Ağlamaq istəyən adam... Elçin Hüseynbəyli yazır
Uzun səfərdəyik. Təsadüfən görüşmüşük, amma gerçəklikdə yaşayırıq. “Old Tbilisi” mehmanxanasının Kür çayına açılan balkonunda oturmuşuq. Mən viski içirəm, o kofe. Narın yağış yağır və sakit axan Kürü diksindirir. Bu romantik əhvalda bir kədər də var.
4 Oktyabr 2017 13:00 SosialElçin Hüseynbəyli
Ağlamaq istəyən adam...
(hekayə eskizi)
Uzun səfərdəyik. Təsadüfən görüşmüşük, amma gerçəklikdə yaşayırıq.
"Old Tbilisi" mehmanxanasının Kür çayına açılan balkonunda oturmuşuq. Mən viski içirəm, o kofe. Narın yağış yağır və sakit axan Kürü diksindirir. Bu romantik əhvalda bir kədər də var.
-Bir az içsən, pis olmaz, sənə içmək lazımdır. Çox kədərlisən, -deyirəm.
-İçə bilmərəm, -deyir.
-Həkim qoymur? -deyə soruşuram.
-Yox, öz qərarımdır, -deyir, - mən ölümdən qorxmuram, yaşımın çox olmağına baxma, sapsağlamam. Dünya onsuz da fanidir.
-Bəs, niyə içmirsən? -deyə sualımı təkrarlayıram.
-İçəndə ağlayıram, ona görə.
Qəribədir.
Suallar çox oldu deyə niyəsini soruşmuram. Özü danışır:
-Şükür allaha, hər şeyim var. Uşaqlarımı yerbəyer eləmişəm, nəvələrimə də gün ağlamışam, amma hərdən kədərlənirəm. Kədərlənirəm ki, altmış il sərasər işləmişəm, düz 10-11 yaşımdan. Bir gün görməmişəm. Peraşki yeyə-yeyə, dalımda yük daşıya-daşıya bu günə gəlib çatmışam, amma hələ də rahat ola bilmirəm. Bax, indi səninlə danışıram, amma fikrim-zikrim işimin, uşaqlarımın yanındadı... Heç gün görmədim. Elə hey yürüdüm, çalışdım və darıxdım, -deyir, soyumuş çayından bir qurtum alır və ofisiantı çağırıb, çayı dəyişməyi xahiş edir.
Danışığında və buyruqlarında bir qram da olsun təkəbbür və amiranəlik yoxdu.
-Hamı sizin kimidir, elə mən də. Siz dediyiniz peşə vərdişidir. Harda olursan-ol fikrin işin yanında olur. Məsuliyyətli adamlar belə olur. Məsuliyyətli olmasaydınız, yəqin istədiklərinizə də nail ola bilməzdiniz.
-Elə günlər olub ki, allaha yalvarmışam ki, mən də pullu kişilər kimi oturub, ürəyim istəyən qədər yeyim-içim. Amma indi bir tikədən artıq yeyə bilmirəm. Ürəyim çəkmir. Darıxıram.
-Xəyallarınızda yeməkdən doymusunuz, yəqin, -deyirəm və gülümsünürəm, onun kefini açmaq üçün.
O da gülümsünür. Amma üzündən qara bulud çəkilməyib.
-Hər şey biz düşündüyümüzdən də çətinmiş. İçəndə fikriləşirəm ki, bu qədər vuruşmağın, çarpışmağın nə mənası varmış, bütün bunlar kimə qalacaq? İnsan bir heçdir...
Söhbətimiz uzun çəkir...
Ayrılanda:
-Gələn dəfə səninlə mütləq içərik. Baxıram ki, səndən üzüyola həmsöhbət tapmayacam, -deyir.
Sağollaşırıq, hərəmiz bir qapıya doğru gedirik. Birdən ayaq saxlayıb məndən soruşur:
-Danışanda ağlamadım ki?
Başımı bulayıram.
-Hə, bu yaxşıdır. Amma gələn görüşlərimizdə özünlə çoxlu dəsmal götürməyi unutma. Hələ nə danışdım ki...
Kədərli gözlərilə sonuncu dəfə gülümsünür və qapının arxasında yox olur...
Oktyabrın əvvəli, 2017