Aşuradan narahat olmaq lazımdırmı?
3 Oktyabr 2017 09:38 SosialBazar günü Azərbaycanda və dünyada Aşura qeyd olundu. Ənənəyə uyğun olaraq əhali məscidlərə, ziyarətgahlara və digər ibadət və inanc yerlərinə toplaşdı, mərsiyələr deyildi, dini rituallar yerinə yetirildi, çıxışlar edilərək Kərbəla hadisələri yad olundu.
Əvvəlki illərdən fərqli olaraq bu il Aşura mərasimlərinin keçirildiyi yerlərdə daha böyük kütləvilik müşahidə olundu. Gəncə və Naxçıvanda mərasimlərin keçirilməsi zamanı yerli icra orqanları ilə müəyyən kiçik anlaşılmazlıqları çıxmaq şərtilə, ümumilikdə bu mərasimlərdə hər hansı insident və narahatlıq doğuran hadisələr baş vermədi. Bunu hökumət rəsmiləri, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da təsdiq etdi.
Ancaq builki Aşura mərasimlərindəki kütləvilik, əhalinin sayının əvvəlki illərlə müqayisədə çoxluğu ölkədə bəzi dairələrdə narahatlıq yaradıb. Milli Məclisin deputatları, o cümlədən sosial şəbəkələrdə bir çoxları Aşura mərasimlərini narahatlıq doğuran hadisə, "dini təhlükə", ölkənin "gələcəyi üçün təhdid" adalandırır, mərasimlərdəki kütləviliyi, o cümlədən azyaşlı rəsmlərini cəhalət nümunəsi kimi təqdim ediblər. Doğrudanmı, Aşura mərasimləri ölkə üçün təhdidə çevrilə bilər? Bu mərasimlərdə iştirak edənləri dünyəvi dövlət üçün təhlükə yaradacaq dini-siyasi qüvvələr adlandırmaq olarmı?
Əvvəlcə ondan başlayaq ki, Aşura il ərzində bir gün qeyd olunan mərasimdir. Hər il günəş və ay təqvimləri arasındakı fərqə görə (ay təqvimində ilin günlərinin sayı 365 deyil, 355 olduğu üçün - K.R.) Aşura mərasimləri 10 gün irəli çəkilməklə qeyd olunur. Məhərrəmlik mərasimləri Hicri-Qəməri təqvimində ilin ilk ayı Məhərrəm ayı daxil olduğu gündən başlayır, 10-cu gün (ərəbcə "əşərə" - K.R.) Aşura mərasimi qeyd olunur və demək olar ki, bitir. Bundan sonra 40 gün matəm günləri hesab olunsa da, yalnız ara-sıra Aşura olayları yad edilir. Aşuranın 40-cı günü "Ərbəin" (ərəbcə 40 - K.R.), yəni növbəti əza məclisi keçirilir. Çünki tarixi məlumatlara əsasən, İmam Hüseyn (ə) və tərəfdarları Aşura günü qətlə yetirildikdən sonra başları kəsilərək əsir alınmış ailə üzvləri ilə birlikdə Şama aparılıb. Ailə üzvləri yalnız 40 gündən sonra yenidən Kərbəlaya gəlir və bu zaman Məhəmməd Peyğəmbərin (s.ə.s) yaşlı və gözləri tutulmuş səhabəsi Cabir İbn Abdullah Ənsari ilk dəfə Həzrət Hüseynə (ə) Kərbəlada matəm məclisi keçirir. Bununla da 14 əsrdir davam edən ənənənin əsası qoyulur, İmam Hüseyninin (ə) şəhid olduğu gün və ona ilk əza məclisinin təşkil olunduğu günlərin arası matəm günləri olaraq yad edilir.
