Sahibkarlar sui-istifadə hallarına yol verirlər

Azərbaycanda prezident İlham Əliyev tərəfindən sahibkarlığın inkişafına dəstək göstərilməsi, onların fəaliyyətinin asanlaşdırılması, eyni zamanda, sahibkarlığın inkişafına mane olan halların, problemlərin aradan qaldırılması məqsədilə bir sıra tədbirlər həyata keçirib.

Azərbaycanda prezident İlham Əliyev tərəfindən sahibkarlığın inkişafına dəstək göstərilməsi, onların fəaliyyətinin asanlaşdırılması, eyni zamanda, sahibkarlığın inkişafına mane olan halların, problemlərin aradan qaldırılması məqsədilə bir sıra tədbirlər həyata keçirib. Prezidentin ötən il oktyabrın 26-da imzaladığı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə" fərmanına görə, özəl şirkətlərdə aparılan özbaşına yoxlamalara son qoyulub. Yoxlama, nəzarət funksiyasına aydınlıq gətirən bu sənədlə yanaşı prezident "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısını da rəsmiləşdirib. Ardınca Milli Məclis tərəfindən qəbul edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dövlət orqanları tərəfindən sahibkarlıq subyektlərində aparılan nəzarət tədbirlərinin 2 il müddətinə dayandırılması reallaşdırılıb. Məlumat üçün qeyd edək ki, mövcud qanunvericiliyə əsasən yoxlamalar planlı və plandan kənar olmaqla iki hissədə keçirilir. Artıq planlı yoxlamalar demək olar ki, tamamilə dayandırılıb. Plandan kənar yoxlamaların təyin olunması üçün qanunda 4 hal təsbit olunmuşdur. Yəni insanların həyat və sağlamlığının dövlət təhlükəsizliyinə ziyan vura bilən hallar aşkar olunarsa, bununla bağlı yoxlamaların keçirilməsi nəzərdə tutulur. Hazırda bütün yoxlamalar dövlət başçısının fərmanına uyğun olaraq əvvəlcədən tətbiq olunmuş plan əsasında aparılır. Yoxlamalar zamanı müvafiq icra orqanlarının nümayəndələrinin də iştirakı təmin olunur. Eyni zamanda, müxtəlif fəaliyyət növləri üzrə lisenziyalar almaq üçün sahibkarlar tərəfindən edilən müraciətlərə vaxtında cavab verilir, sahibkarların qanunvericilikdə nəzərdə tutulmuş hüquqları tam şəkildə qorunur. Çox təəssüf ki, ölkədə fəaliyyət göstərən bir sıra sahibkarlar yaranmış vəziyyətdən sui-istifadə halına yol verirlər. Belə ki, mütəmadi olaraq süni şəkildə qiymət artımı baş verir, satış mərkəzlərinə heç bir standarta uyğun gəlməyən məhsullar çıxarılır. Mövcud vəziyyət deməyə əsas verir ki, sahibkarların bu hərəkətləri insanların həyat və sağlamlığına, eləcə də dövlət təhlükəsizliyinə ziyan vurmaqdadır. Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov deyib ki, Azərbaycanda sahibkarlar dövlət başçısının sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı verdiyi sərəncamlardan sui-istifadə edirlər. Onun sözlərinə görə, ölkə başçısı tərəfindən sahibkarlığın inkişaf etdirilməsi və onların fəaliyyətinə normal şərait yaradılması istiqamətində müsbət jestlər olsa da, iş adamları prezidentin bu istiqamətdə atdığı addımlardan sui-istifadə edirlər: "Sahibkarlar, işəgötürənlər bu şəraitdən ancaq öz şəxsi mənfəətləri üçün yararlanır və ciddi qanunsuzluğa yol verirlər. Əgər bu sərəncamlardan öncə aidiyyatı qurumlar tərəfindən pis-yaxşı nəzarət var idi və sahibkarlar, işəgötürənlərdə bundan ehtiyat edib fəaliyyət göstərirdisə, ölkə başçısının bu sərəncamından sonra sanki bu onların qanunsuz fəaliyyəti üçün geniş imkanlar açmış kimi görünür. Belə demək mümkünsə, iki il yoxlamanın dayandırılması bəzi işbazların xeyrinə işləyir və onlar bundan yararlanırlar. Qanunları pozur və ya keyfiyyətli xidmət göstərmirlər". S.Məmmədov deyib ki, ölkə başçısının təkcə iş adamlarının iki il müddətdə yoxlamalardan azad edilməsi ilə bağlı deyil, eyni zamanda, idxal-ixrac əməliyyatı, gömrük sistemindəki islahatlar və bir sıra səlahiyyətlərin "ASAN Xidmət"-ə verilməsi kimi sərəncamları da müsbət addımlardır. "Ölkə başçısı tərəfindən sahibkarlığın inkişafı ilə bağlı belə qərarlar verilsə də, hələ də, bir sıra mənfi tendensiyalar hiss olunmaqdadır. Belə ki, verilən sərəncamlar və qərarlar tam gücü ilə işləmir. Bu isə özünü sahibkarlıq fəaliyyətində büruzə vermir. Məsələn idxal-ixracla bağlı yeni qaydalar tətbiq olunsa da, hələ də yeni iş adamları bazara girməkdən və rəqabətə tab gətirib və gətirə bilməyəcəklərindən ehtiyat edirlər". S.Məmmədov sahibkarlığın inkişaf etdirilməsi sahəsində bir sıra problemləri elə sahibkarların özündə görür: "Elə məsələlər var ki, onlar ancaq sahibkarların özündən asılıdır. Onlar sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı atılan addımların müvəqqəti xarakter daşıyacağından ehtiyat edib bazara girmək istəmirlər. Belə demək mümkünsə, gözləmə mövqeyi tuturlar. Əgər onlar bu proseslərin davamlı olacağına əmin olsalar, o zaman sahibkarlıq fəaliyyətində ciddi dönüşün şahidi ola bilərik. Sahibkarlığın inkişaf etməməsinin digər səbəblərindən biri də, neftin qiymətinin düşməsindən sonra alıcılıq qabliyyətinin azalmasıdır. Bu istər- istəməz iş adamlarının fəaliyyətinə mənfi təsir edir. İndi sahibkarlıq fəaliyyətinə təsir edən əsas amillərdən biri də, ölkədə alıclıq qabliyyətinin azlamasıdır. Bu ciddi məsələdir. Dünyadakı qlobal iqtisadi proseslər də, sahibkarlıq fəaliyyətinə mane olan amillərdən biridir. Biz də dünyanın bir parçası olaraq, qlobal iqtisadi böhran ölkədəki sahibkarlığın inkişafına öz mənfi və neqativ təsirlərini göstərir. Ona görə də sahibkarlıq fəaliyyətində inqilabı dəyişikliklər və inkişaf hiss olunmur".

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31