“Elektron hərrac”larda iştirak kifayət qədər sadədir
Azərbaycanda özəlləşdirmə prosesində iştirak etmək olduqca asan və əlçatandır. Xüsusən, ölkədə tətbiq edilən “Elektron hərrac”larda iştirak kifayət qədər sadədir. Məhz bunun nəticəsidir ki, hazırda ölkə vətəndaşları ilə yanaşı, əcnəbilər də özəlləşdirmə prosesində fəal iştirak edirlər.
8 İyun 2017 12:47 SosialƏmlak qeydiyyatında rekord göstərici qeydə alınıb
Azərbaycanda özəlləşdirmə prosesində iştirak etmək olduqca asan və əlçatandır. Xüsusən, ölkədə tətbiq edilən "Elektron hərrac"larda iştirak kifayət qədər sadədir. Məhz bunun nəticəsidir ki, hazırda ölkə vətəndaşları ilə yanaşı, əcnəbilər də özəlləşdirmə prosesində fəal iştirak edirlər. Məlumat üçün qeyd edək ki, təkcə Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə 31 elektron xidmət hazırlanmış və Komitənin Elekton Xidmətlər (e-emdk.gov.az) o cümlədən Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmişdir. Tətbiq edilən elektron xidmətlərin məqsədi vətəndaşların daha cəld və minimum vaxt itkisi olmaqla xidmətlərdən istifadələrini təmin etməkdir. Hazırda vətəndaşların istifadəsinə verilən "Elektron hərrac" xidməti "Nəqliyyat vasitələrinin və avadanlıqların hərraclar vasitəsilə satışı" prosedurunun avtomatlaşdırılmasını özündə birləşdirir. Belə ki, bu xidmət vasitəsilə artıq vətəndaş olduğu yerdən, heç bir yerə getməyərək online qayda da hərracda iştirak edə bilər. "Elektron Hərrac"da iştirak etmək üçün müvafiq elektron xidmətə daxil olmaqla (e-emdk.gov.az) həmin bölmədə əmlakların hərraclarla satışı hissəsində qeyd olunan 12-ci bölməyə (Dövlət müəssisə və təşkilatlarının, habelə tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinin və nizamnamə fondunda dövlət payı olan hüquqi şəxslərin balansında olan limitdən və tələbatdan artıq minik avtomobillərinin və digər nəqliyyat vasitələrinin, o cümlədən normativ istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin və avadanlıqların hərraclar vasitəsilə satışına aid müraciət və sənədlərin qəbulu) müraciət etmək lazımdır.İstənilən vətəndaş, iş adamı elektron imzadan istifadə edərək Elektron Xidmətlər portalından (e-emdk.gov) və ya Elektron Hökumət Portalından (e-gov.az ) qeydiyyatdan keçə bilər. Qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir.
Elektron Hərrac hansı qaydada həyata keçirilir?
Elektron Hərrac proqramına daxil olmaq üçün "Elektron Hərrac" bölməsinə keçid etmək lazımdır. Həmin bölmədə verilən xanaları doldurmaqla İştirak qaydadaları ilə tanış olmaq mümkündür. İştirak qaydaları ilə tanış olduqdan sonra İstifadəçinin sifariş verdiyi lotların siyahısı (Şəxsi kabinet) göstərilir. Bu şəxsi kabinetdə Administrator tərəfindən bütün istifadəçilərə real rejimdə mesajların göndərilməsi təmin edilir. Belə ki, saytın administratorları tərəfindən hərrac iştirakçılarına hərracların başlanması haqqında məlumat verilir. Hərrac başladıqdan sonra ilk beş dəqiqə ərzində heç bir iştirakçı tərəfindən təklif verilməsə, əlavə olunan bir dəqiqə ərzində bu vəziyyət yenə də təkrar olarsa hərrac dayandırılır, baş tutmamış sayılır. Hərrac rəqabətli keçdikdə isə iştirakçılar əmlakın ilkin satış qiymətindən əlavə təkliflər edirlər. Hər yeni təklif isə ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır. Ekranda bu barədə qırmızı şriftlə olan yazı iştirakçını xəbərdar edir. Hərracda ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan edilir. Ekranda hərracın tarixi, əmlakın satılması barədə məlumat, satış qiyməti və qalib alıcının nömrəsi qeyd olunur. Elektron Hərracda udulmuş nəqliyyat vasitəsi müvafiq qurumlar tərəfindən Qalib alıcının adına rəsmiləşdirilir. Elektron hərracın üstün cəhətlərindən biri də qeydiyyatdan keçmədən elektron hərracın gedişatının real rejimdə izlənilməsi imkanın olmasıdır. Komitənin həyata keçirdiyi bütün bu innovativ tədbirlərin başlıca məqsədi vətəndaşların minimum vaxt itkisi olmaqla, daha operativ qayda da, müasir texnoloji üstünlüklərdən istifadə etməklə xidmətlərdən yararlanmasını təmin etməkdir.
Əmlak qeydiyyatında rekord göstərici
Məhz bu kimi tədbirlərin nəticəsidir ki, son illərdə Azərbaycanda daşınmaz əmlakla bağlı əməliyyatlarda artım qeydə alınıb. Dünyadakı iqtisadi böhran, neftin ucuzlaşması və iqtisadi aktivliyin azalması daşınmaz əmlak bazarına təsir etsə də, 2017-ci ilin ilk beş ayının nəticələri respublikanın əmlak bazarında güclü şəkildə canlanmanın olduğunu göstərir. Xüsusilə ilkin qeydiyyat, yəni əmlakların ilk dəfə sənədləşdirilməsində sürətli artımlar baş verib. Bunun əsas səbəbi, digər məsələlərlə yanaşı əmlakın qeydiyyatını sadələşdirməsi, bu sahədə tətbiq olunan yenilik və kampaniyalar, müasir yanaşmalar, innovativ xidmətlərdir. Aparılan statistik göstəricilərə əsasən 2017-ci ilin may ayında ölkədə 17251 əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Yerinə yetirilən qeydiyyatın 5111 ilkin, 12140 isə təkrar qeydiyyata aiddir. Cari ilin may ayında 14988 daşınmaz əmlaka texniki pasport tərtib edilib, 3604 ipoteka müqaviləsi, 351 yüklülük dövlət qeydiyyatına alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 13386 yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 4735 digər müxtəlif məzmunlu arayışlar verilib. 11107 daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib. May ayında mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3253 fərdi yaşayış və bağ evi, 4246 mənzil, 8974 torpaq sahəsi, 671 qeyri-yaşayış binası, 79 əmlak kompleksi, 4 çoxmərtəbəli yaşayış binası, 24 çoxillik əkmə olub. Ötən ilin may ayı ilə müqayisədə fərdi evlərin qeydiyyatı 32.18%, torpaq sahələri 8.6%, mənzillərin qeydiyyatı 27.0%, qeyri-yaşayış binalarının qeydiyyatı 53.2%, çoxillik əkmələrin qeydiyyatı isə 4 dəfə artıb. Ümumilikdə, bu ilin ilk 5 ayında ölkədə 77966 əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb. Əmlakın qeydiyyatının 65.7%-i regionlarına payına düşüb. Fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrlə əməliyyatların isə hamısı regionlarda aparılır. Həyata keçirilən "Kütləvi çıxarış" kampaniyaları, "Elektron çıxarış" xidməti, Mobil ofis xidmətləri vətəndaşların sənədləşdirmə prosesində minimum vaxt itkisini təmin etmək, komitənin xidmətlərindən daha operativ yararlanmasına şərait yaratmaqdır. Keçirilən kütləvi çıxarış kampaniyaları həm vətəndaşların olduqları ərazilərdə, həm iş yerlərində, həm də onların fəaliyyət göstərdikləri torpaqlarında xidmət göstərir. Bu xidmətlərin nəticəsində vətəndaşlar heç bir yerə getmədən, gündəlik fəaliyyətlərindən ayrılmadan əmlaklarına dair sənədlərə sahib olurlar. Cari ilin ilk 5 ayında 12 kütləvi çıxarış kampaniyası keçirilib ki, bunların 2-si paytaxtın müxtəlif rayonlarında, digərləri isə regionlarda vətəndaşlara xidmət göstərib. Keçirilən kapmaniyaların 4-ü iş yerində vətəndaşlara qeydiyyat xidmətləri göstərib. Son olaraq tətbiq edilən innovativ xidmət olan "Elektron çıxarış" xidməti vasitəsilə vətəndaş artıq öz istəyinə uyğun olaraq çıxarışını elektron formada əldə edə bilər. Belə ki, bu yeniliyə əsasən çıxarış elektron qaydada təsdiq edilməklə e-Hökümət portalı vasitəsi ilə əmlak sahibinin şəxsi elektron kabinetində yerləşdiriləcək. Müvafiq dövlət qurumları, notariuslar və banklar bu portal vasitəsi ilə həmin çıxarışla bağlı əməliyyat aparacaq. Elektron imza ilə təsdiqləndiyi üçün çıxarışın elektron variantını bütün əməliyyatlarda tam hüquqlu sənəd kimi istifadə edəcək. Bu xidmətin nəticəsində kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxacaq. Həyata keçirilən bütün bu xidmətlərdə başlıca məqsəd vətəndaşların rahatlığını təmin etmək, xidmətlərdən istifadə zamanı vaxt itkisinin qarşısını almaq, operativ və səmərəli xidmət göstərməkdir.
Nurlan