Heç kəsin xatırlanmadığı yerdə yaşamağa nə var ki! Təranə Əlizadə yazır...

III kursda Ədalət mənə ssenari yazmağı tapşırdı. IV kurs rejissor tələbələrdən biri həmin ssenarini diplom işi kimi çəkəcəkdi. Ssenarinin adı belə olmalıydı -“Babam və mən”. Adı eşidən kimi etiraz elədim. Müəllim, baba görməmiş adamam, mənim başımçün deyil bu mövzu. Ssenari yaşantı tələb edir. Biganəliklə “ni çi vooo, yazarsan”- deyib tələm-tələsik getdi.  ...Günlərlə nəsə uydurmağa çalışdım. Və nəhayət yazıb bitirdim. Oxuyub rəy verməsi üçün ssenarini öncə Ədalət evə apardı. 

III kursda Ədalət mənə ssenari yazmağı tapşırdı. IV kurs rejissor tələbələrdən biri həmin ssenarini diplom işi kimi çəkəcəkdi. Ssenarinin adı belə olmalıydı -"Babam və mən". Adı eşidən kimi etiraz elədim. Müəllim, baba görməmiş adamam, mənim başımçün deyil bu mövzu. Ssenari yaşantı tələb edir. Biganəliklə "ni çi vooo, yazarsan"- deyib tələm-tələsik getdi. 
...Günlərlə nəsə uydurmağa çalışdım. Və nəhayət yazıb bitirdim. Oxuyub rəy verməsi üçün ssenarini öncə Ədalət evə apardı. 
Səhər dərsdə məni görən kimi ağladı: "Sənin də əlindən ancaq adamı ağlatmaq gəlir"- dedi. 
O balaca oğlan uşağı özüməm - demək istədim, susdum.
Dərs yerinə yenə Kinozalda filmə baxmağa getdik. Zala girən kimi məni görüb yaxınlaşdı: bilirsən, məni o balaca uşağın "Allah baba" deyib göyə əl açmağı ağlatdı. Çox təhlükəli adamsan-dedi.
Nolsun -dedim, məni də yaşantılarımı pula satmağım ağlatdı, bir də heç vaxt sseanari yazmayacam, inciməyin. 
...Kinoya baxdığımız yerdə birdən arxaya çevrildi sumkasını açıb mənə "Sinickers" verdi. Götürmədim. Qızlar da buna qoşulub israr etdi, zarafata salıb biri ordan dedi mənə verin, biri burdan. Vermədi.
-Cəhənnəmə ki- deyib təzədən geri çevrildi. Səhər göyərtisatan qadından almışdım bu şokoladı. 
- Birinci dəfədi eşidirəm göyərtisatanın şokolad satmağını. Nə işdisə, belə tiplər ancaq sizin rastınıza çıxır
Qayıtdı ki, kimsə bu qadını sevindirmək üçün ona bir dənə şokolad verib, yeməyib, onu da qoyub qarşısına satırdı ki, evə bir manat artıq aparsın. Guya neynir sevinməyi, yadırğayıb ee, başa düşürsən? Şokoladı onsuz da alacaqdım, amma yazdığın ssenari yadıma düşdü, sənə gətirdim. O qadın sevinə bilmir, unudub. Amma sən sevin, başın nə qədər qarışıq olur-olsun, sevinməyi unutma, təbəssümünü axsatma. Düzdü, alman zabiti eşitsə ki, başqa bir qıza şokolad almışam, məni evə buraxmayacaq, amma neynək! Onsuz da bizim evdə məşhursan, sənə bir söz deməz, yazılarını oxuyub.
...Hardan ağlına gəldisə, soruşdu, bəs baban yox idi axı, bu mətn hardan çıxdı belə? 
Heç nə, fikirləşdim ki, babam yoxdu yoxdu də, oturub nənəmdən yazım, qoy nənəm sevinsin,- dedim- həm də axı bir vaxtlar mən də Allaha dua eləmişəm. Uşaq olmuşam də, müəllim. Baxma, indi böyümüşəm, əllərimə də bərk-bərk tapşırmışam, daha narahat eləməz Allahın qapılarını...
...Ədalət müəllim, yadımdan çıxıb yoxluğunun neçənci payızıdı. Səni görməyə gəlmirəm, heç vaxt gəlməyəcəm də. Daha sənin də qapını döyüb narahat etmirəm. Dünyadan xəbərsiz Allah misalısan. Bilirəm, yerin rahatdı. Heç kəsin xatırlanmadığı yerdə yaşamağa nə var ki! Vay bizim halımıza, şəhərin hər yeri xatirədi, hər tini tanışdı. Cəhənnəmə ki!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31