Cəmiyyətin demokratikləşməsində vətəndaş cəmiyyətlərinin rolu danılmazdır
Sirr deyil ki, müstəqilliyini əldə edən Azərbaycan Respublikası demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan inkişaf etmiş ölkələr arasında xüsusi yeri və böyük nüfuzu olan dövlətdir. Qətiyyətlə demək olar ki, artıq ölkədə sivil vətəndaş cəmiyyəti formalaşıb.
20 Oktyabr 2017 15:56 SosialQHT-lər vətəndaşların sosial, siyasi və mədəni hüquqlarının həyata keçirilməsində fəallıq nümayiş etdirilər
Sirr deyil ki, müstəqilliyini əldə edən Azərbaycan Respublikası demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan inkişaf etmiş ölkələr arasında xüsusi yeri və böyük nüfuzu olan dövlətdir. Qətiyyətlə demək olar ki, artıq ölkədə sivil vətəndaş cəmiyyəti formalaşıb. Ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının keçdiyi inkişaf yolu onların rəqbət qabiliyyətinin artımı ilə nəticələnib. Azərbaycan hökumətinin reallaşdırdığı siyasətin mahiyyəti ondan ibarətdir ki, cəmiyyətin idarə edilməsindən dövlətin daxili və xarici siyasətinin formalaşmasındakı bütün məsələlərdə vətəndaşların istəyi, arzusu və təşəbbüsləri nəzərə alınsın. Bu baxımdan müstəqillik dövrünü həm də Azərbaycanda Qeyri-Hökumət Təşkilatları ilə (QHT) dövlətin, siyasi partiyaların və vətəndaşların münasibətlərinin konseptual əsaslarının formalaşması dövrü kimi dəyərləndirilə bilər. Bu gün QHT-lərin bütün qanadlarının iştirakı ilə hesabatın hazırlanması və təqdimatı dövlətin bu sahədə əldə etdiyi ciddi uğur kimi dəyərləndirilə bilər. Dövlətin QHT-lərə verdiyi dəstəyi isə Azərbaycanın bugünkü vəziyyətində qənaətbəxş hesab etmək olar. Yeri gəlmişkən xatırladaq ki, QHT-lərə Azərbaycan dövlətinin dəstəyi bilavasitə QHT Şurası vasitəsilə həyata keçirilir. Bundan əlavə, Azərbaycanın mərkəzi və yerli icra hakimiyyəti orqanları da QHT donorları funksiyasında çıxış edirlər. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından bildirilib ki, QHT-lər hər hansı bir ictimai maraqların təmin edilməsi istiqamətində birləşmiş könülü qruplardır. Bu qrupların fəaliyyəti onların nizamnaməsi ilə tənzimlənir. Yəni hər bir QHT-nin özünün nizamnaməsi var və onun bütün fəaliyyəti, məhz həmin nizamnamə üzrə qurulur. O nizamnamədə də, məhz ictimai maraqlar, hansı bir sosial problemin həlli, yəni hansısa humanitar yönümlü bir fəaliyyətlə məşğul olmaq orda təşkil olunmayıb. Nizamnamədə heç də siyasi fəaliyyət, hər hansı bir siyasi düşərgənin missiyasına xidmət etmək kimi fəaliyyət təsbit olunmur. QHT-lər haqqında qanunda da QHT-lər seçkili orqanlarda iştirak edə bilməz. Yalnız onlar seçkiləri müşahidə etmək səlahiyyətlərinə malikdirlər. Bu da, ondan xəbər verir ki, QHT-lərin fəaliyyəti heç də siyasi deyil, humanitar, cəmiyyətimizi narahat edən, yəni ictimai həyatın ayrı-ayrı sahələrinə xidmət edən könüllü vətəndaş birlikləridir. Bu vətəndaş birliklərinin fəaliyyətində sırf könüllü fəaliyyət durur: " QHT-lər öz enerjili resurslarını cəmiyyətin ayrı-ayrı təbəqələrinin problemlərinin və yaxud digər məsələlərin həllinə yönəldən və insanlığa xidmət edən humanitar fəaliyyətdir. Təəssüf ki, bəzi QHT-lər öz nizamnamə məqsədlərindən kənara çıxaraq, siyasi fəaliyyətlə məşğul olmağa cəhd göstərir və yaxud ayrı-ayrı siyasi partiyaların