Metronun “Nizami” stansiyasında təmir başa çatıb
Azərbaycan memarlıq sənətinin təcəssümü olan “Nizami” stansiyasında uzunmüddətli əsaslı təmir və bərpa işləri başa çatıb. “Bakı Metropoliteni”nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bir ilə yaxındır davam edən bu tədbirlər sərnişinlərin gediş-gəlişini tam məhdudlaşdırmadan bir neçə mərhələdə aparılıb.
3 Oktyabr 2017 11:41 SosialAzərbaycan memarlıq sənətinin təcəssümü olan "Nizami" stansiyasında uzunmüddətli əsaslı təmir və bərpa işləri başa çatıb. "Bakı Metropoliteni"nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bir ilə yaxındır davam edən bu tədbirlər sərnişinlərin gediş-gəlişini tam məhdudlaşdırmadan bir neçə mərhələdə aparılıb. "Bakı Metropoliteni" QSC-nin daxili vəsaiti hesabına həyata keçirilən təmir işləri çərçivəsində stansiyanın yol divarlarının mərmər üzlükləri yenilənib, platformaaltındakı sonradan quraşdırılan arakəsmələr sökülüb, platforma və kollektorun divarları möhkəmləndirilib, xidməti otaqlar müasir tələblərə uyğun təmir olunub. Ən vacibi isə təmir prosesində dahi Azərbaycan mütəfəkkiri, şair, filosof, şeyx Nizami Gəncəvinin şərəfinə adlandırılmış stansiyanın daxili tərtibatındakı milli memarlıq nümunələri bərpa olunub.
Ümumiyyətlə, Nizami Gəncəvinin portreti və ölməz "Xəmsə"sinin motivləri əsasında işlənmiş 19 pannonun bərpası bütün prosesin ən çətin hissəsini təşkil edib. Bu işlə mozaik təsvirlərin müəllifi SSRİ xalq rəssamı, professor Mikayıl Abdullayevin tələbəsi Zöhrab Cabbarov, keramikaçı Elçin Cabbarov və mərmər üzrə mütəxəssis Nizami Vəliyev məşğul olublar. Pannoarxası elementlərin təmiri üçün xüsusi hazırlanmış qurğu vasitəsilə pannolar 2-3 metr irəli çəkilib.
Qeyd edək ki, "Nizami" stansiyasında eskalatorların istismar müddəti 2025-ci ildə başa çatacaq.
Buna görə də stansiyada istifadədə olan eskalatorların dəyişdirilməsi və vestibülün əsaslı təmiri gələcəkdə həyata keçiriləcək