Güclü olmaq istəmirəm... Nigar Adil yazır
Çöldə payız. İçimdə isə yüz ilin görünməmiş “qış”- ını yaşayıram. İşə adapdə olmaq istəyirəm. Baş vermiş hər şeyi, hər kəsi unutmaq üçün. Özümü toparlamağa çalışıram. Saytları açıram. Ölkə saytları da sanki mənimlə bərabər “qış”dadılar. Yetinmirəm, türk, rus, hətta “salam-sağ ol” dan başqa heç nə bilmədiyim ingilis saytlarını, fransız saytlarını açıram. Bu qar əriməlidi, nəsə məni ovutmalıdı, nəsə mənə ümid verməlidi ümidi ilə...
4 Oktyabr 2017 15:06 SosialGüclü olmaq istəmirəm...
Nigar Adil
Çöldə payız. İçimdə isə yüz ilin görünməmiş "qış"- ını yaşayıram. İşə adapdə olmaq istəyirəm. Baş vermiş hər şeyi, hər kəsi unutmaq üçün. Özümü toparlamağa çalışıram. Saytları açıram. Ölkə saytları da sanki mənimlə bərabər "qış"dadılar. Yetinmirəm, türk, rus, hətta "salam-sağ ol" dan başqa heç nə bilmədiyim ingilis saytlarını, fransız saytlarını açıram. Bu qar əriməlidi, nəsə məni ovutmalıdı, nəsə mənə ümid verməlidi ümidi ilə...
Amma bütün dünya, yerli saytlardakı yazılar, xəbərlər, şəkillər hamısı mənim üçün bir ovuc gərəksiz malzəmədi, sanki. Elə bir hansısa pazlı yığmaq sənə həvalə olunub. Bitirməyin üçün pazılın hansısa bir hissəsini tapa bilmirsən. Bütün evi, ətrafı, hətta dünyanı dörd dolanırsan. Tapılmır ki, tapılmır. İtirmədiyinə əminsən, çünki indicə əlinlə, gözlərinin önündə təzə qutudan çıxartmısan. Amma o bir hissə yoxdu ki, yoxdu... Elə bil bəxtin, şansın, tanrın səninlə qanlı - bıçaqlıdı.
Həytında çatışmayan hissələrlə, hissəciklərlə razılaşa, qəbul edə bilmirsən. Hər daim NİYƏ sualı sənə bütün ətrafını dörd dolandırır. O an hər kəs sənin üçün dəyərsizləşir, hər şey anlamını itirir. NİYƏ - lərdə boğulduğunu görürsən sadəcə. Və bu da səni məhv edir.
Qəlbinə bir damcı gün işığı arzulayırsan. Günəşin şüasının mində bir hissəsinin "qar"ları əritməsinə çalışırsan, ümid edirsən, çabalayırsan. Amma... Dediyin sözlər, sevgi ilə toxunduğun hər şey buz baltası kimi səni doğrayan an bütün dəyərlər gözündə cılızlaşır, bütün sevgilər nifrətə dönür. Səs tellərin, boğazın partlayana qədər YETƏR deyib qışqırmaq istəyirsən. Ətrafına baxırsan. Olduğun ortam buna müsaid deyil. Nə zamansa müsaid olacaqmı? Təbii ki, yox. Heç vaxt belə bir ortam olmayacaq, heç vaxt o buzlar əriməyəcək və günəşin mində bir zərrəsi, işığı, şüası sənə ümid verməyəcək.
Bəs doğru olan nədir? Ən doğru olan ikiqanadlı bir canlı olmaqdı, deyəsən. İstədiyin vaxt istəmədiyin, istənmədiyin ortamdan, hər yerdən, hər kəsdən baş götürüb getməkdir ən doğru olanı. Fərqi yoxdu, qarğa oldun, sərçə oldun, lap elə ağcaqanad olsan belə yetərlidi. Yetər ki, canın istəməyəndə, istənilməyəndə gedə biləsən. Hamıdan, hər kəsdən... uzaqlara... lap uzaqlara...
Payızın küləyində üşü, qışın qarında don, amma yetər ki, insanların "küləyində", "qarında" donma...
Bəzən saytlar, tv- lər bas - bas bağıraraq "yüz ilin şaxtası bu qış"- deyirlər, yazırlar. Amma təbiət ən sərt qışında belə bizə, insanların bizə yaşatdığı "qış" qədər əlacsız, ümidsiz qoymur.
Bütün bunlardan sonra həyat sənin boğazından yekə bir "medal" asır: "GÜCLÜ QADIN"
Al, hər şey sənin olsun. Dünyanın bütün gücləri, əzələləri, dərdləri, "qışları", "küləkləri"...
Kim deyir ki, mən bu "medal" üçün yarşayıram? Mən xoşbəxt olmaq istəyirəm, buna çabalayıram...
Artıq güclü-filan olmaq istəmirəm. Qoy, bütün güclər sənin - həyatın olsun. Mənə bir günəşim və payızım yetər. Mənə sevgi yetər, mənə qayğı yetər, qar dənəsi boyda xoşbəxtlik yetər...
Güclü olmaqla günəşli olmaq olmur, sevgi olmur, xoşbəxtlik olmur...