Vətənpərvərlik duyğusu və qəhrəmanlıq hissi ilə “yüklənmiş” gənclik
Gənclik insan ömrünün elə bir dövrüdür ki, bu zaman onun hiss və duyğuları aşıb-daşır, qəhrəmanlıq həvəsi çox yüksək olur. Bu günkü Azərbaycan gəncləri Don Kixot “qəhrəmanlığından” fərqli olaraq əsil qəhrəman olmağın həzzini yaşamağa meyllidi.
3 Oktyabr 2016 18:00 SosialGənclik insan ömrünün elə bir dövrüdür ki, bu zaman onun hiss və duyğuları aşıb-daşır, qəhrəmanlıq həvəsi çox yüksək olur. Bu günkü Azərbaycan gəncləri Don Kixot "qəhrəmanlığından" fərqli olaraq əsil qəhrəman olmağın həzzini yaşamağa meyllidi.
Qəhrəmanlıq nədir? Qəhrəmanlıq bir anda olur, amma neçə əsr, neçə qərinə danışılır. Qəhrəmanlıq mənəviyyatın zənginliyinə dəlalət edir. Qəhrəmanlıq ən təhlükəli vəziyyətə də açıq gözlə baxaraq öz ləyaqəti, təmkini ilə müasir və gələcək nəslin tərbiyəsində müstəsna rol oynayır.
Hər zamanın öz qəhrəmanı olur. Böyük vətən müharibəsinin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov nəinki o zamanın, elə bu günün də əfsanəsidi, sabah da olacaq. Onların şəxsiyyəti bədii əsərlərin, filmlərin baş qəhrəmanına çevrilib. Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Qafur Məmmədov, Mərdan Musayev, Yusif Sadıqov və başqa həmyerlilərimiz böyük sovetlər torpağında döyüşüb qəhrəmanlıq göstərdiklərinə görə bu yüksək ada layiq görülüblər.
Bu günün və gələcəyin əfsanəsi isə Milli Qəhrəman Mübariz İbrahimovdu. Eyni ada layiq görülən jurnalistlər Salatın Əsgərovanın, Alı Mustafayevin və Çingiz Mustafayevin keçdikləri döyüş yolu hər bir azərbaycanlının qürur mənbəyidi. Milli Qəhrəman Etibar İsmayılov 1994-cü ildə Qarabağ torpaqlarında döyüşərkən özünü erməni tankının altına ataraq canını fəda etmiş, əsil qəhrəmanlıq nümunəsi göstərmişdi.
Qəhrəmanlıq etmək, adının tarixin səlnaməsinə yazılmasına nail olmaq vətən sevgisindən, torpaq məhəbbətindən irəli gəlir. Vətən sevgisinin rüşeymi insanın ürəyindəki vətənpərvərlik duyğusunda kök atır. Ulu öndər Heydər Əliyev deyib: "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir".
Bu da çox aydın gerçəklikdi ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq hissi yaradır, eləcə də apardığı mübarizədə onun inam və güvənc hissinə güclü təsir edir. Bir sözlə, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan bir hissdi. Yuxarıda adlarını çəkdiyim qəhrəmanlar, eləcə də Azərbaycan tarixinin səhifələrində adları yazılmış neçə-neçə görkəmli sərkərdənin şəxsi qəhrəmanlıq nümunəsi əsas verir deyim ki, Azərbaycan xalqı həqiqətən qəhrəman xalqdı. Bu xalq torpağını sevdiyi qədər onu qorumağa hazır olan gənclər də yetişdirir.
Əsil gənclik dönəmi orta məktəbin yuxarı siniflərindən başlayır. X-XI sinif şagirdləri elə bu yaşlardan vətən üçün can verməyə hazır olmağa qadirdirlər. Onları bu istiqamətə yönəldən əsasən müəllimlərdir. Vətənpərvərlik, qəhrəmanlıq ruhunda həyata baxmaq, keçmişə boylanmaq, dünəndən dərs alıb sabaha inamla addımlamaq, həmçinin ali təhsil almaq, çevrəndəkilərlərə yüksək səviyyədə davranmaq, öyrənmək, öyrətmək və sair bu kimi duyğuları orta məktəb şagirdi 11 il ərzində müəllimlərindən öyrənir.
Azərbaycanı sevmək ata-anaya tapınmaq və Allaha inanmaq, peyğəmbərləri qəbul etmək kimidir. Bunlara qadir olan gənc şəxsiyyətdir. Vətəninə, millətinə layiq, vətən sevdalısı olan şəxsiyyəti məktəbdə müəllim yetişdirir. Bu parametrləri daşıyan şagirdin-gəncin vətənpərvərlik duyğusu heç zaman ölə bilməz. Bəs, müəllim buna necə nail olur? Əsil vətəndaşı hansı metodla hazırlayır?
