Uşaqların zorla dini mərasimlərə aparılması qəbuledilməzdir

Son günlər uşaqların dini mərasimlərdə iştirakı ətrafında aparılan müzakirələr gündəmin ən aktual məsələsinə çevrilib. Daha dəqiq, uşaqların aşura mərasiminə qatılması ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Həddi-buluğa çatmamış, hələ nə özünü, nə də dünyanı dərk etməyən azyaşlıların dini mərasimlərdə iştirakında daha çox valideyinlər günahlandırılır. Maraqlıdır uşaqların dini mərasimlərə qatılması nə dərəcədə onların gələcək dünyagörüşünə təsir edə bilər?

Bu, gələcəkdə çox ciddi fəsadlar törədə bilər
 

Son günlər uşaqların dini mərasimlərdə iştirakı ətrafında aparılan müzakirələr gündəmin ən aktual məsələsinə çevrilib. Daha dəqiq, uşaqların aşura mərasiminə qatılması ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Həddi-buluğa çatmamış, hələ nə özünü, nə də dünyanı dərk etməyən azyaşlıların dini mərasimlərdə iştirakında daha çox valideyinlər günahlandırılır. Maraqlıdır uşaqların dini mərasimlərə qatılması nə dərəcədə onların gələcək dünyagörüşünə təsir edə bilər? Xatırladaq ki, Azərbaycan Respublikasının Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının müdafiəsi sistemi çərçivəsində təhsildən yayınma və sağlamlığına zərər vurma hərəkətlərin qarşısının alınması məqsədilə dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Uşaqların sağlamlığa zərər vuran hərəkətlərin edilməsi yolverilməzdir və bu birbaşa Uşaq Hüquqları Konvensiyasının pozulmasıdır. Həmin maddəyə əsasən uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. Əks halda qanun pozuntusu qeydiyyata aldığı andan valideynlər öz hüquqlarında məhdudlaşa və ya ümumiyyətlə valideyn hüquqları ləğv edilə bilər. Azərbaycan Respublikasının Ali qanununa, ölkə tərəfindən qoşulan beynəlxalq konvensiyalara əsasən uşaqlara qarşı zorakılıq və ayrı-seçkilik yolverilməzdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Dövlət Komitəsi müvafiq dövlət qurumları ila birgə, xüsusilə də yalnış stereotipləri aradan qaldırılması sahəsi üzrə maarifləndirmənin gücləndirməsi istiqamətində iş aparır, risk altında olan ailələri hüquqşunaslarla və psixoloqlarla təmin edir, məktəblərdə və ali təhsil ocaqlarında müvafiq təlim-tədris proqramlarını keçirir. Dövlət Komitəsi uşaqların məcburi şəkildə dini mərasimlərdə iştirakına qarşı olduğunu bir də vurğulayır. Bu məsələ ilə bağlı milli qanunvericilikdə boşluqlar olduğunu nəzərə alaraq, valideyn məsuliyyəti artırılmalıdır və beynəlxalq konvensiyalara əsasən qanunvericilikdə dəyişiklər edilməlidir: "Azərbaycan Respublikası Prezidentinin 1 İyun 2016-cı il tarixli, 2074 nömrəli Sərəncamına əsasən Komitə tərəfindən "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında" Qanun layihəsi hazırlanmışdır. Qanun layihəsi uşaqların zərərli infromasiyadan qorunması, ölkə ərazisində informasiya məhsullarının yayılması ilə bağlı münasibətləri tənzimləyir. Uşaqların onlara zərər vuran informasiyadan qorunması üçün bu sahəyə dövlət nəzarətinin olması vacibdir. Müasir Azərbaycanda uşaqları onların sağlamlığına və inkişafına mənfi təsir edə biləcək kütləvi tədbirlərə cəlb edilməsi yolverilməzdi. Dövlət Komitəsi valideynlərin bu məsələyə məsuliyyətlə yanaşmağa çağırır". Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Azərbaycanda hər bir vətəndaşın dini etiqadına azadlıq verilib və buna hörmətlə yanaşılır. Dini ayinlərin azad şəkildə keçirilməsi üçün meydan tanınıbdır: "Lakin bununla bərabər bu günlərdə ölkəmizdə Aşura mərasiminin keçirilməsi zamanı bir tərəfdən bizim İslam dininin qorunub saxlanmasında rolu olan İmam Hüseynin müsibətinə göz yaşı axıdan, həqiqi ağrılar keçirən minlərlə insanı gördük. Amma bu sırada həmçinin biz balaca südəmər uşaqların min illərlə daşınan fanatizmə, ekstremizmə, kəsafətə, düşüncəsizliyə yem edildiyinin, qurban olunduğunun da şahidi olduq". Onun sözlərinə görə, Azərbaycanın öz daxili ictimai-siyasi idarəetmə quruluşu var. Etiqadın qeyd olunması forması bunun içərisində axtarılmalıdır. Ayrı ölkələrin modellərini götürüb bura tətbiq edəndə çox ağır nəticələr alına bilir: "Bizim balacalarımız orada səslənən şüarların altında mənəvi-psixoloji cəhətdən gerçəkdənmi İmam Hüseyn məktəbinin ardıcılı olmaq istəyərək yalnız bu inama, yalnız bu düşüncələrə köklənmiş olur? Yoxsa onun nəticəsində bu gün dünyada yaşanan ekstremizmin, fundamentalizmin qurbanına çevrilir. Çox təəssüf ki, dediyimiz ikinci hal daha çox özünü göstərmiş olur. Uşaqları dini libasa tamamilə bürüyəndə, onları yalnız bu şəhidlik adı altındakı xüsusi bir təbliğata - bir sıra hallarda sırf mövhumatçılıqla dolu olan, zahiri elementlərlə daha çox zənginləşdirilmiş təbliğata müncər edəndə onların düşüncə sistemi qapanır və məktəblə məscidin arasında qalırlar. Biz yaxşı bilirik ki, Məhəmməd peyğəmbər əleyhissalam hər zaman məktəbi məsciddən üstün tutubdur. Çox təəssüf olsun ki, hətta İmam Hüseyn məktəbindən - gerçəkdən də böyük məktəbə, qeyri-bərabər döyüşdə canından qorxmadan öz inancı yolunda öz həyatını verən, amma bununla bərabər bəşəriyyətə daha artıq dərəcədə tamam başqa düşüncələri sərgiləyən adamın mübarizəsinin fəlsəfəsindən düzgün olmayan nəticələr çıxarırlar. Bu, bəzi adamların Azərbaycanda orta əsrlər geriliyini bərqərar etmək istəyindən irəli gəlir. Biz uşaqlarımıza hansı gələcəyi vəd etmək istəyirik? Bu adamlar həqiqətənmi məktəbdən, təhsildən qopararaq o azərbaycanlılara yaxşı sabah vəd edirlər? Mən düşünürəm ki, ümumiyyətlə uşaqlarımızın o tədbirlərə bu şəkildə aparılması qanunsuzdur. Bizim Konstitusiyamız da, Ailə Məcəlləsi də bunu yasaq edir. Bu insanların nə dini təfəkkürü formalaşıb, onlar hələ dünyanı yeni anlayırlar və hansı simvollarla həyatı onların beyninə yazırsansa, onlar sabah həmin formada olacaqlar. Bizim bayrağımızda üç rəng var, bu, o anlama gəlir ki, Azərbaycan dövləti məhz bu üç fundamentin üzərində qurulub, birini o birindən artıq etsən, sistem yerindən çıxar. Ona görə də hesab edirəm ki, Azərbaycanda İslamın hazırkı şəkli fonunda biz bu dövlətdə dünyəvi bir modeldə yaşamaqdayıq. Dövlətimiz dinsiz və dinimiz də dövlətsiz ola bilməz. Uşaqlarımızı o şəkildə meydanlarda təlqin olunan dindən qorumaq lazımdır. O uşaqları qurban etmək olmaz. Biz onları tamam fərqli bir gələcəkdə görürük. Hesab edirəm ki, bizim bu çağırışlarımız da o qüvvələr tərəfindən süngü ilə qarşılanmalı deyil."
