Oxu, ürək dərmanını da yanında saxla...
Polis əməkdaşları tərəfindən sentyabrın 15-dən 30-dək cinsi azlıqlarla bağlı əməliyyat tədbiri həyata keçirilib. Nəticədə 83 nəfər saxlanılıb. Müayinə zamanı məlum olub ki, onlar dəri-zöhrəvi və müxtəlif ("AİDS”, "HİV”, "sifilis”, "kəskin uretrit, candida albikas və trixomonias”, "Hepatit HVC”) xəstəliklərinin daşıyıcılarıdırlar. Lakin bu vacib əməliyyatı Qərb mediası cinsi azlıqlara qarşı ayrı-seçkilik, təzyiq kimi qələmə verməyə, göstərməyə çalışıb. Bəs bu həbslərin siyasiləşdirilməsində, guya cinsi azlıqların hüquqlarının pozulması kimi qələmə vermiləsində məqsəd nədir?
4 Oktyabr 2017 16:10 SosialCinsi oriyentasiyasından asılı olmayaraq hər kəs ictimai qaydalar və əxlaq normalarına əməl etməyə borcludur
Polis əməkdaşları tərəfindən sentyabrın 15-dən 30-dək cinsi azlıqlarla bağlı əməliyyat tədbiri həyata keçirilib. Nəticədə 83 nəfər saxlanılıb. Müayinə zamanı məlum olub ki, onlar dəri-zöhrəvi və müxtəlif ("AİDS", "HİV", "sifilis", "kəskin uretrit, candida albikas və trixomonias", "Hepatit HVC") xəstəliklərinin daşıyıcılarıdırlar. Lakin bu vacib əməliyyatı Qərb mediası cinsi azlıqlara qarşı ayrı-seçkilik, təzyiq kimi qələmə verməyə, göstərməyə çalışıb. Bəs bu həbslərin siyasiləşdirilməsində, guya cinsi azlıqların hüquqlarının pozulması kimi qələmə vermiləsində məqsəd nədir?
"Süni cinsi azlıq təəssübkeşliyi də məkrli görünür"
Jurnalist Tural İsmayılov hesab edir ki, guya ölkədə cinsi azlıqların sıxışdırılması haqqında dezinformasiyalar xüsusi qrupların məqsədli informasiya təxribatıdır. Onun sözlərinə görə, Azərbaycanda insanlar fərqliliklərinə görə heç bir basqıya məruz qalmır: "Məsələ ilə bağlı Tvitterdə geniş araşdırma apardım. İlk olaraq bu saxta məlumatı yazanlar xaricə qaçan bir neçə anti-Azərbaycan şəbəkə "fədailəri" oldu. Ardınca erməni geylərin bloqlarında bunu verdilər və arxasınca Qərbdə mənzillənən konkret qruplar məsələni şişirtdilər. Aydın məsələdir ki, bu qruplara insan haqları filan maraqlı deyil. Məsələn, necə olur ki, homoseksualların hüquqlarını müdafiə etdiyini bağıran bu qaragüruh Ermənistan tərəfindən girov saxlanan iki azərbaycanlı ilə bağlı heç bir bəyanat vermir. Necə olur ki, Ermənistan həbsxanalarında saysız siyasi məhbus varkən bu qruplar ortada heç bir fakt olmadan bizim ölkədə cinsi azlıqlar timsalında insan haqlarının pozulduğunu deyir? İnsan haqları qlobal məsuliyyətə söykənən məfhumdur. Əgər bu gün bir coğrafiyada bombalar altında insanlar tələf olursa, bir ölkə həyasızcasına torpaq işğal edir və buna lazımi reaksiyalar verilmirsə, indiki halda süni cinsi azlıq təəssübkeşliyi də məkrli görünür".
