Elçin Hüseynbəyli yazır... Payız lövhələri

Payız küləyinin səsinə oyanıram. Xain və gijik adamlar kimi uğuldayır, onuncu mərtəbənin pəncərələrini cırmaqlayır. Adamı yatmağa qoymur. Sanki “mən oyanmışam, siz hələ də yatırsınız” deyir.

Elçin Hüseynbəyli

Payız lövhələri

(ovqat)

Payız küləyinin səsinə oyanıram. Xain və gijik adamlar kimi uğuldayır, onuncu mərtəbənin pəncərələrini cırmaqlayır. Adamı yatmağa qoymur. Sanki "mən oyanmışam, siz hələ də yatırsınız" deyir.

Oyanıram və adətim üzrə parka gəzməyə çıxıram.

Külək indi də ağaclarla, yarpaqlarla məzələnir: birinin başını yolur, birini havalandırır (hər iki mənada). Və bu vurhavurda ağ və qara pişik bir-birilərinə sevgi izhar eləyir.

Payız otları cücərir. Həmənküməncini, cincilimi, əvəliyə oxşayan yol otunu, arpaya bənzər yaz otunu tanıyır və salamlaşıram. Qumru quşları bir az tənbəl-tənbəl, hərdən də yeyin-yeyin otluqda gəzişir, tapdığını dimdikləyir, tapmadığını axtarmaqda davam edir. Qırmızımtıl ayaqları, sanki soyuqdan üşüyür.

Boz qarğalar hər tərəfdədir: yerdə, ağacların, evlərin başında, zibillikdə. Keflərinə düşəndə qarıldayırlar. Nə deyirlər, kimi çağırırlar, görəsən?..

"Heydər parkı"na çatıram. Çinar ağacları yavaş-yavaş dazlaşırlar. Sarı-qızılı yarpaqlar yerlə doludur. Park işçilərinin bəziləri yarpaqları həvəslə, bəziləri deyinə-deyinə süpürüb xaşalara doldur və yaxınlıqdakı zibilxanaya tərəf sürüyürlər. Burda da bir ağ itlə qara itin oynaqlaşdığını seyr edirəm və fikirlərşirəm ki, təbiətdə hər şey bir-birinin əksidir, yaxud əksliyidir. Gecə-gündüz olan kimi sevgilər də ağ və qaradır. Qara qızlar ağ oğlanları, ağ oğlanlar da qara qızları sevirlər. Həmişə belə olmasa da, Məşədi İbad demiş, mən bunu öz təcrübəmdən çox keçirmişəm, yəni bolluca müşahidə eləmişəm. Bəlkə heç sevginin rəngi olmur və mən bütün bunları özümdən uydururam. Köşə üçün nəsə yazmaq lazımdır, ya yox?

Küləyin havalandırdığı və hərdən ayağımın altında xışıldayan qızılı yarpaqlara baxıb, yurd-yuvası düşmən tapdağı altında qalan bir tanışımın gözləri yaşara-yaşara dediyi sözləri xatırlayıram: "Bağımızda çoxlu armud ağacları vardı. Payızda yarpaqları qızılı olurdu. Rayona getsən, mənə armud yarpağı gətir." Həmin tanışım yurd yarasına armud yarpağından məlhəm qoymaq istəyirdi. Mən də öz bağçamızı düşünürəm. Yəqin tut ağacları olduğu kimi qalıb. Qoyun-quzuları bağa aparıb otardığım, evə gələndə isə ağacın başında qalan yaşıl-sarı yarpaqları torbaya doldurub evə gətirməyim yada düşür və bir də qohumlarımızdan birinin hüzr mərasimindən sonra əminəvəsinin mənə dediyi sözlər: "Hamıdan yazırsan, məndən niyə yazmırsan? Səninlə o dağı-dərəni, bağı-bağatı azmı gəzmişik, azmı qoyun-quzu otarmışıq?" Yurd-yuvasını itirmiş əminəvəsi də yazılarımı oxumaqla təsəlli tapmaq istəyir. "Mən həmişə sizdən yazmışam. Məni dövrəlyən insanlardan və onların tanıdığı yerlərdən, sadəcə bəzən adları dəyişməli oluram" deyirəm və gülümsünürəm. Və bu yazını da yurdnisgilli əminəvəsinə bağışlayıram...

Oktyabrın üçüncü ongünlüyü, 2017

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31