Hər şey ola bilər... Elçin Hüseynbəyli yazır...

Belə-belə işlər

Elçin Hüseynbəyli

Hər şey ola bilər...

Dağ rayonlarından birinə ailəvi istirahətə getmək istəyirdik. Əslən oralı olan İbadət adlı ağsaqqal həmkarıma dedim ki, rayona gedəcəksə, bir yerdə gedək, çünki oraları yaxşı tanıyır, bizi də yaxşıca gəzdirər.

Razılaşdıq və getdik. Amma... Maraqlısı da elə bu ammadadır. Macərasız nə səyahət!?

Macəramız yolda başladı, yolda da bitdi...

Getməzdən əvvəl İbadət müəllimə dedim ki, adətən rayona gedəndə şəhərdən köhnə-kürüş aparırlar, amma bu dəfə belə eləməsin, çünki bizim də yükümüz var, uşaqlar da toza-torpağa allergiyalıdı.

-Nə danışırsan, -dedi, - maşını təzə düzəltdirmişik. Özü də mənim "nol yeddi"mlə yox, Məhəmmədin "qaz iyirmidörd"ündə gedəcəyik.

"Əcəb, çox yaxşı" deyə ürəyimdə razılıq elədim və danışdığımız günü qonşu taksiyə minib "Bəhramgurun heykəli" deyilən yerə getdik. Ora çatanda baxdım ki, "Qaz-24" deyilən maşın maşına oxşamır, çəpəndazı dayanan eybəcər bir şeydi, iki nəfər isə çarpayı setkasını maşının yük yerinə dürtüşdürməklə məşğuldur. Maşın qoca, İbadət müəllimlə Məhəmməd deyilən kişi də ondan betər, hələ bir az axsıyır da.

Yoldaşım əlini çiynimə vurdu ki, bu maşınla gedəcəyik, mən də çiynimi çəkdim, nə cavab verəcəyimi bilmədim. Taksi sürücüsü də eyni  baxışlarla üzümə baxdı.

-Yox, -dedim, - yəqin iki maşınla gedərik. O birisi də indilərdə gələr...

Taksidən düşdüm. İbadət müəllim məni görüb yanıma gəldi, xoş-beşdən sonra pəncərəyə yaxınlaşıb yoldaşımla da salamlaşdı.

-Düşün gedək, -dedi, -hava qızmamış şəhərdən çıxaq.

İyul ayı, saat səkkiz olmamış, başımıza od tökülür.

Başa düşdük ki, qismətimiz bu maşındı.

Uşaqlar heysiz halda, yoldaşım da ayaqlarını sürüyə-sürüyə "Qaz-24"ə yaxınlaşdılar. Mən də çıxılmaz vəziyyətdə. Bilmirəm neyləyim...

Nə görsək yaxşıdı: qabaq oturacaqların ortasına yekə ağ torba da qoyulub. Dəqiq əmin olduq ki, bu maşın bizlik deyil: oturmağa yer yox, yük yeri də dolu.

Yoldaşım qulağıma pıçıldadı ki, gəl başqa bir maşın tutub gedək. Mən razılaşmadım:

-Ayıbdır, -dedim, - kişiyə söz vermişəm ki, bir yerdə gedəcəyik.

Sən demə, Məhəmməd deyilən dostumuz zirək adammış, çantaları əlimizdən alıb, birtəhər "baqaja" soxdu, bizi də arxada oturtdu,  qucağıma da yekə bir çanta verdi.

Yoldaşım hələ də nə baş verdiyini anlamırdı, amma uşaqların vecinə də deyildi: 14 yaşlı qızım bazardan aldığı qaz balasının qeydinə qalırdı, ona özü tikdiyi "pampersi" geyindirirdi ki, üst-başını batırmasın, oğlum da "pleyer" qulağında mahnıya qulaq asırdı.

Yoldaşımın narahatçılığını azaltmaq, həm də səfərə marağını artırmaq üçün dedim ki, Ağsu dolaylarında oturub bir samovar çayı içərik, naharımızı da orda edərik.

Mənim bu sözlərim ailə təsərrüfatını canlandırdı, amma yolda məlum oldu ku, bu maşınla Ağsu dolaylarını aşmaq olmaz, ən sərfəlisi Kürdəmir yoludur.

Ailəmizin Ağsu sevdası da  beləcə məhv oldu. Amma ən maraqlısı hələ qabaqdadır və onu gələn yazımda sizə deyəcəm. Gözünüz bizdə olsun...

Sentyabrın son günü 2016

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31