“Səmavi dinlərin tarixi” sərgisinin açılış mərasimi keçirilib
V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda Muzey Mərkəzində “Səmavi dinlərin tarixi” layihəsinin ilk sərgisinin açılış mərasimi keçirilib.
30 Sentyabr 2016 15:38 SosialV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda Muzey Mərkəzində "Səmavi dinlərin tarixi" layihəsinin ilk sərgisinin açılış mərasimi keçirilib. "OLAYLAR"-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, açılış mərasimində Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, ABŞ-dakı Simon Vizental Mərkəzinin direktor müavini, ravvin Abraam Kuper, UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida, Fransa İmamlar Konfransının sədri Hasan Şalqumi, Los-Anceles şəhərindəki "Kral Fəth" məscidinin imamı Məhəmməd Xan, Milli Məclisin deputatı Asim Mollazadə, QMİ-nin sədr müavini Rəşad Əliyarlı, V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan yüksək səviyyəli xarici qonaqlar, senatorlar, dini konfessiyaların nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbiri giriş sözü ilə açaraq İudaizm dininə həsr edilən "Xalq, kitab, torpaq: Yəhudi xalqının Müqəddəs torpaqlarla 3500 illik əlaqəsi" mövzusunda sərginin maarifləndirici xarakter daşıdığını deyib. Forum çərçivəsində təşkil edilən sərgi barədə məlumat verən Komitə sədri bildirib ki, yəhudiliyə həsr olunan sərgidə bu xalqın 3500 illik tarixinə, etnoqrafiyasına aid nümunələr nümayiş olunur. O, multikultural və tolerant dəyərlərinə görə digər ölkələrə örnək olan Azərbaycanda bu cür sərgilərin təşkilini yüksək dəyərləndirib. Vurğulanıb ki, sərgi Azərbaycanda tolerantlığın ən gözəl nümunələrindəndir.
Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper Azərbaycana bir neçə dəfə səfər etdiyini, hər dəfə ölkəmizdə dini dözümlülüyün şahidi olduğunu məmnunluqla qeyd edərək Azərbaycanın dini tolerantlıq baxımından dünyada nümunəvi ölkə olduğunu vurğulayıb. Ravvin Abraham Kuper ölkəmizdə V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində UNESCO və Simon Vizental Mərkəzinin birgə sərgisinin keçirilməsinin əlamətdar hadisə olduğunu qeyd edib.
Tədbir çərçivəsində, həmçinin Muzey Mərkəzinin sərgi qalereyasında azərbaycanlı gənc rəssam və heykəltəraşların əsərlərindən ibarət "Tolerant Azərbaycan gənci" mövzusunda sərgi açılıb. Sərginin təşkilatçısı və təşəbbüskarı sənətşünas Dilarə Müzəffərlidir.