pulu ola bilər? Ancaq varlıların, xüsusi zəngin insanların. Demək zəngin insanların əmlakı qanunla dövlət tərəfindən daha ciddi qorunur, nəinki insan həyatı və sağlamlığı. Qəsdən adam öldürməyə görə təsəvvür edin ki, 9 ildən 14 ilə qədər sanksiya nəzərdə tutulur. Bu məsələləri komitə iclasında qalıdırmışdım və hesab edirdim ki, bunlara diqqət yetiriləcək. Amma çox təəssüf ki, diqqət yetirilmədi. Bir məsələyə fikir verin. Bizdə cinayətlərin məcmusuna görə və hökmlərin məcmusu üzrə cəza təyin olunmasından söhbət gedir. Cinayətlərin məcmusu üzrə cəza təyini nə deməkdir? Yəni, bir şəxs tutaq ki, ayrı-ayrı vaxtlarda adam öldürür, yaxud 5 dəfə də ayrı-ayrı vaxtlarda azyaşlı uşağı zorlayır. Mövcud qanunvericiliyə görə buna 20 ildən artıq cəza təyin etmək olmaz. Yəni cəzanın maksimum həddi 20 il ola bilər. Amma kiminsə əmlakını oğurlayana 18 il cəza təyin edilə bilər".
Millət vəkili həmçinin "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanununa da münasibər bildirib.

Qeyd edib ki, burada söhbət Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Azərbaycan Respblikasının Konstitusiyasına uyğunlaşdırlmasından gedir. Ancaq bir məsələnin nəzərə alnmasına ehtiyac var: "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Muxtar Respublikanın rəhbəri kimi həm də icra hakimiyyətinin başçısı funksiyalarını yerinə yetirir. Bu, Azərbaycan Respublikası Konstitusiyası ilə ciddi ziddiyyət təşkil edir. Mən vaxtilə də söyləmişdim ki, bizim Konstitusiyamızda hakimiyyət bölgüsü prinsipi ayrı-ayrı fəsillərdə öz əksini tapıb. Qanunverici orqan, icra hakimiyyəti və məhkəmə hakimiyyəti. Amma muxtar respublikanın Ali Məclisinin sədri həm də icra xarakterli fərman və sərəncamlar imzalayır. Yəni Konstitusiyanın bölgüsü prinsipi Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında öz əksini tapmayıb. Buna görə də muxtar respublikanın rəhbəri vəzifəsinin - hansı ki, o həm də icra hakimiyyəti funksiyalarını yerinə yetirir - Konstitusiyada sərhədləri dəqiq müəyyənləşdirilməlidir. Yəni qanunverici orqan tamamilə qanunverici funksiyaları yerinə yetirməlidir. Fikrimcə, biz tövsiyə etməliyik ki, Muxtar Respublikada bu məsələyə yenidən baxılsın və Muxtar Respublikanın Konstitusiyası Azərbaycan Respublikasının Konstitusiyasına tam mənada uyğunlaşdırılsın".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31