Zorakılığa məruz qalanlar...

Son zamanlar gündəmi zəbt edən təcavüz xəbərləri hər kəsi narahat edir. Çox zaman ailələr ya təcavüzə məruz qalmış şəxsdən (qızından, xanımından) imtina edir, ya da cinayətkarı özləri cəzalandırmağı doğru hesab edirlər. Problemin aktuallığını nəzərə alaraq məsələ ilə bağlı hüquq müdafiəçisi, Azərbaycan Vəkillər Kollegiyasının üzvü  Asif Abdullayevlə görüşdük.

Onlara biz sahiblənməliyik, yoxsa ...

Son zamanlar gündəmi zəbt edən təcavüz xəbərləri hər kəsi narahat edir. Çox zaman ailələr ya təcavüzə məruz qalmış şəxsdən (qızından, xanımından) imtina edir, ya da cinayətkarı özləri cəzalandırmağı doğru hesab edirlər. Problemin aktuallığını nəzərə alaraq məsələ ilə bağlı hüquq müdafiəçisi, Azərbaycan Vəkillər Kollegiyasının üzvü  Asif Abdullayevlə görüşdük.

A. Abdullayev ölkəmizdə  təcavüzə məruz qalmış qadınların çox zaman polisə müraciət etməkdən çəkindiklərini bildirdi. Bunun bir sıra səbəbləri olduğunu və ailələrin daha çox qohum-qonşular arasında rüsvay olmaq qorxusu, xanımın gələcəkdə ailə həyatı qurması üçün onun "tarixçəsinin ləkələnməməsi", hüquq-mühafizə orqanı əməkdaşlarına hadisəni ətraflı danışmağa utanmaq və biabır olmaq kimi düşüncələrin səbəb olur. Məhz bu səbəbdən də təcavüzə məruz qalan şəxslərin yaxın çevrələri bu cür məsələləri özləri "həll etməyə" üstünlük verir. Bu isə bildiyimiz kimi, digər cinayətə səbəb olan bir haldır.

A. Abdullayev kiçik bir xatırlatma edərək bildirdi ki, bir müddət öncə, sosial şəbəkələrdə məktəbli qızın sinif yoldaşları tərəfindən zorlanması barədə məlumatlar paylaşılırdı. "Ən təəssüf doğuran hal isə, həmin qızın valideyninin ondan imtina etmək istəyi idi.  Bu cür hadisələr insanlarda hazırki yanaşmanın formalaşmasına səbəb olub.  Qadına qarşı təcavüzün gizlədilməsi, onun dilə gətirilməsinin ayıb olması barədə düşüncələrin sonu bəzi hallarda zorlanmış qadının intihar etməsi ilə də nəticələnir".

Müasir dövrümüzdə sosial şəbəkələrin çoxluğu və istifadəçilərin aktivliyi  təcavüzün yeni çalarını gündəmə gətirir. Sosial şəbəkə vasitəsilə daha çox təcavüzə məruz qalan qadınlardan bəhs edən A. Abdullayev bildirdi ki, təcrübəsində dəfələrlə bu cür hallarla rastlaşıb: "Belə ki, oğlan qızla aralarında olan intim yazışmaları və yaxud qızın intim şəkillərini paylaşacağı ilə qızı şantaj edib. Həmin qız mənə müraciət edərkən, ona izah etdim ki, bu məsələni hüquqi yolla həll edə bilərik və onun hüquqlarını müdafiə edərəm. Buna baxmayaraq, qız bu məsələnin ailəsinin və digər şəxslərin biləcəyindən narahat olaraq bu problemin hüquqi müstəvidə həll olunmasına razı olmadı".

Xanımların daha çox bu cür şantajın qurbanı olduqlarını qeyd edən vəkil bildirdi ki, çox zaman tərəflərdən biri bunu öncədən planlaşdıraraq edir.  

