İnsan hüquqlarının müdafiəsi, yoxsa qarayaxma kampaniyası?
“Gözünü yumub, ağzını açmaq” deyiminə sadiq qalan Avropa təsisatları ölkəmizə qarşı bütün təzyiq vasitələrindən istifadə etməyi qarşılarına məqsəd qoyublar. “Dirijor çubuğu”na sığmayan Azərbaycanın atdığı istənilən xoşməramlı addım, təhlükəsizlik və sağlamlıq baxımından həyata keçirilən istənilən tədbir ittihamlara tuş gəlir. Diktə və qısqanclıq alətinə çevrilən həmin təsisatlar “öz gözlərində çöpü görməyərək” Azərbaycanda “ tir axtarışına” çıxıblar. “Dədəm, nənəm kor dedi, hər yetənə vur dedi” prinsipinə əsaslanan Avropanın “insan hüquqları institutlarının” Azərbaycanı hədəf seçməsi qətiyyən anlaşılan deyil. Beynəlxalq insan hüquq təşkilatları açıq şəkildə bəyan edirlər ki, insan hüquqları məsələsi nisbi və daim inkişaf edən məsələdir. Odur ki, hər hansı bir kəsimin hüquqlarının müdafiəsi digərinin hüquqlarının pozulması ilə nəticələnə bilməz.
3 Oktyabr 2017 15:49 SosialAvropa təsisatları Azərbaycanı niyə hədəf götürüblər?
"Gözünü yumub, ağzını açmaq" deyiminə sadiq qalan Avropa təsisatları ölkəmizə qarşı bütün təzyiq vasitələrindən istifadə etməyi qarşılarına məqsəd qoyublar. "Dirijor çubuğu"na sığmayan Azərbaycanın atdığı istənilən xoşməramlı addım, təhlükəsizlik və sağlamlıq baxımından həyata keçirilən istənilən tədbir ittihamlara tuş gəlir. Diktə və qısqanclıq alətinə çevrilən həmin təsisatlar "öz gözlərində çöpü görməyərək" Azərbaycanda " tir axtarışına" çıxıblar. "Dədəm, nənəm kor dedi, hər yetənə vur dedi" prinsipinə əsaslanan Avropanın "insan hüquqları institutlarının" Azərbaycanı hədəf seçməsi qətiyyən anlaşılan deyil. Beynəlxalq insan hüquq təşkilatları açıq şəkildə bəyan edirlər ki, insan hüquqları məsələsi nisbi və daim inkişaf edən məsələdir. Odur ki, hər hansı bir kəsimin hüquqlarının müdafiəsi digərinin hüquqlarının pozulması ilə nəticələnə bilməz.
Avropa təsisatları tərəfindən ölkələrin daxili işlərinə müdaxilə həddi o səviyyəyə çatıb ki, artıq ölkədə cinsi azlıqların küçələrdən yığışdırılması, eləcə də Bakının mərkəzində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən fahişələrin saxlanılması məsələsinə irad bildirilir. İddialara görə, guya Azərbaycanda cinsi azlıqlara qarşı təqiblərin olması və onların hüquqlarının pozulması faktları müşahidə olunur. Əvvala xatırladaq ki, fahişəliklə məşğul olmaq Azərbaycanın milli mentalitetinə tamamilə ziddir. Belə bir şəraitdə ölkənin paytaxtının mərkəzi küçələrində açıq-aşkar şəkildə "hərəmxana" açmaq nə dərəcədə milli xüsusiyyətlərə uyğundur? Xatırladaq ki, beynəlxalq qanunvericiliyə əsasən insan hüquqları institutu məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin bu fəaliyyətdə təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik (solidarity) hüquqlarının mahiyyəti belə tam aydınlığa qovuşmayıb. Digər tərəfdən, insan hüquqları institutu, mənbə etibarilə beynəlxalq sənədlərə söykəndiyi kimi milli qanunvericilik müddəalarına da əsaslanmalıdır. Belə halda Avropa insan hüquq təşkilatları nədən özləri beynəlxalq öhdəlikləri ayaq altına atırlar? İnandırıcı deyil ki, sözügedən təsisatlar sadalanan beynəlxalq öhdəliklərdən xəbərdar olmasınlar. Sadəcə, maddi, lobbiçilik və digər maraqlar beynəlxaq qanunvericiliyə üstün gəlir.