Qayıdaq Bakıya. Bakıda və Azərbaycanda bu ənənə 1000 ildən çoxdur qeyd olunur. Bunun ən parlaq nümunəsi 5-ci İmam Məhəmməd Baqirin (ə) oğlu İsmayılın Bərdədə, 6-cı İmam Cəfər Sadiqin (ə) qız nəvəsi İbrahimin Gəncədə və 7-ci İmam Musa əl-Kazimin qızı Həkimənin Bakıda (Bibiheybətdə) yaşaması və qəbirlərinin burada yerləşməsidir. Adları çəkilən şəxslər 8-ci əsrdə yaşayıb. Bu da Azərbaycanda Əhli Beyt üzvlərinin ən azı 12 əsrdir yaşadığını göstərir. Bu həm də o deməkdir ki, bu qədər zamandır Azərbaycanda Aşura və Məhərrəmlik adətləri yaşayır. Məhərrəm elementləri Azərbaycan ədəbiyyatı, poeziya, teatr, musiqi, məişət və həyatın digər sahələrində yer alıb. Xalqın genetik yaddaşında yer almış bir ənənədir. Bu səbəbdən də hətta sovet dönəmində din tamamilə qadağan edilib, böyük ölçüdə unudulduğu halda Aşura mərasimləri din kimi deyil, xalq adəti, ənənə olaraq yaşadılıb. Namaz qılmaq, oruc tutmaq yasaq olduğu illərdə azərbaycanlılar sərt qadağalara baxmayaraq Aşura mərasimlərini keçirib, kimisi ehsan verib, halva bişirib paylayıb, şərbət hədiyyə edib insanlara.
Bu gün də Azərbaycanda Aşura qeyd edənlərin böyük əksəriyyəti dindar adlandırıla biləcək insan deyil. Onların çoxu ilin digər günlərində məscidlərə getmir. Bunu yoxlamaq üçün ilin qalan günlərində həmin məscidlərə, ibadət ocaqlarına gedib baxmaq lazımdır. Heç bir gündə Aşurada olduğu qədər insan toplanmır. Sadəcə, bir gün - Aşura zamanı insanlar Peyğəmbər (s.ə.s) nəvəsi, Əli (ə) və Fatimənin (ə) oğlu Həzrət Hüseynin (ə) amansızcasına qətlə yetirilməsini yad etmək üçün məscidə gedir, şərbət, halva və başqa ehsanlar edir. Bu, artıq milli yaddaşa hopmuş ənənədir.
Əlbəttə, Aşura dini mahiyyət daşıyır və dindarlar daha nizamlı, təşkilatlanmış şəkildə qeyd edirlər Məhərrəm ayı məclislərini. Ancaq ümumilikdə toplanmış kütləni dindar adlandırmaq mümkün deyil. Digər tərəfdən, qeyd etdiyimiz kimi, bu mərasimlər Aşura günü və sonrakı günlərdə kiçik (ancaq daha az kütləvi olmaqla - K.R.) mərasimlərlə kifayətlənir. Təşkil olunmuş, ardıcıl davam edən mərasimlər deyil. Yəni heç bir halda Aşura mərasimlərindəki kütləviliyi hansısa dini toplanma, təşkilatlanma adlandırmaq mümkün deyil. Bu mərasimlərdə bəzən nəinki dindar, hətta müsəlman olmayan, xristianlar da iştirak edir. Azərbaycan insanı dinindən, məzhəbindən asılı olmayaraq min ildən çoxdur qeyd edilən Aşura mərasimlərinə ehtiram göstərib, bu gün də göstərməkdə davam edir.
O ki qaldı ənənəvi dini radikalizm mövzularına, Aşura mərasimlərinin mahiyyətində radikalizm, təkfir yoxdur, əksinə, başqalarına hörmət, əzilən zəiflərə kömək, ən çətin vəziyyətdə haqqın-ədalətin yanında olmaq fəlsəfəsi dayanır. İmam Hüseyni (ə) dərk edən insanların təkfir etməsi, günahsız insanlara qarşı zorakılıq etməsi mümkün deyil.
Əlbəttə, əsrimizdə dini istismar, inancdan sui-istifadə halları var. Ancaq bunu Aşura ilə bağlamaq olmaz. Çünki Aşura qeyd etdiyimiz kimi, nə miqyasına (il ərzində bir-iki gün qeyd olunur - K.R.), nə də mesajlarına görə radikalizm üçün əsas vermir.
KƏNAN