Bu kimi hallarla mübarizə üsulu ilə maraqlandıqda isə aydın oldu ki, qanunla şantaj edən şəxslər üçün azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. "Təcrübə göstərir ki, şantaj edən şəxs "doymur" və şantajla istədiyi nəticəni əldə etdikdə bunun davamını arzulayır. Bəzən bir neçə il ərzində şantaj olunan ailəli qadınlara da rast gəlirik. Ailəli olduğu halda kənarda başqa şəxslə intim münasibətdə olub və həmin şəxs xanımın intim şəkillərini ərinə göndərəcəyi ilə hədələyərək neçə illər ərzində xanımdan mütəmadi olaraq pul alıb: "

Məsləhət görürəm ki, şantaj olunan şəxs hüquq-mühafizə orqanlarına müraciət etsin. Əgər birbaşa hüquq-mühafizə orqanına müraciət etməyə çəkinirsə, vəkilə müraciət etsin və vəkillə birlikdə bu məsələ ilə bağlı addımlar atsın. Bu daha sığortalı və daha düzgün yanaşma olar".

Təcavüz hallarında zərərşəkənlərin psixoloji durumlarına aydınlıq gətirmək üçün Türkiyədə fəaliyyət göstərən psixoterapevt Şəbnəm Sadıqova ilə əlaqə saxladıq.

Təcavüzə məruz qalan qadınlar nədən ilk olaraq durumu gizlətməyə çalışırlar? Polisə müraciət etməyə çəkinirlər, hadisəni cinayət olayı kimi qəbul edə bilmirlər. Şəbnəm xanım vurğuladı ki,  bəzən təcavüz, zorakılıq kəlmələri çox zaman sadəcə seksual olaraq anlaşılır. Bunun yanında sözlü, mənəvi, psixoloji təcavüzləri də xatırlamalıyıq. Qadınların məruz qaldıqları təcavüzü gizlətmələri, hadisəni cinayət olaraq görmədikləri anlamına gəlmir. Baş vermiş hadisənin sonrasında gələcək digər təcavüzlərdən qorxurlar və susaraq özlərini qorumağa çalışırlar. Bu bir çıxış yoludurmu? Deyil. Həmin qadının psixi durumu daha da pisə doğru gedirmi? Gedir. Əksər polislərin davranışları, təcavüzə uğramış bir qadın üçün nə dərəcə güvənlidir? Cəmiyyət tərəfindən bu qadınların qınanılmağı da bir təcavüzdür. "Sənin orada nə işin var idi?", "elə etməsəydin belə olmazdı" kimi şəxsin psixi vəziyyətini daha da pisə sürükləyən qınayıcı kəlmələrdən qaçmaq üçün susur qadınlar. Hüquqlarını müdafiədə aciz, tək qalacağını düşündüyü üçün susurlar.

Şəbnəm xanım övladları təcavüzə uğrayan valideynlərin yanlış addım atmalarını keçirdikləri şokun səbəb olduğunu bildirir. "Bəzən də özlərini çarəsiz hiss etdiklərindən, təcavüzçüyə güclərinin yetməyəcəyini düşündüklərindən, zəif olana aqressiyalarını yönləndirirlər. Əgər təcavüzçü ailədən-qohumlardan biridirsə, bu zaman vəziyyət daha da ağır olur. İnsanların bu vəziyyətdən çıxış yolu olaraq xatırlayacaqları sağlam keçmiş təcrübə yoxdur. Mediadan və ya qonşulardan eşitdikləri də onların susmağına vəya övladlarını cəzalandırmaq istədiklərinə səbəb olur. təcavüzçüyə "sən bunu övladıma niyə etdin?" deyə bilmədiyi üçün, övladına "niyə başımıza belə bir iş açdın" deyirlər".

Bu cür halların qarşısını almaq üçün təcavüzə məruz qalan şəxsə real nümunələr göstərmək (məs.: təcavüzçünü ifşa etdi; haqqını müdafiə etdi; ailəsi sahib çıxdı və s.), onları maarifləndirmək, susmaq deyil, təcavüzçünü ifşa etmək lazım olduğunu göstərmək, bundan çəkinməmələri üçün onlara cəsarət vermək lazımdır. Polisindən tut, azyaşlı uşağa qədər hər kəsin bu sahədə məlumatlanmağı lazımdır. Onlara empatiya duyğusunu empozə etməliyik. Təcavüz hadisəsi varsa, şəxsin yaşı neçə olursa olsun, yanında mütləq bir psixoloq olmalıdır. İnsanları sahibsiz buraxmamalıyıq. Övladı təcavüzə uğramış valideynlərin də sahiblənilməyə ehtiyacları var. Onlara bu güvəni hamımız birlikdə verməliyik: jurnalistlər, hüquq müdafiə orqanları, psixoloqlar, həkimlər və s.

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31