Vətən uğrunda ölmək böyük şərəfdir
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər.
9 Oktyabr 2017 14:15 SosialAprel qəhrəmanları gənclərə şərəflə ölməyi öyrətdi
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. O da qeyd edilməlisidir sadalanan naliyyətlər igid Azərbaycan oğullarının canı-qanı bahasına başa gəldi. Hazırda aprel döyüşlərinin şəhidləri sözqn həqiqi mənasında gənclər üçün qəhrəmanlarqəhrəmanlıq nümunəsinə çevriliblər. Məlumat üçün qeyd edək ki, Ermənistan Respublikasının rəhbərliyi ötən ilin aprel ayının əvvəllərində işğal olunmuş ərazilərdə Azərbaycana qarşı silahlı təxribat törətdiklərini və bunun nəticəsində qoşunların təmas xəttinin əhəmiyyətli dərəcədə dəyişildiyini nəhayət ki, rəsmi təsdiq etdi. Düşmən hücumlarının qarşısının alınması və əks-həmlə əməliyyatları zamanı Azərbaycanın Silahlı Qüvvələri Ağdərə rayonu, eləcə də Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad etdi. Ermənistan tərəfinin rəsmi açıqlamalarında guya cəmi 800 hektar ərazini itirdikləri bildirilsə də tərəfimizdən azad edilən ərazilərin sahəsinin qəsdən azaldılması açıq-aydın görünürdü. Həqiqətdə isə Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi. Yeri gəlmişkən xatırladaq ki, erməni tərəfindən fərqli olaraq Azərbaycanın Silahlı Qüvvələri qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsi istiqamətində heç bir addım atmır, yalnız adekvat tədbirlər görməyə məcbur qalır. Şübhəsiz ki, bundan sonra da düşmən tərəfinin heç bir təxribatı cavabsız qalmayacaq. Ermənistanın aprelin əvvəllərində keçirilən əməliyyatlarda hər iki tərəfin itkiləri barədə yaydığı rəqəmlər də həqiqəti əks etdirmirdi. Əslində Ermənistan silahlı qüvvələrinin itkiləri Azərbaycanın itkilərindən təqribən on qat artıq idi.
Azərbaycan ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov "AzeriDefence" jurnalına müsahibəsində dörd günlük müharibə zamanı tabeçiliyində olan qoşunların döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdiyini dilə gətirmişdi: "Biz dördgünlük döyüşlərdə yeni aldığımız silahlardan demək olar istifadə eləmədik. Yeni alınanlardan yalnız tank əleyhinə sistemlərin bəzilərini tətbiq etdik və nəticəsi də müsbət oldu. Hətta ermənilər bu silahın tətbiqindən sonra tanklarını döyüş meydanına çıxarmadılar".
Qeyd edək ki, aprel döyüşlərində qəhrəmanlıq göstərən əsgərlərimiz gənclər üçün canlı vətənpərvərlik nümunəsinə çevrilib. Onların hər biri ayrı-ayrılıqda bir qəhrəmanlıq dastanı yaradıblar. Ölkə rəhbərliyi, xüsusən də Müdafiə Nazirliyi döyüşlərdə həlak olan və yaralanan qəhrəmanlarımıza qarşı biganə qalmır, onların şücaətini lazımincə qiymətləndirilər. Hətta ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş hərbi qulluqçuların təltifləri ailə üzvlərinə təqdim edilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 19 aprel tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna və mayor İmanov Samid Gülağa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Mayın 16-da Azərbaycanın Müdafiə Nazirliyində rəhbər heyətin iştirakı ilə ölümlərindən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş bu hərbi qulluqçuların ailə üzvlərinə şəhidlərin "Qızıl Ulduz" medalları təqdim edilib.Təqdimetmə mərasimində çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verərək, onların qəhərmanlığı qarşısında baş əydiyini diqqətə çatdırıb. O, igidlərimizin şəhidlik zirvəsinə ucalmaqla igidlərimizin yeni tarix