Ölkədə bütün demokratik prinsiplər, eləcə də fikir, söz və məlumat azadlığı təmin edilir

Azərbaycan müstəqillik əldə etdikdən sonra əsas diqqət yetirdiyi məsələlərdən biri də ölkədə demokratiyanı inkişaf etdirmək, onun başlıca prinsiplərini yüksək səviyyədə təmin etmək oldu. Düzdür, müüstəqilliyin ilk illərində bu addımları atmaq o qədər də asan məsələ deyildi. Bunun isə bir neçə səbəbi vardı. Birincisi, Azərbaycan yenicə müstəqillik əldə etmişdi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra əsas diqqət yetirdiyi məsələlərdən biri də ölkədə demokratiyanı inkişaf etdirmək, onun başlıca prinsiplərini yüksək səviyyədə təmin etmək oldu. Düzdür, müüstəqilliyin ilk illərində bu addımları atmaq o qədər də asan məsələ deyildi. Bunun isə bir neçə səbəbi vardı. Birincisi, Azərbaycan yenicə müstəqillik əldə etmişdi. Demək olar ki, müstəqillik formal xarakteri daşıyırdı və yalnız sözdə bu özünü göstərirdi. Əməldə isə hələ müstəqillikdən danışmaq tez idi. Çünki istər paytaxtda, istərsə də yerlərdəki idarəetmə sistemləri, müvafiq dövlət qurumlarının əksəriyyəti hələ də keçmiş Sovet təxəyülü, üsul-idarəsi ilə çalışırdı. SSRİ zamanından qalan bu kimi idarəçilər, məsul şəxslər müstəqil fikri, yanaşmanı yaxına buraxmaq istəmir, keçmiş ənənələrlə idarəçiliyə üstünlük verirdilər. İkincisi, xalqın özü hələ müstəqilliyə tam hazır deyildi və bir növ bundan qorxurdu. Ehtimal edirdi ki, keçmiş SSRİ rəhbərliyi yenə də Azərbaycanı müstəqillik əldə etməsindən dolayı cəzalandıra bilər. Çünki hələ də xalqın gözündə 1990-cı ilin qanlı yanvarının qorxusu qalırdı. Ona görə də dövləti keçmiş ənənə, üsul-idarə ilə yönəltmək istəyində olan sovet ənənələrinə malik rəhbərciklər xalqın gözündə olan qorxu hissindən yararlanaraq müstəqilliyin sözdən əmələ keçməsini mümkünsüz edirdilər. Beləliklə, Azərbaycan sözdə müstəqil olsa da, lakin müstəqil dövlətin prinsiplərindən hələ bir qədər uzaq idi. Bu mənfi tendensiya bir neçə istiqamətdə özünü göstərirdi.

Birincisi, ölkədə fikir, söz və məlumat, ifadə azadlığı mövcud deyildi. Baxmayaraq ki, 1991-ci ilin otyabrından Azərbaycan öz müstəqilliyini bərpa etdiyini bəyanlamışdı, lakin müstəqil ölkədə müstəqil kütləvi informasiya vasitələrininn fəaliyyəti üçün demək olar ki, heç bir şərait yox idi. Yalnız dövlət nəzarəti altında olan qəzetlər, kütləvi informasiya vasitələri üçün şərait yaradılırdı ki, əslində buna da heç şərait demək olmazdı. Demokratiya, demokratik prinsiplərdən, asad sözdən, müstəqil fikir və ifadə azadlığından bəhs edən demokratlar üçün əslində müstəqil fikir, mövqe arzuedilməz sayılırdı. Xüsusilə, AXC-Müsavat hakimiyyəti dövründə bu hakimiyyətin yarıtmaz siyasəti, nöqsanları, hansısa sahədə müşahidə edilən neqativ halları dilinə gətirən, onu mətbuat səhifələrinə çıxaran media təmsilçilərini acı sonluq gözləyirdi. Hətta bu sahədə vəziyyət elə bir arzuedilməz istiqamətə sürüklənmişdi ki, istənilən nazir öz sahəsində olan neqativ halı işıqlandıran kütləvi informasiya vasitəsi nümayəndəsini asanlıqla, heç kim və heç nədən çəkinməyərək cəzalandıra bilirdi. Qolunun zoruna və başının dəstəsinə güvənən həmin nazirlər hətta dövlət qəzetlərinin təmsilçilərini belə onlara xoş gəlməyən yazılara görə cəzalandıra bilirdi. Bütün bu kimi mənfi hallar isə heç şübhəsiz ki, Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının mövcud olmadığını, bu prinsiplərə əməl edilmədiyini aydın şəkildə ortaya qoyurdu. Təbii ki, bu kimi mənfi tendensiya bir qayda olaraq Azərbaycanın beynəlxalq təşkilat və qurumların hesabatlarında mənfi  rəy almasına, son sıralarda göstərilməsinə gətirib çıxarırdı.