"Bura Qərb deyil"
Məsələyə münasibət bildirən sosioloq Lalə Mehralının deyir ki, qızıl dəyərləri olan Azərbaycanda zərərsiz, heç kimə pisliyi dəyməyən cinsi azlıqlara münasibət pis deyil. Həmsöhbətimizin sözlərinə görə, ictimai asayişin pozulmasına görə təkcə cinsi azlıqlar yox, bütün vətəndaşlar məsuliyyətə cəlb olunurlar: "Ölkədə yaşayan şəxslər ölkədaxili qaydalara riayət etməlidirlər. Bu, bütün vətəndaşlara şamil olunur. Cinsi azlıq olması heç kimə ictimai asayişi pozmaq haqqı vermir. Bu halda tədbir görülməlidir. Azad seks, LGBT adı altında intim xidmətlər göstərən bu insanların cəmiyyət üçün təhlükəli olduğunu həmişə deyirik. Bizdə daha çox intim xidmət göstərən cinsi azlıqlara qarşı etiraz səsi yüksəldilir. Bir çoxumuzun ətrafında cinsi azlıq nümayəndələri var, əgər zərərsizdirsə, heç kimə pisliyi dəymirsə və seks xidməti göstərmirsə, ona qarşı aqressiya da nisbətən azdır. Bura qərb deyil, qızıl dəyərləri olan Azərbaycandır. Düzdür, qərbdən lazımı maddi dəstək alan ayrı-ayrı kütləvi informasiya vasitələrində, habelə özünü jurnalist, ictimai fəal adlandıran bir sıra insan ölkəmizdə cinsi azlıqlara qarşı təqiblərin olması və onların hüquqlarının pozulması barədə böhtan yazılar yayımlayırlar. Əksəriyyətimiz bilirik ki, bu iddialar tamamilə əsassızdır, yazılanlar və deyilənlər reallığı əks etdirmir".
Sosioloq hesab edir ki, bu tədbirlər vətəndaşların dincliyi, təhlükəsizliyi üçün görülür: "Saxlanılan insanların əksəriyyətinin ciddi, təhlükəli xəstəlik daşıyıcısı olduğu aşkarlanıb. Bu insanlar heç bir dispanserdə, xəstəxanada qeydiyyatda deyillər. Biz onlarla eyni avtobusa minir, eyni kafedə oturur, bəlkə də heç yuyulmayan eyni fincanda çay içirik. Onlar öz intim xidmətlərini xəstəliklərini gizlədərək təklif edirlər, beləcə bir adamdan yüzlərlə adama yayılır. Xəstəlik daşıyıcılarının nəzarətə alınması məsələsinə gəlincə, onlar elə-belə saxlanmayıblar, ictimai qaydanı pozmaqla vətəndaşların şikayətlərinə səbəb olublar və bundan sonra həmin şəxslər müəyyənləşdirilib, məsuliyyətə cəlb edilib və bundan sonra ağır nəticələrə səbəb olan yoluxucu zöhrəvi xəstəliklər daşıyıcısı olduqları aşkarlanıb. Bu tədbirlər vətəndaşların dincliyi, təhlükəsizliyi üçün görülür. Qərbmeylli bir neçə insan etiraz edirsə qoy etsin, əsas odur ki, vətəndaşımız özünü təhlükəsiz və güvənli hiss edir".
"Qanunvericilik çərçivəsində hərəkət etməliyik"
Hüquqşünas Sahib Məmmədov isə deyir ki, kimliyindən asılı olmayaraq hər kəs ictimai əxlaq normalarına əməl etməyə borcludur: "Bizim qanunvericilikdə cinsi azlıqlar üçün hər hansı cinayət məsuliyyəti nəzərdə tutulmur. Amma hər bir kəs ictimai qaydalar və ictimai əxlaq normalarına əməl etməyə borcludur. Düzdür, qanunvericiliyimiz bəzi Avropa ölkələrinin qanunvericiliyindən fərqlidir. Bu da milli dəyərlərə əsaslanır. Hər bir ölkənin də milli qanunvericilik aktları ilk növbədə onun öz dəyərlərinə söykənməlidir və beynəlxalq normalar da bunu inkar etmir. O baxımdan, hansısa qrup ictimai əxlaq qaydalarını, ictimai asayişi pozursa, əlbəttə saxlanıla bilər. Bu zaman biz yalnız qanunvericilik çərçivəsində hərəkət etməliyik".
