Hökumət və vətəndaş cəmiyyəti arasında dialoq siyasi plüralizmin bariz nümunəsidir
Azərbaycanda demokratik-hüquqi dövlətin əsaslarının yaradılması və vətəndaş cəmiyyətinin qurulması müstəqillik illərindən sonrakı dövrə təsadüf edir. Azərbaycan dövləti prioritet hesab etdiyi vətəndaş cəmiyyətinin formalaşması üçün yaradılan milli qanunvericilik sistemi beynəlxalq hüquq normalarına əsaslanır.
7 İyun 2017 17:15 SosialAzərbaycanda demokratik-hüquqi dövlətin əsaslarının yaradılması və vətəndaş cəmiyyətinin qurulması müstəqillik illərindən sonrakı dövrə təsadüf edir. Azərbaycan dövləti prioritet hesab etdiyi vətəndaş cəmiyyətinin formalaşması üçün yaradılan milli qanunvericilik sistemi beynəlxalq hüquq normalarına əsaslanır. Siyasi plüralizmin təməl prinsiplərindən olan vətəndaş cəmiyyətlərinin inkişafı daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə əməli tədbirlər həyata keçirilməkdədir. Sirr deyil ki, Azərbaycan hökuməti vətəndaş cəmiyətlərinin dövlət qurumları ilə əməkdaşlığında maraqlı görünür. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, dövlət qurumları və QHT təmsilçilərinin iştirakı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasını təsis edib. Etiraf edilməlidir ki, dövlətin belə bir təşəbbüsdə bulunması siyasi plüralizmin bariz nümunəsidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nda 4-cü müddə Vətəndaş Cəmiyyəti İnstitutlarına həsr olunub və Dialoq Platformasının yaradılması xüsusi olaraq tövsiyyə edilib. Bunu əsas götürən Şura Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradılması təşəbbüslə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Platformasının yaradılması təşəbbüsü cəmiyyət üçün vacib əhəmiyyət kəsb edir: "İndiyə qədər bu istiqamətdə müxtəlif təşəbbüslər irəli sürülüb və uğurla icra olunub. Bununla yanaşı dövlətimizin inkişafının yeni mərhələsini və qarşıda duran çağırışları və vəzifələri nəzərə alaraq bu formatda dialoq platformasının yaradılması zəruri idi. Əminəm ki, dövlətimiz tərəfindən yaradılmış dilaoq mühiti QHT-hökumət əməkdaşlığını fərqli keyfiyyət mərhələsinə çıxaracaqdır. Hökumət- vətəndaş institutları arasında əməkdaşlıq və dialoq hər zaman cəmiyyət üçün faydalıdır və bir çox məsələni dialoq yolu ilə həll etmək olar". Azay Quliyev xüsusilə vurğulayıb ki, QHT-lər bu mexanizmdən istifadə edərək onları narahat edən istənilən məsələni Platformada iştirak edən dövlət qurumları birgə müzakirə edərək onların həllinə nail ola bilərlər. Bu platformanın yaradılmasında dövlətin siyasi iradəsi ortadadır, belə mötəbər və geniş tərkibdə dialoqun qurulması məhz bunun əyani göstəricisidir. Azay Quliyev onu da qeyd edib ki, Platforma çərçivəsində tərəflər İctimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etmək, bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyələr vermək, "Açıq Hökumət" Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Azərbaycan hökumətinin hazırladığı Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqini aparmaq, "Açıq Hökumət" Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanın vətəndaş cəmiyyətini təmsil etmək, təşəbbüsdə maraqlı olan dövlət orqanları, yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələr aparmaq və elektron hökuməti təşviq etmək istiqamətlərində fəaliyyət göstərəcək. Platformaya üzvlük bu təşəbbüsü dəstəkləyən hər bir vətəndaş cəmiyyəti, parlament və hökumət təmsilçiləri üçün açıq olacaq. Məlumat üçün qeyd edək ki, məhz bu əməkdaşlığın nəticəsidir ki, ölkə parlamenti tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hazırladığı bir necə vacib qanun qəbul eilib. Siyasi ekspertlər bu amili ölkədə siyasi plüralizmin bərqərar olması kimi dəyərləndirilər.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hüquqi islahatların, Konstitusiya islahatlarının aparıldığı dövrdə və yeni iqtisadi şəraitdə bu cür platformanın, dialoqun mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Qeyd edib ki, bu gün yüksək etimad və inam mühiti mövcuddur: "Hökumət və vətəndaş cəmiyyəti arasında dialoq Milli Fəaliyyət Planında da əksini tapıb.Bu, islahatlarla bağlı əməkdaşlığı da özündə ehtiva edir. Bu gün tədbirdə iştirak edən nazirliklər və dövlət qurumlarının nümayəndələri rəhbərlərinin tapşırığı ilə burada iştirak edirlər. Məqsəd yeni əməkdaşlıq formatının qurulmasıdır. Bu baxımdan bu gün imzalayacağımız Memorandumla bu sahədə biz də üzərimizə məsuliyyət götürəcəyik". Milli Məclisin üzvü, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Milli koordinatoru Vüsal Hüseynov Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığına 2011-ci ildə qoşulduğunu və bu təşəbbüsün uğurla həyata keçirildiyini bildirib. O, Platformanın yaradılmasının əhəmiyyətli olduğunu deyib.