Bunun üçün öncə müəllim özü vətənpərvər olmalıdır. Nə yaxşı ki, Azərbaycan müəllimləri bundan xali deyil. Azərbaycan müəllimləri demək olar ki, qəhrəmandır. Çünki cəmiyyətin dərd-
sərini anlamaq, yaralarını sarımaq, torpaq yolunda döyüşmək, vuruşmaq üçün vətəndaş yetişdirmək müəllimin qəhrəmanlığıdı.
Orta məktəb dərsliklərinin hamısında demək olar ki, Azərbaycanın işğal altında olan torpaqlarının adı var. Müəllim hər gün bu rayonların adlarını, 20 faiz torpagın erməni işğalında olduğunu, hər bir şagirdin həmin əraziləri düşməndən xilas etmək borcunu ciyinlərində daşıdığını izah edir, ən azı, xatırladır. Torpaq uğrunda canını fəda etmiş şəhidləri, Milli Qəhrəmanları adbaad onlara tanıdır, həmin igidlərin keçdiyi qəhrəmanlıq yolundan danışır. Ən əsası isə Qarabağ haqqında, bu torpağın tarixi ilə bağlı söhbətlər edir. Xüsusilə tarix müəllimləri bunu öyrətməyə borclu olduqlarını unutmurlar. Təqdir olunası çox gözəl bir hal da var: iki ildi orta məktəblərdə 15 sentyabr Bilik Günündə ilk dərs vətənpərvərlik mövzusunda keçirilir.
Müəllim uşaqları dərsdənkənar vaxtlarda tarix-diyarşünaslıq muzeylərinə, Qarabağ mövzusuna həsr olunmuş teatr tamaşalarına aparır. Şagirdlər başa düşürlər ki, vətənə olan sevgi hissi, ən çox da milli ruh belə tədbirlərdə formalaşır. Əgər bir gənc öz ölkəsi haqqında nə qədər çox məlumatlı olsa, bilgi əldə etsə torpağını da bir o qədər çox sevər. Ki... bu da şagirddə vətəni qorumaq hissinin müqəddəs bir borc olduğu anlamına gəlir. Yeniyetmə gənc başa düşür ki, ona aşılanan bu duyğular bir ömür onun yol yoldaşıdır, heç vaxt onu tərk etməməlidir.
Əslində orta məktəb şagirdlərinə təlqin edilən, onlara aşılanan qəhrəmanlıq hissləri və vətənpərvərlik duyğularının kökündə hərbi məzmunlu biliklər durur. Məlumdur ki, məktəblərdə hərbi fənn kabinetləri var. Məktəblilər döyüş silahları ilə tanış edilməli, onlardan necə istifadə etməyin yolları əyani şəkildə olmasa da, maket vasitəsi ilə izah edilməlidir. Belə olan halda şagirdin, xüsusilə oğlanların hərbu duyğuları artır. Heç kimə sirr deyil ki, oğlan uşaqları silahla oynamağı hələ körpəlikdən meylli olurlar. Sonralar bunu məktəbdə əyani şəkildə görəndə onun qəlbindəki düşmənə nifrət hissi vətənpərvərlik duyğusu ilə paralel baş qaldırır. Tarix və ədəbiyyat dərslərində öyrəndikləri burada əlindən tutur.
Bu gün orta məktəblərdən ali məktəblərə yol alan gənclər demək olar ki, vətənpərvərlik duyğusu və qəhrəmanlıq hissi ilə "yüklənmiş" halda yeni həyata qədəm qoyurlar. Vətən naminə oxumaq və çalışmaq ən böyük vətənpərvərlikdi. Əgər bu hiss, bu duyğu varsa, deməli ana vətənin hər bir vətəndaşı, xüsusilə də gəncləri onu qorumağa, fədakarlıq etməyə, qəhrəmanlıq nümunəsi göstərməyə hər an hazırdırlar.
Çünki qəhrəmanlıq dəliliklə deyil, ağıl ilə müşaiyət olunan misilsiz cəsarət, igidlik və qorxmazlıq tələb edir. Qəhrəmanlıq şərəf, ləyaqət, qürur məsələsi olmaqla bərabər, həm də ruhi sağlamlıqdı. Ona görə də qəhrəmanlar sonsuz ehtiram və pərəstişə layiq olurlar.
Əminliklə deyə bilərik ki, bu günün gəncləri məhz belədirlər...
Züleyxa Nadir
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində çap olunur