Neftə əsaslanan modeldən innovasiyalı inkişafa keçid

“2017-ci ilin ilk yarımili ərzində kiçik dövlət müəssisə və obyektlərinin, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış 39 sərəncama əsasən 442 müəssisə və obyektin özəlləşdirilməsi ilə əlaqədar qərar qəbul edilib”. Bu barədə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Əli Məsimli: Bunun hüquqi bazasının təmin edilməsi üçün qanunların qəbulu sürətləndirilməlidir

"2017-ci ilin ilk yarımili ərzində kiçik dövlət müəssisə və obyektlərinin, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış 39 sərəncama əsasən 442 müəssisə və obyektin özəlləşdirilməsi ilə əlaqədar qərar qəbul edilib". Bu barədə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir. Sənəddə qeyd edilib ki, hesabat dövründə ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək səriştələrə yiyələnmək imkanı yaratmaq məqsədilə ötən tədris ilində tam orta təhsil səviyyəsində təmayüllər üzrə təhsilin əhatə dairəsi genişləndirilib. Bundan əlavə, ilk peşə- ixtisas təhsili müəssisələrində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyinin tabeliyində olan 109 peşə təhsili müəssisəsinin 90 faizinə, yəni 86 müəssisəyə baxış keçirilib, Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsilinin dövlət standartları layihəsi, eləcə də əmək bazarının tələblərinə uyğun orta ixtisas təhsili pilləsinin yeni dövlət standartlarının layihəsi hazırlanıb.
Millət vəkili Əli Məsimli bildirib ki, iki məqamın qanunvericilik sənədlərində nəzərə alınması böyük aktuallıq kəsb edir. Birincisi, Azərbaycanda prezident seçkilərinə bir ildən artıq vaxt qalmasına baxmayaraq regionda maraqları olan ölkələrin təzyiqinin şiddəti indidən özünü göstərir. Bu təzyiqlərə ən sanballı cavab cəmiyyət həyatının bütün sahələrində islahatların dərinləşdirilməsi və genişləndirilməsidir.Təzyiqlərin neytrallaşdırılmasının ən optimal, ən səmərəli və dünya çapında yüksək dəyərləndirilən üsulu isə islahat xarakterli qanunların qəbulundan keçir. İkincisi, ötən ilin sonlarında Strateji Yol Xəritəsinin qəbulu yaz sessiyasında həmin sənədin tələblərindən irəli gələn bir sıra əlavə qanunların da qəbulunu, eləcə də bir sıra qanunvericilik sənədlərinə zəruri əlavə və dəyişikliklərin edilməsini zəruri etdiyi kimi, Milli Məclisin payız sessiyasının gedişində də bir sıra yeni qanunların bu plana əlavə olunmasına gətirib çıxaraq. Strateji Yol Xəritəsi özündə qısa, orta və uzun müddətə effekt verən tədbirləri əks etdirdiyindən, həmin müddətlərdə arzu olunan səviyyədə effekt götürməkdən ötrü təşkilati tədbirlər, maliyyə təminatı ilə yanaşı hüquqi təminata da bötük ehtiyac var. Bu baxımdan qısa müddətə effekt verən tədbirlərin hüquqi təminatını möhkəmləndirməkdən ötrü, iqtisadiyyatın real maliyyə və sosail sahələrində hüquqi bazanı möhkəmləndirməkdən ötrü bir sıra yeni qanunların qəbula, eləcə də mövcud qanunların təkmilləşdirilməsinə ehtiyac var.
Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən müəssisələrin 80 faizi kiçik müəssisə kateqoriyasına aiddir. Amma həmin müəssüsələrin ÜDM-də payı cəmi 6 faiz, məşğulluqda payı 6,5 faiz ,mənfəətdə payı 1 faiz, sərmayələrdə payı 9 faizdir. Beynəlxalq təcrübədə xeyli ölkələrdə kiçik müəssüsələrin ÜDM-də payı 50- 60 faiz bir sıra ölkələrdə isə 80-90 faizdən də yüksəkdi. Strateji Yol Xəritəsində kiçik müəssisələrin ÜDM-də payının 2020-ci ildə 15 faizə(məşğuluqda 20 faizə), 2025-ci ilə 35 faizə, (məşğuluqda 40 faizə), 2025-ci ildən sonrakı illərdə illərdə isə 60 faizə (məşğuluqda 70 faizə) çatdırılması nəzərdə tutulur: "Buna nail olmaqdan ötrü digər şərtlərlə yanaşı, mövcud qanunvericilik sənədlərinin əvəzinə sahibkarlığa real dövlət dəstəyinin gücləndirilməsinə dair bir model qanunun hazırlanmasını və qəbul edilməsini vacib hesab edirik. Hesab edirik ki, indidən işə başlanılsa, beynəlxalq statuslu təcrübəli ekspertləri də cəlb etməklə, hökumətin aydiyyatı qurumlarının, xüsusən də İqtisadiyyat Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Milli Məclisin İqtisadi siyasət komitəsinin gücü ilə Milli Məclisin 2018-ci il yaz sessiyasında baxılmaq üçün çox mükəmməl bir qanun layihəsi hazırlayıb ortaya qoymaq olar".
Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var. 2015-ci ilin ilk devalvasiyasına qədər problemli kreditlər 1 milyard manatın altında olub, təhlükəli həddən xeyli aşağı idi, indi 1,8 milyard manatı ötüb təhlükəli həddi də aşıb. Həmin artan problemli kreditlərin xeyli hissəsi ümidsiz kreditlərdi, yəni qaytarılması mümkün olmayacaq. Börcların xeylisinin qayıtması nəticəsində isə bankların çoxunu xilas etmək olar və həmin vəsait hesabına digər zəruri tədbirlər də həyat keçirmək olar. Məsələn, müvafiq qanunvericilik aktı qəbul edib, faktiki olaraq müflisləşmiş şəxslərin məhkəmə tərəfindən müflis elan olunması və onların borclarının silinməsinə getmək olar. Kimsə borcunu ödəyə bilmirsə, onu həbs etmək yox, borcun bağışlanması daha düzgün yoldur. Sivil dünyada bu belədir, borca görə vətəndaşı həbs etmirlər. Bu dollar kreditləri olanlara məzənnə güzəştlərinin tətbiqinə də yol açacaq. Bütün bunların müqabilində dövlət banklara birbaşa və dolayısı yardım edə bilər: "Bizim bu yöndəki risklərin 4 yerə bölünməsi təkliflərimizi zamanında həyatı keçirməklə artan borcların məbləğinin cəmi 15 faizinə qədər dövlət vəaiti sərf edib, məsələni xeyli çözmək olardı. Bu sahədə mövcud olan problemləri yumşaltmaqdan ötrü digər şərtlərlə yanaşı, həm də problemli kredit barədə qanun qəbul edilməsinə və ya mövcud qanunvericilik sənədələrində məqsədyönlü dəyşikliklərin edilməsinə ehtiyac var. Bu istiqamətdə biz deputat həmkarım Vahid Əhmədovla birgə verdiyimiz təkliflərdə Mülki Məcəlləyə və banklarla bağlı qanunlara əlavələr və dəyişikliklər də var. Aidiyyatı orqanların bu məsələyə yenidən baxması problemin həllinin xeyrinə olar".
Deputat bildirib ki, son illər külli miqdarda dövlət vəsaitinin təyinatından kənar istifadə edilməsi dövlət maliyyə nəzarəti sahəsində səmərəli fəaliyyət göstərən xüsusi rejimin yaradılmasını obyektiv zərurətə çevirib: "Sahibkarlığın dəstəklənməsinə dair qanun üçün təklif etdiyimiz üsulla "Dövlət maliyyə nəzarəti haqqında" model qanun da hazırlamaq olar. Belə bir model qanunun ortaya çıxması həmin sahə üzrə bir sıra qanunların da hazırlanmasına yol açar. Bu isə dövlət maliyyəsindən istifadənin səmərəliliyinin artırılması və mövcud çatışmazlıqların aradan qaldırılmasında əvəzsiz rol oynaya bilər: "Strateji Yol Xəritəsində orta müddətə effekt verən tədbirləri əks etdirdiyindən, həmin müddətlərdə arzu olunan səviyyədə effekt götürməkdən ötrü hüquqi təminata da böyük ehtiyacı olan məsələ ölkədə inhisarçılığın yığışdırılması və azad sahibkarlığın inkişafının bir nömrəli şərti olan azad rəqabətə şərait yaradılmasıdır. Bu baxımdan Rəqabət Məcəlləsinin qəbulunun sürətləndirilməsini zəruri hesab edirik. Ölkədə inhisarçılıq fikirdə, sözdə və işdə yığışdırılmasa və azad rəqabətə şərait yaradılmasa, kiçik və orta sahibkarlığı lazımı səviyyədə inkişaf etdirə, süni qiymət artımının qarşısını ala, kənd təsərrüfatına yönəldilməyə başlanan iri sərmayənin öz təyinatına görə səmərəli istifadəsinə nail ola bilməyəcəyik".
 Digər bir məsələ Strateji Yol Xəritəsində orta və uzun müddətə effekt verən tədbirləri əks etdirdiyindən, həmin müddətlərdə arzu olunan səviyyədə effekt götürməkdən ötrü hüquqi təminata da böyük ehtiyacı olan əsas məsələ Azərbaycanın neftə əsaslanan modeldən innovasiyalı inkişafa aparan modelə keçidin hüquqi bazasının təmin edilməsi ilə bağlı qanunların qəbulunun sürətləndirilməsidir: "Bu baxımdan "Təhsil haqqında" qanun qəbul edildikdən sonra həmin model qanundan irəli gələn digər qanunların da qəbulunun sürətləndirilməsini zəruri hesab edirik. Bir model qanun kimi "Təhsil haqqında" qanun 8 il bundan qabaq - 5 sentyabr 2009-cu ildə qəbul ediləsə də, hələlik yalnız "Məktəbəqədər təhsil haqqında" qanun qəbul edilib. Peşə təhsili haqqında qanun layihəsinə isə bu sesssiyada baxılması nəzərdə tutulur. Əgər nəzərə alsaq ki, hər il orta məktəbi bitirən şagirdlərin çox az faizi ali məktəblərə daxil olur, onda bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də əlverişli peşə təhsili sistemi yaratmaqla xeyli gəncin əlini normal gəlirə çatdırmaq olar. Onda hamının 11 sinfə qədər oxumağına ehtiyac qalmaz, bir hissə 9-cu sinifdən peşəyə yiyələnləyə gedər. Ümumilikdə isə son vaxtlar "Təhsil haqqında" model qanundan irəli gələn digər qanunların da qəbulu istiqamətində atılan addımları müsbət qiymətləndirməklə yanaşı,"Orta Təhsil" və "Ali Təhsil" haqqında və digər qanunların da hazırlanmasının sürətləndirilməsini zəruri hesab edirik".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31