Birincisi, nədən Avropa insan hüquq təşkilatları nəzərə almır ki, hüquq mühafizə orqanları belə bir addımı vətəndaşların çoxsaylı müraciətləri əsasında atıblar. Bu isə o deməkdir ki, saxlanılan 83 nəfər paytaxt Bakıda 2,5 milyon insanın hüquqlarının pozulmasına zəmin yaradıb. Hələ ölkəmizə gələn çoxsaylı əcnəbi vətəndaşların sərbəst hərəkət hüququnu demirik. Axı saxlanılan şəxslər Bakı şəhərinin mərkəzi hissəsində, xüsusən də Nəsimi, Nərimanov, Səbail və Yasamal rayonlarının ərazisində axşam saatlarında qrup şəklində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən, hətta imtina edənləri təhqir edib münaqişəyə çəkməklə ictimai qaydanı pozan şəxslər olublar. Sual olunur, belə halda ölkənin hüquq-mühafizə orqanları içtimai asayişi hansı qaydada təmin etməlidir? Yəni, birinin insan hüquqlarının həddi digərinin hüquqlarının pozulduğu anda bitir.
İkincisi, cinsi azlıqların saxlanması onların dəri-zöhrəvi xəstəliklərin daşıyıcısı olub-olmamasının yoxlanılması və profilaktiki tədbirlərin görülməsi məqsədi daşıyıb. Məlumat üçün qeyd edək ki, tibbi-laborator müayinələrin hazırkı nəticəsinə görə 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 6-da "AİDS", 6-da "HİV", 16-da "sifilis", 2-də "kəskin uretrit, candida albikas və trixomonias", 2 nəfərdə isə "Hepatit HVC" virusu aşkarlanıb. Digərlərində zöhrəvi xəstəliklərin olub-olmamasının müəyyənləşdirilməsi, eləcə də onlar tərəfindən bu xəstəliklərin məqsədli şəkildə yayılmasının qarşısının alınması istiqamətində səhiyyə orqanları ilə birgə təxirəsalınmaz tədbirlər davam etdirilir. Məgər ölkənin Daxili İşlər Nazirliyinin yaydığı rəsmi xəbərdən həyata keçirilən əməliyyatın mahiyyəti aydın olmur, yoxsa Avropa təsisatları bu məlumatdan da öz maraqlarına uyğun nəticə çıxarırlar? Bir daha xatırladırıq DİN-in məlumatına qeyd edilir ki, saxlanılan şəxslərin hüquqlarını müdafiə edən vəkillərin müraciətləri nəzərə alınaraq onlardan 32 nəfəri müalicə üçün Dəri-Zöhrəvi dispanserlərə göndərilib, zöhrəvi xəstəlik aşkar edilməmiş 24 nəfər inzibati həbsdən azad edilib. Əgər məqsəd Avropa insan hüquqları təşkilatlarının dediyi kimi "cinsi azlıqların təqib edilməsi" olsaydı, zöhrəvi xəstəliklər aşkar edilməyən şəxslər sərbəst buraxılmazdı.
Üçüncü, cinsi azlıqların saxlanılmasında məqsəd qətiyyən onların təqib edilməsi, yaxud hüquqlarının pozulması olmayıb. Əksinə, onlara milli qanunvericiliyin ən humanist müddəaları tətbiq olunub. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilərək məhkəmələrə göndərilib, 56 şəxs barəsində müxtəlif müddətlərə inzibati həbs tənbehi seçilib, 18 nəfərə inzibati qaydada cərimə, 9 nəfərə xəbərdarlıq edilib. Bu isə o deməkdir ki, ayrı-ayrı beynəlxalq qurumların açıqlamalarında cinsi azlıqlara qarşı guya təqiblərin olması və onların hüquqlarının pozulması barədə deyilənlər, belə iddialar tamamilə əsassızdır, reallığı əks etdirmir. Belə tədbirlərin keçirilməsində məqsəd yalnız ictimai qaydanı pozmaqla vətəndaşların şikayətlərinə səbəb olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi və ağır nəticələrə səbəb olan yoluxucu zöhrəvi xəstəliklərin yayılmasının qarşısının alınmasıdır. Qətiyyətlə demək olar ki, Azərbaycanda hər bir insan malik olduğu irqindən, cinsiyyətindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və başqa hallarından asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir!
Alim