 Deputat Sədaqət Vəliyeva qeyd edib ki, uşaqların Aşura mərasiminə cəlb edilməsi onların səhhətinə və psixologiyasına ciddi mənfi təsir göstərir. Aşura mərasiminə uşaqların aparılması onların sağlamlığını təhlükə qarşısında qoyur: "Çünki, həmin mərasimdə iştirak edən insanlardan kimsə infeksion xəstəliklərin daşıyıcısı ola bilər. Uşaqların orqanizmi zəif və yenicə formalaşan olduğundan onlar təhlükəli və güclü viruslara daha tez yoluxurlar. Aşura mərasimində zəncir və qılınc vurma kimi hərəkətlərə yol verilir. Eyni zamanda, ağlaşma və özünüdöymə kimi hallara da rast gəlinir. Təbii ki, bu cür dəhşətli, qanlı və səs-küylü mərasimdə uşaqların psixoloji vəziyyəti ciddi şəkildə pozulur, onlar sarsıntı keçirirlər. İslam alimlərinin də bildirdiyi kimi, dini mərasimlərə azyaşlı uşaqların aparılması istər dini, istər psixoloji, istərsə də hüquqi cəhətdən qəbuledilməzdir. Bu gələcəkdə çox ciddi fəsadlar törədə bilər. Bu kimi halların qarşısını almaq üçün maarifləndirmə tədbirlərini gücləndirmək lazımdır.Valideynlər yetkinlik yaşına çatmamış uşaqların hüquqlarını pozmamalı, öz məsuliyyətini dərk etməli, övladlarına uşaqlıqlarını yaşamağa imkan verməlidirlər. Uşaqlarını dini mərasimlərə cəlb edən valideynlər dərk etməlidirlər ki, uşaqların sağlamlığına zərər vuran hərəkətlər birbaşa Uşaq Hüquqları Konvensiyasına və Azərbaycan Respublikasının müvafiq qanunlarına ziddir".
Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan xalqının əksəriyyəti İslam dininə etiqad edir. İslam dini sülh dinidir, həmrəylik dinidir, inkişaf dinidir, mərhəmət dinidir - çox mütərəqqi bir dindir. Bu din xurafat və mövhumat deyil. İslam dini insanlara deyir ki, ömrünün sonuna qədər oxu, çalış, inkişaf et: "Amma çox təəssüf ki, İslam dini pərdəsi altında müəyyən əməllər də həyata keçirilir. Biz buna imkan verməməliyik. Quran, İslam dini heç kəsi hansısa ayinlərinə əməl etməyə məcbur etmir. Amma keçirilən bəzi mərasimlərdə biz xoşagəlməz halların şahidi oluruq. Dinimizi düzgün təbliğ etmək əvəzinə biz bunun əksini görürük. Məsələn, bu günlərdə keçirilən Aşura mərasimində bir sıra məscidlərdə 6-7 yaşında, hətta 3-4 yaşında yetkinlik yaşına çatmayan körpə uşaqların, o cümlədən qız uşaqlarının ayinlərdə iştirakının şahidi olduq. Körpə uşaqların belə mərasimlərə aparılması yolverilməzdir. Biz dinimizi mövhumat formasında təbliğ etməməliyik və belə hallara yol verməməliyik. Azərbaycanda bu il "İslam həmrəyliyi ili" elan olunub. Bizim zəngin milli dəyərlərimiz var. Xalqımız bu dəyərlərin zənginliyi ilə həmişə fəxr edib. İslam dini də bu dəyərlərin fövqündə durur. Biz heç vaxt yol verməməliyik ki, dinimiz bu şəkildə təbliğ olunsun. Hər bir insan öz dinini şüurlu olaraq dərk edərək yaşamalıdır, öz dini ibadətlərini həyata keçirməlidir. Məcburiyyət və zor İslam dinində qəbuledilməzdir."

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31