Azərbaycanda söz və fikir azadlığı ənənəsi mövcuddur

Söz və mətbuat azadlıqları hər bir ölkədə, ilk növbədə, insanların müstəqil düşüncə ifadə etmək arzusunu gerçəkləşdirir, cəmiyyətdə fikir müxtəlifliyinə, aşkarlığa, həqiqəti üzə çıxarmağa imkan verir. Bu azadlıqlar tam demokratik idarəetmənin qaydaya salınmasında, zorakılığa əl atmadan istənilən siyasi mübahisənin müzakirələr yolu ilə həllinə, hər bir fərdin özünüifadəsinə şərait yaradır.

Söz və mətbuat azadlıqları hər bir ölkədə, ilk növbədə, insanların müstəqil düşüncə ifadə etmək arzusunu gerçəkləşdirir, cəmiyyətdə fikir müxtəlifliyinə, aşkarlığa, həqiqəti üzə çıxarmağa imkan verir. Bu azadlıqlar tam demokratik idarəetmənin qaydaya salınmasında, zorakılığa əl atmadan istənilən siyasi mübahisənin müzakirələr yolu ilə həllinə, hər bir fərdin özünüifadəsinə şərait yaradır. Söz azadlığı deyəndə, eyni zamanda, insanın fikirlərini yazılı, şifahi və başqa formalarda ifadə etmək, ətraf aləmə münasibətini bildirmək, bu münasibəti başqalarına çatdırmaq sərbəstliyi başa düşülür. Etiraf edək ki, Azərbaycanda söz və fikir azadlığı ənənəsi tarixən mövcud olmuşdur. Lakin ölkəmiz müstəqillik əldə etdikdən sonra mövcud ənənə daha da inkişaf etdirilmiş, söz və fikir azadlığının ən yüksək səviyyədə təmin olunması üçün lazım olan bütün addımlar atılmışdır. Xatırladaq ki, hələ Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli fərmanı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" təsdiq olunmuşdur. Proqram jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı ilə əlaqədar problemlərin həlli məqsədilə Əlaqələndirmə Şurasının yaradılmasını önə çəkirdi. Eyni zamanda, proqramda KİV subyektləri tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəsi və telefon rabitəsi üzrə müəyyən olunmuş tariflərin minimum məbləğdə ödənilməsi nəzərdə tutulmuşdu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş 19 iyun 1998-ci il tarixli "Məlumat azadlığı haqqında", 10 iyun 1997-ci il tarixli "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", 3 aprel 1998-ci il tarixli "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", 12 mart 2002-ci il tarixli "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası qanunlarının qəbulu mətbuatın azad və müstəqil fəaliyyətinin təmin edilməsi sahəsində yaxşı imkanlar açmışdır. Eləcə də son 10 ildə "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "İnformasiya azadlığı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanunlar qəbul edilmiş, bu zaman Avropa Şurasının mütərəqqi rəy və təklifləri nəzərə alınmışdır. Ölkə rəhbərliyi demokratik inkişafın qarantı qismində çıxış etdiyi üçün mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurasının yaradılmasını mətbuat nümayəndələrinin öz öhdəsinə buraxmışdır. 2003-cü ilin martında ölkə jurnalistlərinin birinci qurultayında demokratik səsvermə yolu ilə Mətbuat Şurasının üzvləri və sədri seçilmişdir. Şura 8 illik uğurlu fəaliyyəti ilə cəmiyyətdə qəbul olunan, sayılıb-seçilən, eyni zamanda mətbuat-məmur, mətbuat-vətəndaş mübahisələrinin məhkəməyəqədərki həllində böyük nailliyyətlər qazanan nüfuzlu təşkilata çevrilmişdir. Bu dəyərlər uğrunda mübarizə ona görə daim aktualdır ki, cəmiyyət və dövlətdən çəkinməyərək öz fikrini ifadə etmək hüququ - özünüifadə azadlığı insan haqlarının ən mühümü, vətəndaşın dövlətin idarə olunması və ona nəzarət edilməsində həqiqi iştirakının əsasını təşkil edir. Bu azadlıqlar insanın cəmiyyətdə layiqli yerini tapmasına, plüralizmin bərqərar olmasına, ən başlıcası, dövlətin demokratik dəyərlərə söykənməsinə şərait yaradır. Müasir dövrdə mətbuat azadlığına münasibət həm də dövlətlərin demokratik dəyərlərə münasibətini ifadə edir, cəmiyyətin siyasi fəallığından xəbər verir. Onu da xatırladaq ki, Azərbaycanda söz və fikir azadlığının tarixi qədim zamanlara gedib çıxır. Belə ki, Azərbaycanın böyük mütəfəkkiri Məhəmməd Füzuli "Kim nə miqdar olsa, əhlin eylər ol, miqdar söz" deyəndə, yaxud sərkərdə və şair Şah İsmayıl Xətai "Söz var kəsər savaşı, söz var kəsdirər başı", - deyə