Digər tərəfdən müstəqilliyin digər prinsiplərindən olan siyasi plüralizm demək olar ki, mövcud deyildi. Baxmayaraq ki, Azərbaycan özünü müstəqil elan etmişdi. Əgər 1991-ci ilin oktyabrından 1992-ci ilin may ayına qədər ölkədə əsas söz sahibi Ayaz Mütəllibov və onun bağlı olduğu Kommunist Partiyası idisə, 1992-ci ilin may ayından 1993-cü ilin iyun ayına qədər bu funksiyanı AXC-Müsavat birliyi həyata keçirirdi. Yalnız bu iki partiya üçün yaşıl işıq yandırılır, onlar üçün maksimal dərəcədə şərait yaradılırdı. Digər partiyalara qarşı isə tamamilə fərqli münasibət bəslənilir, onların fəaliyyətinə qarşı maneçilik yaradılırdı. Bu hal isə istər-istəməz Azərbaycanda siyasi plüralizmin mövcud olmaması görüntüsünü ortaya qoyurdu.

Eyni zamanda müstəqilliyin ilk illərində dini və mədəni sahədə də plüralizmin mövcud olmadığı müşahidə edilirdi. Nəinki qeyri-İslam dinindən olanlar üçün normal şəraot yaradılır, onların öz dini inanclarını həyata keçirməsi məqsədilə ibadət yerləri inşa olunur, hətta İslam dininin vacib şərtlərini yerinə yetirən dini inanclı insanlara belə öz ibadətlərini icra etmək üçün lazımı şərait yaradılmırdı.  AXC-Müsavat hakimiyyətinin cənub qonşumuz İran İslam Respublikasını düşmən gözündə görməsi istər-istəməz ölkənin şiə məzhəbinə qulluq edən dini inacnlı insanları arasında ciddi narahatçılıq yaradırdı. Bununla yanaşı obadət məkanları, məscidlər, mədrəsələr, eyni zamanda ölkənin xristian əhalisinə məxsus kilsə, hətta Alban dövlətinə məxsus tarixi abidə tamamilə baxımsız vəziyyətə düşmüşdü. Ona görə də müstəqilliyin ilk illərində fikir, söz, məlumat, ifadə azadlığı, siyasi plüralizmlə yanaşı, dini plüralizmdən də danışmaq yersiz idi. Ümumiyətlə, həmin dövrdə tolerantlıq, multikultural dəyərlər anlamı Azərbaycandan çox-çox uzaq idi. Bu kimi mənfi tendensiyalar Azərbaycanı bir qayda olaraq demokratik prinsiplərin pozulduğu, antidemokratik ölkələrlə bir sırada qərarlaşdırırdı. Nə qədər çətin və arzuedilməz olsa da, həmin tendensiya, Azərbaycanın adına xələl gətirən bu vəziyyət 1993-cü ilin iyun ayına qədər davam etdi. Artıq 1993-cü ilin əvvəllərindən etibarən, xüsusilə may-iyun aylarında ölkənin müstəqilliyindən belə söhbət gedə bilməzdi və Azərbaycan demək olar ki, tamamilə ayrı-ayrı qeyri-qanuni silahlı qruplaşmaların, birləşmələrin nəzarətinə keçmişdi. Daha dəqiq desək ölkə idarəedilməz vəziyyətə gəlmişdi. Belə bir çətin, ölkəni ciddi təhlükə gözlədiyi bir vəziyətdə Azərbaycan xalqı öz uzaqgörənliyi ilə Naxçıvan Muxtar Respublikasına üz tutaraq  o vaxt Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsini tutan ümummilli lider Heydər Əliyevi Bakıya, siyasi hakimiyyətə dəvət etdi. İlkin mərhələdə Heydər Əliyev Bakıya qayıtmaqdan imtina etsə də, sonradan xalqın təkidli tələbi və xahişini nəzərə alaraq Bakıya gəldi və qısa zamanda Azərbaycanı məhv olmaq, müstəqilliyini əldən vermək kimi təhlükədən uzaqlaşdırdı. Ölkədə siyasi sabitliyi bərpa etdikdən sonra isə qarşıda digər mühüm vəzifələr, müstəqil dövlətə xas xüsusiyyətləri, demokratik prinsipləri inkişaf etdirmək dayanırdı.

Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan qısa müddət sonra qeyd edilən istiqamətlərdə məqsədyönlü addımlar atmağa başladı. Ölkədə siyasi partiyaların fəaliyyəti üçün münbit şərait yaradıldı, siyasi mövqeyi və tutduğu xətdən asılı olmayaraq bütün siyasi qüvvələrə ölkənin ictimai-siyasi həyatında aktiv iştirak imkanları yaradıldı. "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər edilməklə həmin sənəd günün tələblərinə uyğunlaşdırıldı. Müsbət qeyd edilməli məqamlardan biri ondan ibarətdir ki, bu zaman qabaqcıl ölkələrin, Avropanın təcrübəsi öyrənildi. Ölkədə seçki mühiti normallaşdırıldı, partiyaların seçkilərdə iştirakı üçün əlverişli şərait yaradıldı.

Ümumiilli lider Heydər Əliyev gözəl bilirdi ki, demokratiyanın mühüm göstəricilərindən biri də ölkədə fikir, söz, məlumat, ifadə azadlığının təmin olunmasıdır. Və bu istiqamətdə zəruri tədbirlər həyata keçirmək vacibdir. Bu baxımdan Heydər Əliyevin 1998-ci ildə senzuranın ləğvi barədə imzaladığı tarixi sənəd Azərbaycanda fikir, söz və məlumat azadlığına necə böyük dəyər verildiyini göstərirdi.

Bir müddət sonra isə ümummilli lider kütləvi informasiya vasitələrinin mövcud durumu, üzləşdikləri çətinlikləri aradan qaldırmaq məqsədilə qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarını müəyyən müddət üçün dondurdu. Məlumat üçün qeyd edək ki, həmin dövr üçün ölkədə nəşr olunan kütləvi informasiya vasitələrinin Azərbaycan Nəşriyyatına olan borcları kifayət qədər idi və hətta söhbət milyon manatlardan gedirdi. Açıq şəkildə etiraf etmək lazımdır ki, müstəqilliyini yenicə əldə etmiş, iqtisadi baxımdan o qədər də nailiyyətlər qazanmamış bir ölkənin bu qədər məbləğdə vəsaiti dondurması böyük bir iş idi. Elə bu addımın atılmasının özü də Azərbaycan hökumətinin, hakimiyyətin ölkədə demokratik prinsiplərə, fikir, söz və məlumat azadlığına nə dərəcədə böyük önəm verdiyinin göstəricisi idi.

Sonrakı illərdə bir-birinin ardınca atılan məqsədyönlü addımlar ölkədə azad fikir, söz və mətbuat azadlığı, eləcə də plüralizmin təmin edilməsinə yönəlik addımlardan idi. Sevindirici haldır ki, günümüzdə də bu siyasət davam edir və Azərbaycan demokratik prinsiplərin, ənənələrin inkişaf etdirilməsində maraqlı olduğunu öz əməli addımları ilə sübuta yetirir.  Hazırda ölkədə yüzlərlə günlük və həftəlik qəzetlərin işıq üzü görməsi, kütləvi informasiya vasitələrinə göstərilən dövlət yardımı çoxpartiyalı sistemin mövcudluğu və s. amillər deyilənləri təsdiqləyir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31