İşdən azad edilən işçilər arasında niyə fərq qoyulur?

Azərbaycanda işçilərin tutduğu vəzifədən azad edilməsi və ya ixtisarı ilə bağlı yeni qaydalar müəyyən edilib. Bu məqsədlə ölkə parlamenti Əmək Məcəlləsinə dəyişiklik edib. Dəyişikliyə əsasən ölkədə işçilər işdən çıxarılarkən onlara əmək stajlarından asılı olaraq, xəbərdarlıq ediləcək.

Deputat: "Eyni statusa malik, eyni işi icra edən işçilərə qarşı ayrıseçkilik nəyə lazımdır?"

Azərbaycanda işçilərin tutduğu vəzifədən azad edilməsi və ya ixtisarı ilə bağlı yeni qaydalar müəyyən edilib. Bu məqsədlə ölkə parlamenti Əmək Məcəlləsinə dəyişiklik edib. Dəyişikliyə əsasən ölkədə işçilər işdən çıxarılarkən onlara əmək stajlarından asılı olaraq, xəbərdarlıq ediləcək. Eyni zamanda, işdənçıxarma müavinəti verilərkən də işçinin stajı nəzərə alınacaq. Xatırladaq ki, Əmək Məcəlləsinin hazırki variantına görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı 2 ay əvvəl işçisini bu barədə rəsmi xəbərdar etməlidir. Yeni layihəyə görə isə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsinin ləğvi barədə xəbərdarlıq edərkən onların əmək stajını nəzərə alacaq. Layihəyə görə, işçinin 1 ilədək əmək staji olduqda ona ixtisar və ştatının ləğv olunacağı barədə xəbərdarlıq müqavilə ləğv edilməzdən azı 2 təqvim həftəsi əvvəl, stajı 1 ildən 5 ilədək olduqda azı 4 təqvim həftəsi əvvəl, stajı 1 ildən 10 ilədək olduqda azı 6 təqvim həftəsi əvvəl, stajı 10 ildən çox olduqda azı 9 təqvim həftəsi əvvəl edilməlidir. Bundan başqa, məcəllənin hazırkı variantına görə, əmək müqaviləsi ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti verilir, işçilərə işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Yeni layihəyə görə isə işdən çıxarma müavinətləri də ödənilərkən işçinin stajı nəzərə alınacaq. Belə ki, işçinin 1 ilədək əmək stajı olduqda ona orta aylıq əmək haqqı miqdarında, 1 ildən 5 ilədək stajı olduqda orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında, 5 ildən 10 ilədək stajı olduqda 1,7 misli miqdarında, 10 ildən çox stajı olduqda azı 2 misli miqdarında müavinət ödəniləcək.Yeni layihəyə görə, işçiyə işəgötürən tərəfindən xəbərdarlıq əvəzinə ödənişin verilməsi zamanı da staj nəzərə alınacaq. İşəgötürən işçinin razılığı ilə məcəllənin 70-ci maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş azı 2 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli, azı 4 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli, azı 6 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli, azı 9 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli ödəniş etməklə müqaviləyə xitam verə bilər. Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə isə işəgötürən müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqından az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə məcəllənin 70-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq, azaldılır. Lakin qanunvericilikdəki yeniliklər cəmiyyətdə birmənalı qarşılanmayıb. Millət Vəkili Qüdrət Həsənquliyev qeyd edib ki,işçinin işdən çıxarılması və kompensasiya ödənilməsi ilə bağlı yeni normaların qəbul edilməsi qanunvericilik təşəbbüsü müəllifi tərəfindən ciddi şəkildə əsaslandırılmalıdır: "Sənədə əsasən işçiyə 1 ilədək əmək staji olduqda ona ixtisar və ştatının ləğv olunacağı barədə xəbərdarlıq müqavilə ləğv edilməzdən azı 2 təqvim həftəsi əvvəl, stajı 10 ildən çox olduqda azı 9 təqvim həftəsi əvvəl xəbərdarlıq edilməlidir. Maraqlıdır, eyni statusa malik, eyni işi icra edən işçilərə qarşı belə ayrıseçkilik nəyə lazımdır? Nəzərə almaq lazımdır ki, 3 il əmək stajı olan işçinin də ailəsi, uşaqları var. Çalışdığı müəssisədən ailəsini saxlamaq üçün əmək haqqı alır. Belə haldi niyə ona deməliyik ki, sən 3 il işləmisən sənə 4 həftə əvvəl xəbərdarlıq edirik, 10 il işləyənə isə daha tez. Hazırda işçilərin və müəssisələrin iqtisadi durumu hamıya bəllidir. Belə halda işdən azad ediləcək işçilərə vaxtında xəbər verilməlidir ki, onlar özlərinə yeni iş yeri axtara bilsinlər. Odur hesab edirəm ki, bu yenilikdə müəyyən diskriminasiya var. Təsəvvür edin ki, yeni qaydalara əsasən gənc işçi işdən azad olunanda ona az miqdarda vəsait ödənilir, amma yaşlı işçiyə daha çox vəsait ödənilir. Bu proses pensiyayı çıxmaq deyil ki, az ödəniş etdiyinə görə, az vəsait verilsin. Burada söhbət ondan gedir ki, həmin vəsait işçiyə yeni işə düzələnə qədər  verilir ki, orta müddətdə ailəsini dolandıra bilsin. Hesab edirəm ki, bu məsələdə daha ədalətli variant düşünülməlidir ki, baş verən dəyişiklik işçilərin maraqlarına xidmət etsin. Çünki, biz sadə insanların hüquqlarını daha çox qorumalıyıq, nəinki ayrı-ayrı şirkətlərin və yaxud iş adamlarının". Millət vəkili Hacı Salayev qeyd edib ki, hazırda həm Azərbaycanda, həm də beynəlxalq praktikada iş təcrübəsi çox olan adamlar daha tez iş yeri tapa bilir: "Təcrübəli adamdırsa o, istənilən sahədə işləyə bilər. Bu qayda iş adamları və dövlət müəssisələri üçün daha rahat olsa da nəzərə almaq lazımdır ki, bu gün ölkədə məşğuliq məsələləri var. Xüsusən gənc kadrlar iş axtarışındadır. Hesab edirəm ki, qanunvericilikdə edilən bu dəyişiklik barədə yenidən düşünməyə ehtiyac var. Yaxşı olardı ki, iş stajından asılı olmayaraq işçinin işdən azad edilməsi üçün hamıya 2 ay əvvvəldən xəbərdarlıq edilsin". Millət vəkili, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qeyd edib ki,  qanunvericilikdə dəyişiklik edilməsi üçün dünyanın 72 ölkəsinin təcrübəsi öyrənilib: "Dünya təcrübəsinə görə, daha çox stajı olan işçinin çalışdığı müəssisədə daha çox xidməti olur. Ona görə də onların işdən azad edilməsi üçün daha uzun müddətdə xəbərdarlıq edilir. Düşünürəm ki, qanunvericilikdə edilən dəyişiklik daha ədalətlidir. Çünki bir müəssisədə daha çox işləyən adama daha uzun müddətdə vaxt verilir ki, özünə iş tapa bilsin. Məsələnin digər tərəfi ondan ibarətdir ki, cavan adam daha tez iş tapa bilər, nəinki yaşlı, daha çox təcrübəsi olan adam. Bu baxımdan qanunvericilikdəki düzəliş olduqca ədalətli və dünya təxrübəsinə uyğun olan düzəlişlərdir".   

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31