Ramazanda sahura qalxmaq vacibdir?
Artıq müqəddəs Ramazan ayının başlamasında 10 gündən çox keçib. Bir neçə ildir ki, Ramazan ayı yaz fəslinin sonu, yayın əvvəllərinə təsadüf etdiyindən bu ayın hökmünü yerinə yetirənlər sutkanın yarıdan çoxunu oruclu qalmalı olurlar. Digər tərəfdən iftar vaxtı ilə imsak, yəni sahur arası zaman çox qısa olduğundan bir çoxları sahura qalxmadan oruc tutmuş olurlar. Bəziləri sahura qalxmamaqda heç bir qüsur görmədiyi halda, ancaq imsaka qalxmağın savab olduğunu da söyləyənlər var. Bəs görəsən dini inanclı insanlar bu baədə nə düşünür? Ümumiyyətlə, müqəddəs kitabımızda, eləcə də hədislərdə sahura qalxmamağın günah və qüsur olduğu barədə hansısa fikirlər yer alıbmı? Yaxud bununla bağlı hansısa istisnalar varmı? Sözügedən məsələyə aydınlıq gətirmək üçün bu sahənin mütəxəssisləri ilə söhbətləşdik.
7 İyun 2017 13:58 SosialƏkrəm Həsənov: "Sahura qalxmaq sünnədir, Allaha yaxınlıqdır"
Hacı Samir Əzizov: "Özündə bu yeməyi yediyi zaman narahatlıq hiss edən şəxs azaddır, yeməyə bilər"
Artıq müqəddəs Ramazan ayının başlamasında 10 gündən çox keçib. Bir neçə ildir ki, Ramazan ayı yaz fəslinin sonu, yayın əvvəllərinə təsadüf etdiyindən bu ayın hökmünü yerinə yetirənlər sutkanın yarıdan çoxunu oruclu qalmalı olurlar. Digər tərəfdən iftar vaxtı ilə imsak, yəni sahur arası zaman çox qısa olduğundan bir çoxları sahura qalxmadan oruc tutmuş olurlar. Bəziləri sahura qalxmamaqda heç bir qüsur görmədiyi halda, ancaq imsaka qalxmağın savab olduğunu da söyləyənlər var. Bəs görəsən dini inanclı insanlar bu baədə nə düşünür? Ümumiyyətlə, müqəddəs kitabımızda, eləcə də hədislərdə sahura qalxmamağın günah və qüsur olduğu barədə hansısa fikirlər yer alıbmı? Yaxud bununla bağlı hansısa istisnalar varmı? Sözügedən məsələyə aydınlıq gətirmək üçün bu sahənin mütəxəssisləri ilə söhbətləşdik.
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib ki, Ramazan ayında sahur etməyin bərəkətli olması haqqında bir çoxları fikir bildirib. Onun sözlərinə görə, bu barədə səhih hədislər gəlmişdir: "Səhur yeməyində bərəkət vardır. Bu gün insanların bir çoxu səhur yeməyinə qarşı səhlənkar yanaşırlar". Əkrəm Həsənov onu da diqqətə çatdırıb ki, bəzən insan həddən artıq yorğunluqdan, gecələr işanın gecənin yarısına qədər uzanmasından, gecə namazından yorğun düşüb səhura yatıb qala bilər: "Şübhəniz olmasın ki, səhura qalxmaq sünnədir (Allah Rəsulunun yoludur), Allaha yaxınlıqdır. Çünki Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) buyurub: "Səhur edin, həqiqətən də səhurda bərəkət vardır". Həmçinin Allah Rəsulu (səlləllallahu aleyhi və səlləm) buyurub: "Bizim orucla əhli-Kitabın orucu arasında olan fərq, bizim orucla onların orucunu ayıran fərq bizim səhur etməyimizdir, səhura qalxmağımızıdr". Burada Allah Rəsulu (səlləllahu aleyhi və sələm) biz müsəlmanların fərqini digər təhrif olunmuş dinlərdən ayıraraq bizim səhura qalxmağımızın sünnət olduğunu bizə xəbər verdi. Səhura qalxmaq sünnədir, vacib deyil. Kim sahur etməsə o günah qazanmır. Sahuru tərk etdiyinə görə sünnəni tərk etmiş hesab olunur. Sahur etmək üçün bizdən həddən artıq yemək tələb olunmur, su ilə, xurma ilə, az və ya çox qida ilə də biz səhura qalxmalıyıq. Səhura qalxmaqda çoxlu xeyirlər və bərəkətlər vardır. Səhur etməkdə bizim dinimiz və dünyamız üçün çoxlu xeyirlər vardır"
İlahiyyatçı Hacı Samir Əzizov isə qeyd edib ki, imsakın yeyilib yeyilməməsi mükəlləfin üzərində olan məsələlərdir: "Yəni yeməyə də bilər. Amma əlimizdə varid olan hədislər imsak zamanı yeyilən yeməkdə xüsusi bərəkətin olduğunu söyləyir. Rəsuli Əkrəm (s.ə.ə) buyurmuşdur: "İmsakı yeyiniz, çünkü onda bərəkət
vardır". Ancaq özündə bu yeməyi yediyi zaman narahatlıq hiss edən şəxs azaddır, yeməyə bilər". Müqəddəs Ramazan ayının isti aylara təsadüf etdiyinə gəlincə, Hacı Samir Əzizov qeyd edib ki, bu da müsəlman üçün bir sınaqdır və yay fəslində oruc tutmağın savabı daha çoxdur: "Son illər Mübarək Ramazan ayı əsasən isti aylara təsadüf edir. Həm istilik baxımından, həm də imsak vaxtından iftara qədər orucluq müddəti sutkanın yarıdan çoxunu əhatə edir. Aydın məsələdir ki, başqa vaxtlara nisbətən isti aylarda oruc tutmaq çox çətin şərait sayılır. Amma bu ay İlahi ziyafət ayı hesab olduğundan həm xüsusi ilahi lütflə müşayiət olunur, həm də veriləcək mükafat baxımından xüsusi əhəmiyyət kəsb edir. Bunu İslam şəriətindən öncəki şəriətlərdən də əldə edirik. Hz. İsa (ə.s) öz anası Məryəm əl-Uzra (ə.s)nı dəfn etdikdən sonra anasına belə müraciət etdi: "Anacan! Dünyaya qayıtmaq istəyərsən mi? Məryəm xanım belə dedi: Bəli, 2 şeyə görə dünyaya qayıtmaq istəyərəm. Şiddətli soyuq gecədə namaz qılmaq və isti yay günlərinin orucu üçün. Bundan əlavə Qütb Ravəndi "Lübbul Əlbab" kitabında Hz.Əli (ə.s)-dan bu cür bir kəlam nəql edir: "Mənə 3 şey, qılıncla vuruşmaq, yay gününün orucu, zəiflərə yardım etmək sevdirildi". Bütün bu nəqli dəlilərlə bizə aydın olur ki, yay orucunun xüsusi bir əhəmiyyəti vardır".
Məhəmməd