yazanda məhz sözün ucalığını, müqəddəsliyini izhar etməyə çalışırdılar. Sözlə bağlı atalar sözlərimiz də xalqımızın yüksək ünsiyyət mədəniyyətini, zəngin mənəvi keyfiyyətlərini, mental dəyərlərini özündə dolğun şəkildə əks etdirir. Məsələn, ulularımız "Söz var dağa qaldırar, söz var dağdan endirər", - deyəndə sözün insanlar arasında sülhün, barışın, qarşılıqlı anlaşmanın əldə olunmasında, ümumən cəmiyyətdə sivil birgəyaşayış normalarının təminatında müstəsna rolunu önə çəkmişlər. Azərbaycan xalqının söz, mətbuat azadlığı uğrunda tarixi mübarizəsinin real məzmun kəsb edərək praktik surətdə gerçəkləşməsi isə XIX əsrə təsadüf edir. Bakıda ilk rus qəzetinin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları Tiflisdə çıxan rus qəzetləri əks etdirirdi. XIX əsrin 20-ci illərindən başlayaraq "Tiflisskiye vedomosti", "Zakavkazski vestnik", "Kavkaz", "Novoye obozreniye" və başqa qəzetlərdə Azərbaycan xalqının ədəbi həyatına aid yazılar əhəmiyyətli yer tuturdu. 1832-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan belə qəzetlərdən biri də "Tiflis əxbarı" qəzeti idi. Lakin çarizmin ideoloji-siyasi təsiri altında olan bu qəzetlərin mövcudluğu ilə barışmayan Azərbaycan xalqı özünün milli mətbuatını yaratmaq üçün uzun illər mübarizə aparmalı olmuşdur. Məhz bu mübarizənin nəticəsi olaraq da 1875-ci il iyulun 22-də görkəmli ədib və ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbuat orqanı - "Əkinçi" qəzeti işıq üzü görmüşdür. Zərdabi və onun məsləkdaşları Azərbaycan xalqını gerilikdən çıxarmaq, cəhalət və mövhumata ağır zərbə vurmaq, yeniliyi təbliğ etmək kimi çətin vəzifəni üzərlərinə götürmüşdülər. "Əkinçi"nin səhifələrində xalqa zülm edən bəylər, mülkədarlar kəskin tənqid edilir, insanların elm, təhsil, savad alması, maariflənməsinin vacibliyi geniş təbliğ edilirdi. Məhz buna görə də qəzet çarizmin aşkar təzyiq və təhdidləri ilə üzləşir, çapına ciddi maneələr törədilirdi. Bu təzyiqlərin şiddətlənməsi nəticəsində Həsən bəy Zərdabi 1877-ci ildə "Əkinçi"nin nəşrini dayandırmalı oldu. Görkəmli ziyalı 1905-ci ildə "Həyat" qəzetində çap etdirdiyi "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsində "Əkinçi"ni nə məqsədlə nəşr etdiyini, qarşıya çıxan çətinlikləri, çar senzurasının təqiblərini açıb göstərmişdir. XIX əsrin sonları XX əsrin əvvəllərində Bakıda çap olunan "Kaspi", "Kəşkül", "Hümmət", "Həyat", "Açıq söz", "Dirilik" qəzetləri, habelə "Molla Nəsrəddin" jurnalı da Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin formalaşmasında, azad sözün, müstəqil düşüncənin inkişafında mühüm rol oynamışdır. Bu isə o deməkdir ki, hələ XX əsrin əvvəllərində Azərbaycan jurnalistləri demokratik mətbuatın mütərəqqi ənənələrini böyük müvəffəqiyyətlə inkişaf etdirirdilər. Azad sözə, fikir azadlığına münasibətdə dövlət bu gün də müsbət addımlar atmaqda davam edir. Xüsusən, jurnalistlərin sosial problemlərinin həlli, mənzil şəraitinin yaxşılaşdırılması dövlətin diqqətindən kənarda qalmayıb. Məhz bu diqqətin nəticəsidir ki, artıq söz və fikir azadlığına ləyaqətli töhvə verən media əhki üçün iki bina tikilib, üçüncüsünün tikntisi isə davam etdirilir. Prezident İlham Əliyev jurnalistlər üçün tikilən ikinci binanın açılış mərasimində bildirib: "Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik". Bununla yanaşı, ölkədə söz və fikir azadlığının təmin olunması istiqamətində dövlət tərəfindən lazım olan bütün şərait yaradılıb. Bu sahədə yaranan münasibətləri tənzimləyən qanunvericilik bazası Avropa mütəxəssislərinin biləvasitə iştirakı ilə hazırlanaraq beynəlxalq standartlara uyğunlaşdırılıb. Bu isə Azərbaycanın demokratiyanın təməl prinsiplərindən olan söz, məlumat, fikir, vicdan azadlıqlarına olan sayğılı münasibətinin bariz nümunəsidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi təsbit edilmişdir. Bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün dövlətin siyasi-hüquqi və iqtisadi potensialından tam istifadə edilməsi sahəsində ciddi tədbirlər görülür.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31