Yerli özünüidarə orqanlarının sərbəst fəaliyyəti siyasi plüralizmin nümunəsidir
Müasir idarəetmə sistemində dünya dövlətlərinin böyük əksətiyyətində yerli əhəmiyyətli məsələlər yerli özünüidarəetmə orqanları vasitəsilə həllni tapır. Bu baxımdan dövlət həyatının mühüm tərkib hissəsi hesab olunan yerli özünüidarə orqnları vacib idarəetmə sisteminə çevrilib. Beynəlxalq idarəetmə sisteminə görə, yerli özünüidarəetmə hər bir demokratik quruluşun əsas institutlarından biridir.
6 Oktyabr 2017 16:34 SosialMüasir idarəetmə sistemində dünya dövlətlərinin böyük əksətiyyətində yerli əhəmiyyətli məsələlər yerli özünüidarəetmə orqanları vasitəsilə həllni tapır. Bu baxımdan dövlət həyatının mühüm tərkib hissəsi hesab olunan yerli özünüidarə orqnları vacib idarəetmə sisteminə çevrilib. Beynəlxalq idarəetmə sisteminə görə, yerli özünüidarəetmə hər bir demokratik quruluşun əsas institutlarından biridir. Demokratik cəhətdən inkişaf etmiş ölkələrin çoxillik təcrübəsi göstərir ki, hər bir regionun, ərazinin təbii və sosialiqtisadi potensialından tam və səmərəli istifadə etmək və bu əsasda əhalinin maddi rifahını yaxşılaşdırmaq üçün təkcə dövlət idarəçilik orqanlarının mövcud olması kifayət deyil. Yerli özünüidarəetmənin yaranması zərurəti həm də idarəetmənin özünün ümumi məqsədlərindən doğur. Hər bir idarəçilikdə məqsəd qarşıya qoyulmuş hədəflərə ən optimal, səmərəli üsullarla nail olmaqdır. Dövlət idarəetməsində də bu belədir və əsas üsullarından biri idarə olunan obyektin marağının nəzərə alınmasıdır. Dünyaya inteqrasiya yolunu seçmiş Azərbaycan da beynəlxalq idarəetmə sisteminin tətbiqinə xüsusi əhəmiyyət verir. Məhz bu səbədən də ölkədə milli xüsusiyyətləri özündə əks etdirən yerli özünüidarə sistemi formalaşdırlıb. Etiraf edilməlidir ki, Azərbaycanda yerli özünüidarə orqanlarının fəaliyyəti məqsədilə təkmil qanunvericilik bazası yaradılıb. Yerli özünüidarə funksiyasını icra edən bələdiyyələrin sərbəst fəaliyyəti üçün tələb olunan bütün səlahiyyətlər və azadlıqlar müəyyən edilib. Ölkə qanunvericiliyinə əsasən bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyələrin səlahiyyətləri AR-nın Konstitusiyasında təsbit olunmuşdur. Ana Yasanın 144-cü maddəsində göstərilir ki, bələdiyyələr öz iclaslarında aşağıdakı məsələləri həll etmək səlahiyyətinə malikdir: bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi; bələdiyyənin reqlamentinin təsdiq edilməsi; bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi; yerli vergilərin və ödənişlərin müəyyən edilməsi; yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi; bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi; yerli sosial müdafiə və sosial inkişaf proqramalrının qəbul və icra edilməsi; yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi; yerli ekoloji proqramalrın qəbul və icra edilməsi. Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər. Bələdiyyələrin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Yerli vergilər və ödənişlər ilə bağlı bələdiyyə üzvlərinin 2/3 səs çoxluğu ilə qəbul edilir.Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası müəyyən edilir. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirməməlidir. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir. Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində AR - nın Milli Məclisinə hesabat təqdim edirlər. Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət orqanlarının qərarları nəticəsində yaranan əlavə xərclərin ödənilməsinə dövlət təminat verir. Göründüyü kimi Azərbaycanda yerli özünüidarə orqanlarının əsas səlahiyyətləri konstitusiya ilə yaxud qanunla müəyyən edilir. Lakin bu müddəa yerli özünüidarə orqanlarına qanuna müvafiq olaraq ayrı-ayrı konkret səlahiyyətlərin verilməsini istisna etmir. Yerli özünüidarə orqanları onların səlahiyyətindən çıxarılmamış və başqa bir hakimiyyət orqanının səlahiyyətinə aid edilməmiş hər hansı məsələyə dair öz təşəbbüslərini həyata keçirmək üçün qanunla müəyyən edilmiş hüdudlarda tam sərbəstliyə malikdirlər. Dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda olaraq, əsas etibarı ilə vətəndaşlara daha yaxın olan hakimiyyət orqanlarına həvalə edilib. Bu səlahiyyətlərdən hər hansı birinin başqa bir hakimiyyət orqanına verilməsi qarşıya qoyulmuş vəzifənin həcmini və xarakterini, eləcə də səmərəlilik və qənaət tələblərini nəzərə almaqla həyata keçirilir. Yerli özünüidarə orqanlarına verilən səlahiyyətlər, bir qayda olaraq, tam və müstəsna təşkil edir. Onlar başqa bir hakimiyyət orqanı, mərkəzi və ya regional orqan tərəfindən yalnız qanunla müəyyən edilmiş hüdudlarda mübahisələndirilə yaxud məhdudlaşdırıla bilər. Belə ki, mərkəzi və regional orqanların səlahiyyətlərinin həvalə edilməsi zamanı yerli özünüidarə orqanları imkan daxilində onların həyata keçirilməsini yerli şəraitə uyğunlaşdırmaq sərbəstliyinə malikdirlər. Bu isə o deməkdir ki, yerli özünüidarə orqanlarına bilavasitə aidiyyəti olan hər hansı qərarların planlaşdırılması və qəbulu prosesində bu orqanlarla məsləhətləşmək imkanına sahibdirlər.
Bundan başqa, "Yerli Özünüidarə haqqında" Avropa Xartiyasına qoşulan Azərbaycan Avropa Şurasının məqsədinin ümumi sərvət sayılan ideal və prinsiplərin təntənəsi və qorunması naminə onun üzvləri arasında daha sıx birliyə nail olmaqdan ibarət olduğunu qəbul edir. Eyni zamanda, bələdiyyələrin idarəetmə sahəsində sazişlər bağlanmasının bu məqsədə xidmət edən vasitələrdən biri olduğunu hesab edir, yerli özünüidarə orqanlarının istənilən demokratik quruluş əsaslarından birini təşkil etdiyini qəbul edir. Azərbaycanda yerli özünüidarə dövlət işlərinin idarə edilməsində vətəndaşların iştirakı hüququnun Avropa Şurasının üzvü olan bütün dövlətlər üçün ümumi sayılan demokratik prinsiplərə aid olduğunu hesab edir, real hakimiyyət verilmiş yerli özünüidarə orqanlarının mövcudluğunun səmərəli və eyni zamanda vətəndaşa yaxın idarəetməni təmin etməsinə söykənir, Avropanın müxtəlif ölkələrində yerli özünüidarənin müdafiəsinin və möhkəmləndirilməsinin demokratiya və hakimiyyətin mərkəzləşdirilməsi prinsiplərinə əsaslanan Avropanın qurulmasına əhəmiyyətli töhfə olduğunu dərk edir. Xatırladaq ki, Azərbaycanda yerli özünüidarə orqanları üzərində hər hansı inzibati nəzarət yalnız Konstitusiya ilə və ya qanunla nəzərdə tutulmuş forma və hallarda həyata keçirilə bilər. Yerli özünüidarə orqanları üzərində hər hansı bir inzibati nəzarət bir qayda olaraq, yalnız qanunçuluğa və konstitusion prinsiplərə əməl olunmasının təmin edilməsi üçün nəzərdə tutula bilər. Bununla belə, inzibati nəzarət həmçinin yerli özünüidarə orqanlarının onlara verilmiş səlahiyyətləri necə yerinə yetirmələrinə hakimiyyət orqanlarının nəzarətini də əhatə edə bilər. Yerli özünüidarə orqanları üzərində inzibati nəzarət elə həyata keçirilir ki, burada nəzarətedici orqanın müdaxilə dərəcəsi, bu müdaxilənin müdafiə etməyi nəzərdə tutduğu mənafenin əhəmiyyətinə uyğunluq təşkil edir. Ən əsası isə ölkəmizdə yerli özünüidarə orqanları onların öz səlahiyyətlərini sərbəst surətdə həyata keçirilməsini və ölkənin Konstitusiya və qanunvericiliyi ilə təsbit edilmiş yerli özünüidarə prinsiplərinə əməl edilməsini təmin etmək üçün məhkəmə müdafiəsi hüququna malikdirlər.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda yerli özünüidarə orqnlarının sərbəst fəaliyyəti üçün bütün imkanlar yaradılıb. Milli qanunvericiliyə əsasən yerli özünüidarə orqanları öz səlahiyyətlərini həyata keçirərkən, ümumi maraq doğuran vəzifələrin yerinə yetirilməsi məqsədilə dikər yerli özünüidarə orqanları ilə əməkdaşlıq etmək və qanunun müəyyən etdiyi hüdudlar daxilində, onlarla birləşmək hüququna malikdir. Hər bir dövlətdə olduğu kimi Azərbaycanda da yerli özünüidarə orqanlarının ümumi mənafelərin müdafiəsi və irəliləyişi naminə birliklərə və yerli özünüidarə orqanlarının beynəlxalq birliyinə daxil olmaq hüququ tanınır. Yerli özünüidarə orqanlarına qanunun müəyyən edə biləcəyi şərtlər əsasında, digər dövlətlərin bu cür orqanları ilə əməkdaşlıq etmək hüququ verilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda fəaliyət göstərəb bir çox bələdiyyə xarici ölkələrin uyğun qurumları ilə əməkdaşlıq edir, qarşılıqlı əməkdaşlıqda bulunur. Sadalanan faktlar deməyə əsas verir ki, yerli özünüidarəetmə haradasa dövlət fəaliyyətinə yaxındır. Eyni zamanda, dövlət idarəçiliyi kimi, bu idarəçilik də ictimai maraqların təmin olunmasına yönəlib. Bu onu da sübut edir ki, yerli özünüidarəetmə bir sıra sırf dövlət hakimiyyəti funksiyalarına malikdir. Yerli özünüidarəetmə mahiyyətcə bu və ya digər ərazinin əhalisinə öz işlərini həll etmək üçün müəyyən sərbəstliyin verilməsidir. Azərbaycanda da yerli özünüidarə orqanlarına bu sərbəstlik tam şəkildə verilib. Bu isə o deməkdir ki, Azərbaycanda siyasi plüralizmin əsaslarından birini təşkil edən yerli özünüidarə orqanlarına kifayət qədər səlahiyyətlər və azadlıqlar verilib. Nəticədə yerli özünüidarəetmə institutu idarəçilik sistemində mühüm yer tutmaqla, əhalinin yerli sosial-iqtisadi, ekoloji və sair problemlərinin operativ və səmərəli həllinə yönəlib. Beləliklə, yerli özünüidarəetmə institutlarının səmərəli fəaliyyəti dövlətin bu qurumların inkişafına yaratdığı şəraitdən, ölkə üçün yerli özünüidarəetmə formalarının düzgün seçilməsindən asılı olduğunu nəzərə alsaq, deməli ölkəmizdə bələdiyyələrin fəaliyyətinmi siyasi plüralizmin nümunəsi kimi qəbul etmək mümkündür.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir