İctimai işlər kimlərə tətbiq oluna bilməz?
Azərbaycan hüquq və demokratik cəhətdən inkişaf etdikcə, beynəlxalq aləmin, dünya birliyinin ayrılmaz bir hissəsinə çevrildikcə bir sıra qanunvericlik aktlarının da zaman-zaman müasirləşdirilməsinə, onları günün tələblərinə uyğunlaşdırılmasına cidi ehtiyac yaranır.
5 Oktyabr 2017 14:15 SosialAzərbaycan hüquq və demokratik cəhətdən inkişaf etdikcə, beynəlxalq aləmin, dünya birliyinin ayrılmaz bir hissəsinə çevrildikcə bir sıra qanunvericlik aktlarının da zaman-zaman müasirləşdirilməsinə, onları günün tələblərinə uyğunlaşdırılmasına cidi ehtiyac yaranır. Bu istiqamətdə xüsusilə son illərdə məqsədyönlü adımlar atılaraq hüquqi sahədə bir sıra qanunvericilik aktlarında dəyişikliklər edilir. Bu günlərdə atılan daha bir təqdirəlayiq addım cəzaların humanistləşdirilməsi ilə bağlı Cinayət Məcəlləsinə təklif edilən dəyişikiklərdən ibarətdir. Təklif olunan dəyişikliklər istər hüquqşünaslar, istərsə də qanunverici orqanda təmsil olunan deputatlar tərəfindən müsbət qiymətləndirilir. Millət vəkili Vüsal Hüseynov deyir ki, yeni Qanuna görə, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma artıq cinayət məsuliyyətinə səbəb olmayacaq. Onun sözlərinə görə, bununla bağlı müddəa Cinayət Məcəlləsindən çıxarılır: "Mövcud Məcəlləyə əsasən bu halda üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətdə islah işləri və ya altı ayadək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Sağlamlığa az ağır zərər vurma nədir? Əgər zərərçəkmiş şəxs ümumi əmək qabiliyyətinin azı üçdə bir hissəsini əhəmiyyətli dərəcədə dayanıqlı itiribsə və ya əmək qabiliyyətini 21 gündən çox olan müddətdə müvəqqəti itiribsə, həmin şəxsin sağlamlığına vurulan zərər az ağır hesab olunur. Əlavə olaraq, az ağır zərər həyat üçün təhlükəli olmayan zərərdir".
Elə tanınmış ekpert və hüquqşünaslar da qanuna ediləcək dəyişiklikləri məqbul sayırlar. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Asif Abdullayev deyir ki, xüsusilə islah işləri və ictimai işlərə cəlb etməklə bağlı məqam təqdirəlayiqdir: "İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.
İslah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti müəyyən edilərkən məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və üç gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır". Vəkil deyir ki, ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir: "Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İctimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Bu cəzaya məhkum olunmuş şəxs həmin işləri yerinə yetirməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə ictimai işlərin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti müəyyən edilərkən məhkumun ictimai işləri yerinə yetirdiyi müddət nəzərə alınır və səkkiz saat ictimai işə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Ümumiyyətlə, ictimai işlər birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, hamilə qadınlara, himayəsində səkkiz yaşınadək uşağı olan qadınlara, pensiya yaşına çatmış qadın və kişilərə, 5 hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq oluna bilməz".
Asif Abdullayev 14 yaşına çatmış şəxsin hansı hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməsi ilə bağlı msələyə də toxunub. Bildirib ki, qanunvericiliyin bu məsələyə aid maddəsi bir az məntiqsizdir: "Misal üçün, Cinayət məcəlləsinə əsasən, avtomobili və digər nəqliyyat vasitəsini qanunsuz ələ keçirməyə görə 14 yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir, amma avtomobillə qəza törədərək adam öldürən 14 yaşına çatmış şəxs cinayət məsuliyyətinə cəlb edilmir. 14 yaşı tamam olan şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi halların tam siyahısını diqqətinizə çatdırmaq istərdim.Bu şəxslər yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir".
Füzuli