yazdıqlarını, Vətən uğrunda canı, torpağa tökülən qanı ilə əbədi olaraq xalqımızın yaddaşında qalacaqlarını vurğulayıb. Şəhidlərimizin qisasının alındığını və bundan sonra da alınacağını, onların qanının yerdə qalmayacağını bildirən nazir Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində işğal altındakı torpaqlarımızın düşmən işğalından mütləq azad olunacağını xüsusi qeyd edib.Təltif olunma barədə sərəncam oxunduqdan sonra general-polkovnik Z.Həsənov "Azərbaycanın Milli Qəhrəmanı" adının vəsiqəsini polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevaya təqdim edib və "Qızıl Ulduz" medalını şəhidin yeddi yaşlı oğlu Nurlanın yaxasına sancıb. Sonra Milli Qəhrəman mayor Samid İmanovun atası Gülağa İmanova "Qızıl Ulduz" medalı və vəsiqəsi təqdim edilib. Milli Qəhrəmanlarımızın ailə üzvləri Fizzə Mirzəyeva və Gülağa İmanov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edərək Vətənin müdafiəsinin hər şeydən vacib olduğunu, əzizlərinin şəhidlik zirvəsinə ucalması ilə qurur duyduqlarını vurğulayıblar. Bildirilib ki, şəhid qanına boyanan əzəli və əbədi torpaqlarımız Azərbaycan Silahlı Qüvvələri tərəfindən tezliklə işğaldan azad olunacaq və o zaman əzizlərinin şəhid ruhları dinclik tapacaqdır.
Azərbaycan ordusunun şəhid əsgəri Qasımov Teymur Sabir oğlu da ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub. Mingəçevir şəhərində dəfn edilən şəhidin 40 mərasimində onun təltif olunduğu medal atasına təqdim olunub. Mingəçevir Şəhər İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının əməkdaşları, onun xidmət etdiyi hərbi hissənin rəhbər şəxsləri və şəhər ictimaiyyətinin nümayəndələri mayın 18-də Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunan Teymur Qasımovun məzarını ziyarət edib, qəhrəman əsgərin ruhuna dualar oxunub. Mərasimdə çıxış edənlər əminliklə bildiriblər ki, şəhid qanına boyanan əzəli və əbədi Azərbaycan torpaqları Silahlı Qüvvələrimiz tərəfindən tezliklə düşmən işğalından azad olunacaq və şəhidlərimizin ruhu dinclik tapacaq. Teymur Qasımovun əsgər yoldaşları Rəşad Novruzov, Həsən Quliyev onun igidliyindən danışıb və qəhrəman döyüşçünün son sözünü xatırladıblar: Vətən uğrunda ölmək böyük şərəfdir. Mərasimdə şəhid Teymur Qasımovun xidmət etdiyi hərbi hissənin komandiri, polkovnik-leytenant Zaur Kərimov bildirib ki, bütün hərbçilər şəhidlərimizin qəhrəmanlığı qarşısında baş əyir. Onlar yeni bir tarix yazırlar və öz qəhrəmanlıqları ilə xalqımızın yaddaşında əbədi yaşayacaqlar. Polkovnik-leytenant Zaur Kərimov şəhid hərbçinin ölümündən sonra layiq görüldüyü "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalını onun atası Sabir Qasımova təqdim edib. Xatırladaq ki, 1992-ci il təvəllüdlü Teymur Qasımov aprelin əvvəlində cəbhənin Tərtər-Ağdərə istiqamətində, Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Yeri gəlmişkən qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən mütəmadi olaraq "Silahlı Qüvvələr şəxsi heyətinin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi mövzusunda elmi-praktiki seminar keçirilir. Sözügedən tədbirlərdə Qarabağ müharibəsində şəhid olan igid oğulların qəhrəmanlığı barədə xatirələr səsləndirilir, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır. Aprel döyüşlərindən ruh alan gənclərimiz isə Vətənin müdafiəsinə qalxaraq, itirilmiş torpaqlarımızı gedi almağa tələsirlər.
Alim Hüseynli
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində çap olunur