“Pilot Layihə” çərçivəsində hansı çətinliklər meydana çıxıb?
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Pilot Layihə” çərçivəsində azmərtəbəli, qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililərin söküntüsü barədə qərarı müvəffəqiyyətlə həyata keçməkdədir.
7 İyun 2017 14:07 SosialKomitə sədri: "Tikinti təşkilatlarının fəaliyyəti narahatlığa səbəb olur"
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Pilot Layihə" çərçivəsində azmərtəbəli, qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililərin söküntüsü barədə qərarı müvəffəqiyyətlə həyata keçməkdədir. Proqram beş il ərzində 1094 yaşayış binasının (893 min kvadrat metr yaşayış sahəsinin, 15857 mənzilin) söküntüsünün aparılmasını və 49614 sakinə daha çox yaşayış sahəsi və daha rahat həyat şəraiti təklif etməklə onların köçürülməsini nəzərdə tutur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib ki, Səbail, Nərimanov, Nəsimi, Xətai, Nizami, Suraxanı və Yasamal rayonlarında Komitə tərəfindən razılaşdırılmış 254 yüksəkmərtəbəli yaşayış və qeyri-yaşayış tikililərindən artıq 45-nin tikintisinə başlanılmışdır. Məlum olduğu kimi "Pilot layihə"-nin əsas məqsədlərindən biri təkcə yeni yaşayış binalarının ucaldılması deyil, həmçinin azmərtəbəli və yaşayış üçün yararsız tikililərin əsaslı söküntüsünü təmin etməkdir: "Lakin ərazinin abadlaşdırılması (renovasiyası) zamanı bəzi çətinliklər meydana çıxır. Tikinti-planlaşdırma eskizləri ilə bərabər memarlıq-planlaşdırma bölmələri də hazırlanır ki, bunlar da mərtəbəliliyinə, tikinti sıxlığına görə çox vaxt ona uyğun gəlmir. Tikintisi gedən 45 sahənin planlaşma həlli üçün 60 hektar ərazi nəzərdə tutulmuşdur ki, bunların da tikintisi başa çatdıqdan sonra yaşıllıq sahələri, istirahət və idman meydançaları, avtomobil dayanacaqları və piyada yolları, mühəndis kommunikasiyaları və qurğuları ilə təmin olunmuş, abadlaşdırılmış həyəti olan yaşayış kompleksləri yaranmalıdır. Lakin onlardan 38 tikinti sahəsinin əhatə etdiyi 29 hektar ərazi üzrə əsasən nöqtəvari tikinti tipli yüksəkmərtəbəli, ayrılmış sahəsi 1 ha-dan az olan memarlıq-planlaşdırma bölmələrinin tikintiyə icazəsi vardır. Nəticədə yaşayış tikililərinin söküntü sahəsi tikinti-planlaşdırma eskizi üzrə 350 min m2, memarlıq-planlaşdırma bölməsi üzrə 135 min m2, layihələndirilən mənzillərin sahəsi isə tikinti-planlaşdırma eskizi üzrə 1.6 mln m2, memarlıq-planlaşdırma bölməsi üzrə isə 870 min m2 sahəni nəzərdə tutur".
Tikinti şirkətləri qaydalara riayət etmirlər
Komitə sədri qeyd edib ki, bugünkü tikinti təşkilatlarının fəaliyyəti narahatlığa səbəb olur. Tikinti təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilk növbədə, 1 ha söküntü ərazisinin əhalisi köçürülməli, qeyri-yaşayış və yaşayış tikililərinin söküntüsü başa çatdıqdan sonra tikintinin icrasına başlanmalıdır: "İcra Hakimiyyətlərinin tövsiyələri əsasında hazırlanan planlaşdırma sənədləri 1 ha-dan 5 ha-a qədər ərazini təmin etməlidir. Tikinti üçün torpaq sahəsi ayrılan zaman, eləcə də, sakinlər ilə müqavilələr bağlanan zaman İcra hakimiyyətləri 1 hektar ərazini minimal və əsas göstərici olaraq müəyyən etməlidir. 13 yanvar 2017-ci ildən Komitənin Kollegiyalarının qərarı ilə təsdiq olunmuş ərazidən istifadə intensivliyi anlayışı tikinti sıxlığı və tikinti faizi göstəriciləri ilə xarakterizə olunur. İcra Hakimiyyəti orqanı və layihəçilər məhz bu göstəricilərə əsaslanmalıdırlar.Tikinti sıxlığı - yaşayış binasının xarici divar konturları ilə yerüstü mərtəbələrinin ümumi sahəsinin planlaşdırılan ərazinin sahəsinə olan nisbətidir (m2/ha) və 1 hektar ərazi vahidinə 25000 m2 ümumi sahə kimi normallaşdırılır. Bu göstərici 1 hektar əraziyə təxmini olaraq, 14-17 mərtəbəli üç yaşayış binası və ya 3 girişli bir bina; 10-13 mərtəbəli 2 girişli iki yaşayış binası; 8-10 mərtəbəli 2 girişli üç yaşayış binalarının yerləşdirilməsi anlamına gəlir. Bununla belə, 1 hektar ərazi vahidinə düşən yaşayış binalarının tikinti altı sahəsi birinci halda - 1500 m2; ikinci halda- 2000 m2; üçüncü halda-2500 m2 təşkil etməlidir. Eyni tikinti sıxlığı halında tikinti altı sahəsi iki dəfə çox olmaqla, altı ədəd 10 mərtəbəli yaşayış binası əvəzinə nöqtəvarı tikinti kimi üç 16 mərtəbəli binanın tikintisinə üstünlük verilməsi təəccüb doğurur. Hal-hazırda tikintisi aparılan 45 obyektin 80 faizi 16 və daha yüksəkmərtəbəli nöqtəvarı tikinti tipli yaşayış binalarıdır. Bu keçmişə - 90-cı illərə qayıdışdır?"
Layihələndirilən yaşayış sahəsi sökülənləri niyə üstələyir?
Onun sözlərinə görə, qarşıda yüksəkmərtəbəli tək binanın tikintisindən az vacib olmayan 1 mln m2-ə yaxın yararsız ümumi yaşayış sahəsinin söküntüsü məsələsi durur. Hal-hazırda tikintisi aparılan obyektlər üzrə bu göstərici təxminən 135 min m2 təşkil edir: "Tikintisi gedən bəzi obyektlərin memarlıq-planlaşdırma bölmələrinin təhlili zamanı müəyyən olunmuşdur ki, layihələndirilən ümumi yaşayış sahəsi sökülən yaşayış sahəsini on dəfələrlə üstələyir, bu hal da yol verilməzdir. Məhz buna görə memarlıq-planlaşdırma bölmələrində obyektlərin tikintisi üçün ayrılmış torpaq sahəsi 1 ha-dan az olmamalıdır. Komitəyə bəzən maliyə imkansızlığı səbəbindən sahibkarların bu şərtlərə razılaşmadıqları barədə məlumat verilir. Belə hallarda 0,2 ha kimi kiçik ərazilərdə nöqtəvarı tikinti olaraq yüksək mərtəbəli ayrıca binanın tikintisi ilə məşğul olan, məqsədi belə tikinti aparmaqla on dəfələrlə artıq gəlir əldə etmək olan sahibkarların əvəzinə Komitə daha imkanlı və sanballı sahibkarların cəlb edilməsi məsələsinə baxılmasını məqsədəuyğun hesab edir. Qeyd etmək lazımdır ki, müvafiq ədəbiyyatlarda yüksəkmərtəbəli yaşayış binalarının sakinlərinin diskomfortluğu haqqında bir sıra nümunələr vardır. Məsələn, əhalinin yüksək sıxlığı onların davranışına və ərazinin ictimai mühitinə də mənfi təsir göstərir.1 ha ərazi vahidində 10 mərtəbəli binaların tikintisi maya dəyərinin daha yüksək mərtəbəli binalara nisbətən 10%-ə qədər azalması, yaşayış sahəsinin isə vaxtlı-vaxtında mərhələli şəkildə istifadəyə verilməsi deməkdir. 0,1 ha ayrılmış ərazidə nöqtəvarı tikinti olaraq ayrıca yüksək mərtəbəli binanın inşası söküntü ərazisinin və köçürülən əhalinin sayının tələb olunan normalardan 4 dəfə az olmasına və "pilot layihə"nin tələblərinin yerinə yetirilməməsinə gətirib çıxarır. İstənilən tikintinin 1 ha-dan az olmayan ərazi üçün-əhalinin köçürülməsini təmin edən və söküntü sahəsini üstələyən torpaqdan istifadəsinin şəhərsalma planı olmalıdır".
Rayonların baş memarlar fəaliyyətlərini yenidən qurmalıdırlar
Komitə sədri deyib ki, əlimizdə abadlaşdırılmış, yaşıllıq, idman və uşaq meydançaları, avtodayanacaqlar, mühəndis qurğuları və kommunikasiyaları, maşın və piyada yolları ilə təmin olunmuş, minimal 1 ha ərazini əhatə edən tikinti planlaşdırma layihəsi əsasında tikintinin tamamlanacağı barədə əminlik olmalıdır: "Əgər imkanlı sahibkarlarla iş görülərsə tikinti üçün ayrılmış minimal torpaq sahəsi 1 ha-dan az olmamaq şərtilə, köçürülən əhalinin sayının dəfələrlə artıq olmasına və beləcə sakinlərin narazılığının azalmasına səbəb olacaqdır. Rayonların baş memarları bu sahədə öz fəaliyyətlərini yenidən qurmalıdırlar. Onlar fəaliyyətlərində layihə tapşırığının mükəmməl işlənilməsini, o cümlədən, planlaşdırma sənədlərinin ərazi sərhədlərinin 5 ha-a qədər olmasını; torpaqdan istifadənin şəhərsalma planının; 1 ha-dan az olmayan tikinti üçün ayrılmış torpaq sahəsinin; sökülən və layihələndirilən yaşayış sahəsi haqqında müvafiq dürüst məlumatların təqdim olunmasını təmin etməlidirlər. 1 ha ərazi vahidi üçün mərtəbəliliyin reqlamenti öncədən müəyyən olunmalı, bundan sonra hazırlanan tikinti-planlaşdırma eskizinə uyğun memarlıq-planlaşdırma bölmələrində ərazinin tikinti sıxlığının və tikinti sahəsinin normaları gözlənilməklə binaların tikinti sahəsi üçün ayrılmış sahə 1 ha-dan az olmamalıdır. Çox təəssüf ki, bu gün planlaşdırma sənədləri və müvafiq memarlıq-planlaşdırma bölmələri norma və qaydalara uyğun işlənilmir. Qeyd etmək lazımdır ki, onlarla belə layihələri Komitə yenidən işlənməsi üçün geri qaytarmışdır. Azərbaycanda heç vaxt bir mərtəbədə mənzillərinin sayı 9-a çatan dəhliz tipli binalar layihələndirilməmişdir. Bakının iqlim şəraitinə görə belə dəhliz tipli yaşayış binalarının tikintisi ümumiyyətlə tövsiyə olunmur. Buna baxmayaraq şəhərin hətta mərkəzi hissələrində də belə yaşayış binalarının layihələndirlməsi faktları mövcuddur".
Nurlan