Tarix boyda səhvin müəllifləri cəzalandırılmalıdır

 Azərbaycanda dərslik məsələsi ilə bağlı daha bir qalmaqallı fakt üzə çıxıb. Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində ciddi xətaya yol verilib. Həmin kitabda yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan" dövlətinin əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib. Xatırladaq ki, sözügedən dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub.

Dərsliklərdə belə təhriflərin yer alması bağışlanmaz səhvdir

Azərbaycanda dərslik məsələsi ilə bağlı daha bir qalmaqallı fakt üzə çıxıb. Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində "Azərbaycan tarixi" dərsliyində ciddi xətaya yol verilib. Həmin kitabda yer almış xəritədə uydurma "Dənizdən-dənizə Böyük Ermənistan" dövlətinin əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib. Xatırladaq ki, sözügedən dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur. Məsələnin açınacaqlı tərəfi ondan ibarətdir ki, 9 mütəxəssisdən ibarət dərsliyin müəllifləri necə olub ki, belə böyük səhvə yol veriblər. Həmçinin qeyd edək ki, Təhsil Nazirliyində dərsliklərlə bağlı xüsusu komissiya fəaliyyət göstərir. Komissiyada müxtəlif sahələr üzrə mütəxəssislər təmsil olunurlar. Belə halda necə ola bilər ki, belə bir səhvə yol verilsin? Demək olarmı ki, bu səhv sadıcı gözdən yayınıb, yaxud texniki səhvdir? Qətiyyətlə demək olar ki, hər iki halda edilən səhv bağışlanmazdar, ən azından daşıdığın elmi ada hörmətsizlikdir.
Millət vəkili Fazil Mustafa qeyd edib ki, ümumi tarix dərsliyinin 10 sinif üçün rusca variantında verilən xəritədə Azərbaycanın indiki ərazilərinin Armeniya adı ilə göstərilməsi ciddi müzakirələrə səbəb olub: "Qəribədir, izah da belə verilir ki, Azərbaycan və gürcü dillərində olan dərsliklərdə bu ad qeyd olunmayıb, rusca variantında isə səhvən adı silmək unudulub. Budur bizim tarixlə haqlılığımızı əsaslandırmanın maraqlı nəticəsi. Taixi bir tərəfə qoyun, biz bu gün mövcud ərazimizlə, yəni 86 min kvadrat kilometrlik ərazi ilə BMT-də qeydiyyatdan keçmişik və eyni qaydada dövlət olaraq Ermənistanda da orada qeydiyyatdan keçməsinə baxmayaraq bizim beynəlxalq hüquqla tanınan ərazimizin 20 faizini işğal edib və bu əraziləri qaytarmalıdır. Yoxsa bu əraziyə kim tez gəlib, kim gec gəlib, bunun mübahisəsi bu günkü dünya üçün qətiyyən aktual deyil və bu daha çox əsas məqsəddən yayınmamıza gətirib çıxarır. Tarix məsələsinə gəldikdə isə, daxili mühitdə olan kitablarımızdan hansısa məqamları çıxarmaqla iş bitmir ki... Dünyada qəbul olunan tarix xəritələrində istəsək də, istəməsək də Armeniya adına rast gəlinir. Ancaq bu dövlət olaraq deyil, Roma İmperiyasının bir əyaləti olaraq qeyd olunur. Malaya Armeniya adı da Qara dənizin indiki Trabzona yaxın hissələri üçün qeyd olunur. Roma tarixinin ən böyük tədqiqatçısı sayılan Nobel mükafatı laueratı Mommzenin ruscaya tərcümə olunmuş "Roma tarixi" əsərinin 2-ci cildində verilmiş eramızdan öncəki Aralıq Dənizi hövzəsi xəritəsində də Armeniya adı qeyd olunur. Burada müasir Azərbaycan ərazisi isə Albaniya kimi, Güney Azərbaycan ərazisi də Midiya, Atropat adı ilə coğrafi ərazi olaraq göstərilir". Onun sözlərinə görə, mübahisə mövzusuna çevrilmiş tarix dərsliyində əsas səhv bu ərazilərdə digər adların xəritədə göstərilməməsi, yalnız Armeniya adının Qara dənizdən Xəzər dənizinə qədər ərazi üzərində yazılmasıdır: "Biz həmin dövr üçün özümüzü Qafqaz Albaniyasının varisi sayırıq və həmin xəritədə də Albaniya əsasən indiki Azərbaycan ərazisini əhatə edir. Xəritədə Gürcüstan adı da yoxdur, İberiya və Kolxida ərazilərinin hüdudları verilir. Ona görə də Armeniya adının çıxarılması çıxış yolu deyil, sadəcə orada Momzenin təqdim etdiyi xəritəyə uyğun olaraq Albaniya, İberiya, Kolxida, Manna, Atropaten adlarının yerləşdirilməsi ərazilərimizn ermənilərə aid olması barədə iddiaları ortadan qaldırmış olur. Mənbə olaraq T.Mommzenin 1987-ci ildə nəşr olunan "Roma tarixi" əsərinin 2-ci cildindəki xəritəyə baxıla bilər".
Hüquqşünas Habil İsgəndərov qeyd edib ki, sovet dövrünün tarix kitablarından oxuyurduq ki, ermənilər qədim dövrdən Qafqazda yaşayıblar və dövlət quruluşuna oxşar cəmiyyətləri olub. Müstəqil tarixçiliyimiz and-aman elədi və bizi inandırdı ki, ermənilər bir neçə yüz il əvvəl gəliblər Qafqazlara, 200 il əvvəl də Qarabağa: "Özünü "tarixin atası" kimi təqdim edən Kamran Əsədov X sinif tarix dərsliyində getmiş kobud səhvə haqq qazandırır, "əsaslandırır" ki, eramızdan əvvəl Qafqazda "Ermənistan" adlı ərazi yaxud dövlət olub. Herodot, bağışlayın, təhsil eksperti-filan Kamran Əsədov müsahibəsinin sonunda rus dilini bilmədiyini etiraf edir. Rus dilini bilməyən adamın hansı mənbələrdən tarixi öyrəndiyi və tədqiqat apardığı ayrı bir söhbət. Ancaq Təhsil Nazirliyi son anda açıqlama yayıb, xəritəni texniki səhv adlandırdı. 27 illik müstəqillik dövrümüzdə tarix elmimiz "26-lar"dan başqa bir mövzu araşdırıb başa çatdıra bilməyib hələ... Ramiz Rövşən demişkən, "Nə gündəsən, Vətən"?!
Araşdırmaçı jurnalist, Avrasiya.net saytının rəhbəri, Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri,Türk Dövlətləri Vətəndaş Cəmiyyətləri Federasiyasının (TDVCF) təşəbbüs qrupunun rəhbəri Cavid Şahverdiyev qeyd edib ki, orta məktəblərin tarix dərsliklərində belə təhriflərin yer alması bağışlanmaz səhvdir: "Oğrunu tez tutub həbs edirlər, amma dərsliklərimizdə tarix boyda səhv edənlər cəzalandırılmırlar. Özü də necə səhv - xəritədə "Dənizdən-dənizə Böyük Ermənistan" dövlətinin əraziləri təsvir olunub və ora Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib. Deyək ki, biri belə yazdı, bəs o kitabın digər 8 müəllifi hara baxıb? Onlar mütləq cəzalandırılmalıdır, çünki bu xəyanətdir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31