"Xarici donorların maliyyəsi ilə hazırlanmış tamaşalar qurulur"
QHT sədri Sənan Nəcəfov yayılan xəbərləri təəccüblə izlədiyini bildirdi. Müsahibimiz deyir ki, Azərbaycanda cinsi azlıqlar heç vaxt təqib edilməyib: "Son günlərdə Qərb mətbuatında Azərbaycanla bağlı başlanan abstrakt "LGTB hücumuna" görə xəbərləri izləyirəm. Açığı deyim, şokdayam. "BBC Azərbaycanca" ərinmədən, yorulmadan, usanmadan bütün Britaniya mətbuatının Azərbaycanda aparılan profilaktik tədbirlərlə bağlı yazılarının rezuməsini verib. Oxu, ürək dərmanını da yanında saxla. Belə məlum olur ki, Qərb mediası işini gücünü atıb Azərbaycanda seksual azlıqların müdafiəsinə qalxıb. Amma niyə? Nə baş verib axı? Təsəvvür edin ki, "The Independent" insan haqları qrupları Azərbaycan hökumətinin həbs olunduğu söylənən onlarca cinsi azlıq nümayəndəsinin azadlığa buraxılmasını tələb etdiyini yazır. Homoseksualların hüquqlarını müdafiə edən beynəlxalq ILGA təşkilatı bildirir ki, xəbərləri yayılan reydlərin tam miqyasını müəyyənləşdirmək mümkün deyil, lakin Azərbaycan LGBT şəxslərin təqib olunduğu yer kimi tanınır. Qəribədir. Axı Azərbaycanda cinsi azlıqlar heç vaxt təqib edilməyib, haradandır bu əminlik? Özləri yazırlar ki, həbslər "fahişəliyə qarşı reydlər" zamanı həyata keçirilib. Özünüz deyirsiniz. Bu, fahişəliyə bağlı tədbirlərdir. Bunu Qərbdə etmirlər? Faktları sadalasaq, saatlarla vaxt aparar. Yaxşı, elədirsə müsəlman ölkəsində, patriarxat cəmiyyətdə "fahişəliyin" açıq müdafiəsini necə aparmaq olar? Başqa bir fakt. Həbs olunanların hüquqi müdafiəsini təşkil etməyə çalışan vəkil Səməd Rəhimli "The Guardian" qəzetinə deyib ki, ölkədə LGBT icması üzərinə əvvəllər də hücumlar olub, lakin özünün sistematik və geniş reydləri ilə budəfəki hücum daha böyükdür. Vəkilə sual etmək lazımdır ki, böyük hücum deyəndə nə nəzərdə tutulur? Tank, BTR, ağır artilleriyadan istifadə olunub? Heç nə, 60 nəfər ya 20 günlük həbs cəzasına məhkum edilib, ya da cərimələnib. Bu, hücumdur? Bu qədər müzakirə olunası məsələ olduğu halda, niyə məhz gey hüququ Qərb üçün önəmli olub? Öz cinsindən olan şəxslə evlənmək hüququ, övladlığa uşaq götürmək hüququ, əsgər getməmək hüququ... Allah xatirinə biri desin, bu məsələ ilə bağlı harada və kimə təzyiq edilib?".
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatlarında qeyd olunub ki, ayrı-ayrı kütləvi informasiya vasitələrində cinsi azlıqlara qarşı guya təqiblərin olması və onların hüquqlarının pozulması barədə deyilənlər, iddialar tamamilə əsassızdır, reallığı əks etdirmir. Bir daha qeyd etməyi vacib hesab edirik ki, belə tədbirlərin keçirilməsində məqsəd yalnız ictimai qaydanı pozmaqla vətəndaşların şikayətlərinə səbəb olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi və ağır nəticələrə səbəb olan yoluxucu zöhrəvi xəstəliklərin yayılmasının qarşısının alınmasıdır.
Tibbi-laborator müayinələrin hazırkı nəticəsinə görə, 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 6 nəfərdə QİÇS, 6 nəfərdə HİV, 16 nəfədə -da sifilis, 2 nəfərdə kəskin uretrit, candida albikas və trixomonias, 2 nəfərdə isə Hepatit HVC virusu aşkarlanıb, digərlərində zöhrəvi xəstəliklərin olub-olmamasının müəyyənləşdirilməsi, eləcə də onlar tərəfindən bu xəstəliklərin məqsədli şəkildə yayılmasının qarşısının alınması istiqamətində səhiyyə orqanları ilə birgə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Kaspi.az