Bir daha xatırladaq ki, Azərbaycan dövləti vətəndaş cəmiyyətləri ilə əməkdaşlıqda maraqlı tərf kimi çıxış edir. Məhz bunun nəticəsidir ki, ölkədə fəaliyyət göstərən vətəndaş cəmiətləri idarəetmə sisteminə cəlb olunur, ictimai nəzarəti həyata keçirir. Artıq Azərbaycanda vətəndaş cəmiyyətlərinin ictimai nəzarət funksiyasını icra etmələri üçün qanunvericilik bazası da yaradılıb. Belə ki, "ictimai iştirakçılıq haqqında" qanun artıq qüvvədədir. Siyasi plüralizmin göstəricisi olan QHT-dövlət münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə bir sıra sənədlər də imzalanıb. Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün Azərbaycan 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulub. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması, bu sahədə beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 5 sentyabr 2012-ci il tarixdə "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilib. Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə növbəti, "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı" qəbul edilib.
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qeyd edib ki, vətəndaş cəmiyyətləri ilə dövlət orqanları arasındakı əlaqələrin daha da genişlənməsinə ehtiyac var: "Düzdür, müəyyən nazirliklərlə, dövlət komitələri ilə əlaqələrimiz var, amma hesab edirəm ki, bu, qarşılıqlı əməkdaşlıq üçün kifayət deyil. Dövlət orqanları ilə əlaqələr daha da genişləndirilməli, inkişaf etdirilməlidir. Dövlət qurumları milli və dövlətçilik maraqlarını müdafiə edən, qanun çərçivəsində fəaliyyət göstərən üçüncü sektor təmsilçilərindən ehtiyatlanmamalı, onların fəaliyyətindən narahat olmamalı, onlardan qaçmamalıdır, onlara hər hansı bir yad qüvvə kimi baxmamalıdır. Əksinə bu istiqamətdə fəaliyyət göstərən QHT-lərə dövlət qurumları qucaq açmalıdırlar. Çünki vətəndaş cəmiyyəti institutları bu xalqın, cəmiyyətin, bu dövlətin qüvvələridir. QHT-lər alternativ ictimai institutlardır ki, bunlarında cəmiyyətdə alternativ funksiyaları var. Dövlət orqanları QHT-ləri öz işlərinə daha geniş cəlb edərlərsə, bu halda biz dövlət, qeyri-dövlət, media bütövlükdə vətəndaş cəmiyyəti institutlarını normal inkişaf etdirə bilərik. Bu gündə Avropada, Qərb dövlətlərində göstərici məhz vətəndaş cəmiyyəti institutlarıdır. Güclü iqtisadiyyat, güclü ordu ola bilər. Əgər güclü vətəndaş cəmiyyətin yoxdursa, deməli hələ sən güclü, inkişaf etmiş ölkə deyilsən. Bu, çox ciddi məsələdir. Biz inkişaf etmiş ölkələrə baxanda onların həm adam başına düşən gəlirini, eyni zamanda vətəndaş cəmiyyətinin göstəricilərini nəzərə alırıq. Məhz buna görə də dövlətimiz bu sahədə ən optimal variantı tətbiq etməyə çalışır. Və bu yolda əmin addımlarla irəliləyir. Ümidvarıq ki, bizdə vətəndaş cəmiyyəti daha yüksək səviyyəyə çatacaq". Etiraf edilməlidir ki, dövlət orqanlarının ictimai sektora açıq olması ölkədə vətəndaş cəmiyyətlərinin fəaliyyəti üçün yaradılmış şəraitin təzahürüdür. Nazirliklərin vətəndaş cəmiyyəti ilə əlaqələrin qurulmasında, ictimai nəzarətin, şəffaflığın təmin olunmasında, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılmasında, dövlət proqramlarının effektiv həyata keçirilməsində əməkdaşlıqda bulunması siyasi plüralizmin əyani göztəricisi kimi qəbul edilməlidir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir