Bir qatilin etirafı...

Təxminən 12-15 il əvvəl belə bir informasiya oxumuşdum ki, 100 ildi yanğın olmayan Finlandiyanın  mərkəi yanğınsöndürmə idarəsinin əməkdaşları  yubileyi qeyd edərkən toplaşdıqları məkanda yanğın olub. Çox təəccüblənmişdim. Heyrətə gəlmişdim ki, vətəndaş nə qədər məsuliyyətli və diqqətli olmalıdır ki, 100 ildə bir dəfə də olsun ölkəsində yanğın olmasın.  Yüz ildən sonra yanğınsöndürənlər bir dəfə keflənib məsuliyyət hissini itiriblər, onda da oturduqları məkan yanıb.

Təxminən 12-15 il əvvəl belə bir informasiya oxumuşdum ki, 100 ildi yanğın olmayan Finlandiyanın  mərkəi yanğınsöndürmə idarəsinin əməkdaşları  yubileyi qeyd edərkən toplaşdıqları məkanda yanğın olub. Çox təəccüblənmişdim. Heyrətə gəlmişdim ki, vətəndaş nə qədər məsuliyyətli və diqqətli olmalıdır ki, 100 ildə bir dəfə də olsun ölkəsində yanğın olmasın.  Yüz ildən sonra yanğınsöndürənlər bir dəfə keflənib məsuliyyət hissini itiriblər, onda da oturduqları məkan yanıb.

Eyni hissləri mənə bir müddət əvvəl oxuduğum  bu sözlər  təkrar yaşatdı: "Kosta-Rika sonuncu vətəndaş müharibəsindən sonra, 1949-cı ildə ordunu ləğv edib. Polisdən başqa heç bir güc strukturu yoxdur. Amma bu ölkə bölgənin ən təhlükəsiz yeridir. Cinayətkarlıq olduqca aşağı səviyyədədir. Kosta-Rikada ölüm hökmü 1871-ci ildə ləğv edilib".

Azərbaycanda isə hər gün cinayət törədilir, hər gün həbslər olur. Doğrudu, hüquq-mühafizə orqanları kriminogen durumu nəzarətdə saxlayır, cinayətkarlığa qarşı mübarizə aparır, asayişin keşiyində dururlar. Amma yenə də hər gün hansısa televiziya kanalında qollarına qandal vurulmuş bir və bir neçə vətəndaş görürük. Belə çıxır ki,  bu ölkənin hüquq-mühafizə orqanları olmasa, "qan dizə çıxar".

Azərbaycanlılar tarixən cinayətə meylli olmayıblar. Həmişə sakit təbiətli, halal zəhmətlə, ev, ailə qayğıları, övlad tərbiyəsi ilə məşğul olan,  "başını aşağı salıb öz işini görən" sadə, zəhmətkeş xalq kimi  xarakterizə ediliblər. Amma bu gün əlimizi ürəyimizin başına qoyub eyni sözləri deyə bilmirik. Çünki mətbuatdan oxuduğumuz, ekranlardan gördüyümüz, qohum-qonşudan eşitdiyimiz, dost-tanışdan dinlədiyimiz cinayət hadisəsini törədənlər  az qala, hər birimizin yaxın adamı, lap elə ailə üzvü də ola bilir. Heç  xoş olmayan belə hadisələr fonunda insan nələr düşündüyünü, hansı hissləri yaşadığını kəsdirə bilmir. Günlərlə beynində bir sual çəkic səsi kimi taqqıldayır: "niyə axı?"

****

Bu  sual günümüzdə ritorik səsləndiyi qədər, həm də ifrat dərəcədə adiləşib. Çünki  sualın arxasında gizlənən cinayətlər (adi məişət hadisələrindən tutmuş, ta kütləvi qətllərə qədər) müxtəlif səbəblərdən törədilir Ona görə də  özlüyümüzdə cinayətə və cinayətkara ya haqq qazandırmağa çalışır, ya da  hadisənin səbəblərini axtarmağa çalışırıq. Səbəb çoxdu, həm də lap çox.

Rəsmi statistikaya görə Azərbaycanda ən çox törədilən cinayətlər oğurluq və dələduzluqdu. Hər ikisinin də kökündə əsasən cəmiyyətdəki anormallıq dayanır.  Gənclər arasında işsizliyin sayı həddən artıqdı. Diplomlu gənclərin çoxu tikintidə fəhlə işləyir (o da son vaxtlar yoxdu), bazarda yük daşıyır, qul bazarında müştəri gözləyir və s. Amma bu da bir yerə qədər davam edir. Dönüb universitetdə oxuduğu illərə boylananda həyata nifrət edir. Bax, bu nifrət də onu böyük oğurluğa gedən  yolun izinə salır.

Cəmiyyətdəki aqressiv hərəkətlər, mənəvi aşınma, sosial problemlərin həlli yolundakı əngəllər, internet  oğurluq  hallarının artmasına səbəb olan  faktorlardandı. Valideyn məsuliyyətsizliyi və uşaqların nəzarətsiz qalmasını da əlavə etsəm, ümumilikdə deyə bilərəm ki, oğurluq cinayətinə uşaqların cəlb edilməsi çox ağrılı haldı. Uşaqlar normal insan kimi böyüyüb tərbiyə almalıdı. Onun oğurluğa gedən yolunda ən böyük günahkar valideyndi. Təcrübə göstərir ki, oğurluq edən uşaqların valideynləri övladlarının belə yaramaz hərəkətinə haqq qazandırmaq üçün  guya sağalmaz  xəstəliyə düçar olduğunu, iş  tapa bilmədiyini və digər buna bənzər halları bəhanə gətirirlər.

"Bir qatilin etirafı" adlı kiçik süjetli filmə baxmışam. Filmin İlyas adlı qəhrəmanı uşaq yaşlarında hər iki valideynini itirəndən sonra ona heç kim sahib çıxmır. On beş yaşına kimi küçələrdə  qalır, gecələr skamyalarda, bəzən də ilk rastına çıxan çoxmərtəbəli binanın blokunda yatmalı olur.  Günlərin bir günü gecələdiyi binanın insafını və vicdanını itirmiş bir kişi  sakini isinmək üçün blokda  kağızdan ocaq qalayıan İlyası döyür. Bunu görən qonşu qadının ürəyi dözmür,  İlyası evinə aparır, ona oğlu kimi sahib çıxır. Bir gecə evə oğru girir, ev sahibini öldürüb qaçır. Ölmüş qadının cəsədinin yanında oturaraq fəryad edib ağlayan İlyası qonşuluqdakı həmin kişi həbs etdirir, qadını onun öldürdüyünü iddia edir. Günahsız yerə illərlə həbsdə yatan İlyas həbsxanadan çıxandan sonra,  yeni həyatın başlanğıcındaca başqa bir cinayətkar qrupun tələsinə düşür. Bu dəfə özü oğurluq etməyə başlayır və günlərin bir günü yenə də həbsxana qapısından təkrar olaraq içəri girir...

İlyas rolunu ifa edən gənc aktyor Ənvər Məmmədov və rejissor Murad Abdullazadə bu qısa filmdə  çox şeyləri deyə biliblər. İlyas - Ənvər Məmmədov yaşamaq üçün "cənab pulun" əsirinə çevrilərək oğurluq etdiyini,  özü də istəmədən qatilə çevrildiyini tamaşaçıya çox məharətlə çatdırır. Filmdə İlyasın peşmançılıqdan dolayı söylədiyi fikirlər tamaşaçını düşündürür. Deməli əyri yollara düşən İlyasın  bəlası cəmiyyətdəki sosial bəladan başlayıb, onu dəf edə bilməməkdən törəyib.

***

Son 3-5 ildi  dələduzluq cinayəti gündəmi bir qədər çox zəbt edib.  Bunun əsas səbəbi sosial-iqtisadi durumun aşağı səviyyədə olmasıdır. Bəlkə də ona görə bu cinayətin icraçıları yalnız kişilər deyil, həm də qadınlardı. Qadının adının  dələduzluqda hallanması onun şərəfini, qürurunu heçə endirən ən alçaldıcı fakt,  ümumilikdə isə qadınlıq üçün silinməyən ləkədi.  Dələduzluqla məşğul olanlar tanıdığından-tanımadığından borc, yaxud da işə düzəltmək, hansısa problemini  yuxarı dairələrin əli ilə həll etmək  adı ilə külli miqdarda  pul alaraq qaytarmır, bəzən də həmin pulları götürüb ölkədən qaçırlar.

Bunun da obyektiv və subyektiv səbəbləri var. Dələduzun toruna düşən adamlar əsasən sadəlövh, hər kəsə inanan, ya da ki, dövlət strukturlarında problemini həll edə bilməyənlərdi. Daha çox da tikinti şirkətlərinin rəhbərləri alıcıları aldadırlar. Bir ev bir neçə adama satılır, yaxud da bina  söz verdiyi vaxtda  hazır olmur, olsa da natamam vəziyyətdə  təhvil verilir. MTK ilə bağlanan müqavilədə, torpaq sahəsi ilə bağlı sənədlərdə öz əksini tapan belə cinayətin qurbanları uzun müddət özünə  gələ bilmir,  psixoloji pozğunluq  keçirir, hətta intihar həddinə çataraq özünə qəsd etməyə cəhd edirlər.

Dələduzluğun qurbanı olmamaq üçün qarşıdakı adamın  qanunsuz təklifindən  çəkinərək imtina etmək lazımdı. Vətəndaş diqqət yetirməlidir ki, əldə etmək istədiyi nəticə qanunauyğundumu? İlk baxışda şirnikləndirici görünən təklifin son nəticəsini görməyən, düşünməyən  vətəndaş sonda acınacaqlı hala düşür ki,  çox vaxt onun hüququnu bərpa etmək, itirdiyini özünə qaytarmaq  uzun vaxt aparır, ya da ki, həll olunmaz dərəcəyə çatır.

***

Cəmiyyətdə psixoloji gərginlik artıqca insanların dözümü tükənir, qeyri-qanunu yollara getməkdən çəkinmirlər. Bütövlükdə cəmiyyətdə  dələduzluq hallarının baş verməməsi üçün nə etmək lazımdı? Təbii ki, dövlətin əsas vəzifəsi cinayətlərin qarşısını almaqdı. Bu sahədə hüquq-mühafizə orqanlarının vəzifəsi öz yerində, amma vətəndaş da  öz hüququnu bilməlidir. Özünün sadəlövhlüyündən istifadə edilməsinə yol verməməlidir.

Eləcə də oğurluq hallarının baş verməsi insanın zəif iradəsinə bağlıdır. Ən çox alkoqola meylli və  narkomaniya ilə məşğul olanlar oğurluq edirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 maddəsinə görə "Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır". 178.1 maddəsində isə  dələduzluqla bağlı cəza göstərilir: "Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Bu, inzibati cəzadır, həm də ən yüngül forması. Bir də var maarifləndirmə işləri. Sovetlər döznəmində milislə vətəndaş arasında keçilməz bir  divar var idi. Amma indi elə deyil. Vətəndaşla polisin bir-birini anlaması üçün dövlət hər cür imkan yaradıb.  "Polis haqqında" Qanunun çox hissəsi  vətəndaşın mənafeyinə xidmət edir. Öna görə də  polislə vətəndaş arasında  anlaşma olmalıdır ki, əmin-amanlıq, sabitlik əldə etmək asan olsun. Bunu ən çox istəyən  vətəndaşlardı, polisin isə qarşısında duran vəzifədi.  Televiziyalarda şou proqramları azaltmaqla cinayətkarlıq hallarının aradan qaldırılması yönümündə aparılan işlərə dair verilişlər hazırlanmalı, maarifləndirici söhbətlər aparılmalıdır. Özü də bu verilişlər rəsmi statistika ilə müşaiyət olunmamalıdır. Konkret təklifllər verilməli, yeni təşəbbüslər irəli sürülməlidir.

Bu yazıda yalnız iki cinayətdən - oğurluq və dələduzluqdan söz açdım. Yol hərəkət hadisələri, narkotika ilə bağlı, xuliqanlıq, qəsdən adam öldürmə, məişət zəminində törədilən cinayətlər kimi alçaldıcı işlərin adını çəkməklə kifayətlənərək, daxili işlər nazirinin müavini Oruc Zalovun  bir neçə ay əvvəl söylədiklərini əlavə etməyi məqsədəuyğun hesab edirəm: "Son 5 ildə əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayına görə Azərbaycan Avropa və qonşu ölkələr arasında ən yaxşı ölkələr sırasında və ən aşağı səviyyədədir. Ölkəmizdə hər yüz min nəfərə 255 cinayət düşür".

Ümid edək ki, gerçəkdən də cinayətkarlığın sayı durmadan azalsın və insanlar bir gün gözlərini açıb görsünlər ki,  hüquq-mühafizə orqanlarının əməkdaşları işsizlikdən darıxırlar. Nə cinayət var, nə də cəza...

Züleyxa Nadir

P.S. Niderlandda 2013-2016-cı illərdə cinayətkarlıq 90% azaldığından həbsxanalar bağlanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31