mövqelərindən çıxış edirlər. Yəni ayrı-ayrı siyasi partiyaların çirkin məqsədlərinə çatması üçün onlara müəyyən dəstək verirlər. Bu cür hərəkətlər qanunla yolverilməzdir. O cümlədən, həmin QHT-lər özlərinin nizamnaməsinin müddəalarına zidd olan fəaliyyət yolu tutmuş olurlar. Ümumiyyətlə, QHT-lərin fəaliyyəti siyasi məqsədlər deyil, birlik üzvlərinin, cəmiyyətin, icmanın mənafeyinə xidmət edən, hətta orda əldə olunan gəliri belə bölüşdürməyən bir humanitar fəaliyyət növüdür. Arzu edərdik ki, ölkəmizdə QHT-lərin fəaliyyəti sırf humanitar əsaslar üzərində qurulsun. Yəni cəmiyyətə, vətəndaşa və dövlətə xidmət edən təşkilatlar olsunlar. Belə olan halda, QHT-lərin fəaliyyəti yüksək qiymətləndiriləcək və QHT-lərə ehtiyac cəmiyyətdə günü-gündən artacaq. Bu gün də biz bunu hiss edirik. Bizim QHT-lərimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ailə məsələləri, ətraf mühitlə, sosial məsələlərlə, təhsilə, mədəniyyətimizlə, iqtisadi məsələlərlə, əlillərlə, qadın-uşaq məsələləri ilə bağlı və s. kimi yüzlərlə layihələr həyata keçiriblər ki, bu da cəmiyyətimizin inkişafına öz töhfəsini verir".
Hüquqşünas Natiq Kazımlı bildirib ki, QHT-lərin cəmiyyətin demokratikləşməsində mühüm rolu var: "Qeyri-Hökumət Təşkilatları milli proqramların hazırlanması və həyata keçirilməsində yaxından iştirak edirlər. Bu da ölkədə vətəndaş cəmiyyətinin formalaşmasına dəlalət edən əsas amillərdən hesab olunur. Etiraf edilməlidir ki, son zamanlar QHT-lər vətəndaşların sosial, siyasi və mədəni hüquqlarının həyata keçirilməsində daha çox yardımçı olmağa cəhd göstərirlər. Bunun nəticəsidir ki, artıq çoxsaylı qeyri-hökumət təşkilatları qanunların aliliyinə, şəffaflığın təmin olunmasına ictimai nəzarətin həyata keçirilməsi sahəsində xeyli ixtisaslaşıblar. Bu baxımdan cəmiyyətin demokratikləşməsində QHT-lərin rolunu inkar etmək, görməzdən gəlmək vətəndaş cəmiyyətlərinin fəaliyyətinə ədalətsiz yanaşma olar. Bəzi xarici dairələrdən maliyyələşən və göstəriş alan bir-iki qərəzli "vətəndaş cəmiyyətlərini" nəzərə almasaq, demək olar ki, bütün QHT-lər Azərbaycanda demokratik quruluşun dəstəklənməsi, dünyəvi dövlətin qurulması, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyinin təmin edilməsi istiqamətində kifayət qədər fəallıq nümayiş etdirirlər". Onun sözlərinə görə, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da əksini tapıb: "Sənəddə qeyd olunur ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və milli maraqlarının təmin olunması demokratiyanın daha da dərinləşdirilməsini, dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin daim müasirləşdirilməsini, QHT-lərin fəaliyyətinin stimullaşdırılmasını zəruri edir. Konsepsiyanın həyata keçiriləcəyi dövrdə vətəndaş cəmiyyətinin inkişafı, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində dövlət siyasəti davam etdiriləcək. Dövlətlə ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı QHT-lərin əsaslandırılmış təklifləri diqqət mərkəzində saxlanılacaq. Mühüm dövlət proqramlarının hazırlanması prosesinə QHT-lərin cəlb olunması, dövlət komissiyalarının işində onların yaxından iştirakı təmin ediləcək. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılması yönündə QHT-lərin potensialından daha səmərəli istifadə olunacaq". Onun sözlərinə görə, artıq vətəndaş cəmiyyətinin inkişafı istiqamətində Azərbaycan modeli formalaşıb: "Bundan sonra bu modelin üstün cəhətlərindən istifadə edərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın yollarını axtarmalıyıq. Hüquqi dövlətin yaradılması insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında məsuliyyəti ilə əlaqələndirilir. Azərbaycan dövləti özünün inkişaf strategiyasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir. Müstəqillik əldə etdikdən sonra bu istiqamətdə atılan addımlar, əldə olunan uğurlar dövlətin bu sahəyə həssaslıqla yanaşmasının göstəricisidir. Sirr deyil ki, müstəqillik illərində ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu. Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə mütərəqqi məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Ardıcıl şəkildə həyata keçirilən islahatlar başlıca olaraq bir məqsədə - insan və vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəldi. Bütün bunlar kifayət qədər uğurlu nəticələrdir".
Sosial məsələlər üzrə ekspert Murad Tahirov qeyd edib ki, vətəndaş cəmiyyəti hüquqi baxımdan birbaşa dövlət müdaxiləsi olmayan, lakin vətəndaşların hüquqlarını müdafiə edən azad fərdlər birliyinə əsaslanır: "Demokratiyanı siyasi sistem formalaşdırır. Onun dayanıqlı olması üçün isə vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. Vətəndaş cəmiyyəti insan azadlığı və hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən, məqsədlərinə çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan yarana bilməz. Əgər bir vətəndaş öz hüquq və azadlıqlarını bilmirsə, sosial məsuliyyətini dərk etmirsə, hüquqlarını tələb etməkdən vaz keçirsə, onda nə demokratiya, nə də vətəndaş cəmiyyətindən danışmağa dəyər". Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin inkişafı üçün özəl sektorun donor fəaliyyətini stimullaşdırmaq və bu sahədə institusional səviyyəyə nail olmaq vacibdir. Milli donor institutunun yaradılması korporativ sosial məsuliyyət mədəniyyətinin formalaşmasına, transmilli şirkətlərin, böyük biznes qurumlarının sosial sərmayə proqramlarının artmasına təkan verəcək. Buna nail olmaq məqsədi ilə korporativ məsuliyyət üzrə strategiya və dövlət proqramları hazırlanmalı, qanunvericiliyə müvafiq dəyişikliklər edilməlidir. Hazırda isə bu sahədə ciddi iş aparılır: "Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının həyata keçirildiyi müddətdə vətəndaş cəmiyyəti təşəbbüslərinin nəzərə alınaraq tətbiq olunması dövlət orqanları ilə QHT-lər arasındakı qarşılıqlı münasibətləri daha da dərinləşdirəcək, regionlarda QHT-lərin sayı artacaq və maddi-texniki bazası gücləndiriləcək". Onu da qeyd edək ki, hüquqi dövlətin fəaliyyətinin əsas prinsipi azadlığın hüquqi təminatçısı olmaqdan ibarətdir. Vətəndaş cəmiyyəti sivilizasiyasının müasir səviyyəsində fərdlər, qruplar və birliklər arasında dövlət vasitəsilə şərtlənməyən, özünəməxsus, inkişaf və yetkinlik səviyyəsi olan iqtisadi, mədəni, hüquq və siyasi münasibətlərdir. Bu baxımdan demək olar ki, vətəndaş cəmiyyəti siyasi yox, sosial cəmiyyətdir. Azərbaycanda isə vətəndaş cəmiyyətinin inkişafına özəl baxış mövcuddur və artıq bu sahədə xeyli uğurlar əldə edilib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir