“Təhsil-Elm-Start up İnnovasiya modeli” layihəsi çərçivəsində seminar keçirilib

5-6 iyun 2017-ci il tarixlərində Excelsior Baku Hotelində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) proqramına uyğun olaraq AMEA-da hazırlanmış “Təhsil-Elm-Start up İnnovasiya modeli” layihəsi çərçivəsində seminar keçirilib.

5-6 iyun 2017-ci il tarixlərində Excelsior Baku Hotelində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) proqramına uyğun olaraq AMEA-da hazırlanmış "Təhsil-Elm-Start up İnnovasiya modeli" layihəsi çərçivəsində seminar keçirilib.

Seminarı giriş nitqi ilə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov açıb. Daha sonra Ə.Sadıqov AMEA-da  son illər elm və təhsilin inteqrasiyası sahəsində həyata keçirilən islahatlar, elmi tədqiqatların istehsalata tətbiqi, magistratura təhsili, AMEA-nın Təhsil Nazirliyi, o cümlədən beynəlxalq elmi qurumlarla əməkdaşlıq perspektivləri  haqqında məruzə ilə çıxış edib. O, "Təhsil-Elm-Start up İnnovasiya modeli"inin əhəmiyyətini və Azərbaycanda elm və təhsilin inkişafına töhfə verəcəyini vurğulayıb.

Seminarda çıxış edən Təhsil nazirinin müşaviri Həsən Həsənli elm, təhsil və innovasiyaların inkişafı ilə bağlı Avropa İttifaqının təcrübəsinin əhəmiyyətini qeyd edib. O, bu təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqində Xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində təhsil almış Azərbaycanlı tələbələrin boyük rolu olduğunu bildirib. O, Təhsil Nazirliyi ilə AMEA arasında sıx əməkdaşlıq perspektivləri və bunun bariz nümunəsi kimi SABAH qruplarının AMEA-da təcrübə keçməsi ilə bağlı qonaqlara məlumat verib.

Seminarda Rumıniyanın Babeş-Boyyayi Universiteti və Texnologiya İnstitutunun əməkdaşı Kristina Dobrota, Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universitetinin professoru Diana Kopeva, İspanıyanın La Laguna Universitetinin baş direktoru Qvintero Leon, Sloveniyanın Lyublyana Texnologiya parkının əməkdaşı Domen Bole "Təhsil-Elm-Start up İnnovasiya modeli" sahəsində  Avropa İttifaqı  ölkələrinin  əldə etdiyi son nailiyyətlər,  universitetlərlə  sənaye müəssisələri arasında əməkdaşlığın uğurlu nəticələri, dünyada texnologiyaların inkişafının yeni inkişaf istiqamətləri haqqında məruzələrlə çıxış ediblər.

Ekspertlər "Təhsil-Elm-Start up İnnovasiya modeli"nin inkişaf etdirilməsi üçün Avropa İttifaqının tövsiyələrini iştirakçıların diqqətinə çatdırıblar. Qarşılıqlı diskussiya şəklində keçən tədbirdə ekspertlər iştirakçıların çoxsaylı suallarını da cavablandırıblar.

Qeyd edək ki, seminarda AMEA-nın elmi müəssisələrinin təhsilə məsul şəxsləri, o cümlədən Təhsil Nazirliyinin və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31