Valeh Ələsgərov Polşada Qarabağdan danışıb
Polşada səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri Valeh Ələsgərov öz çıxışında ölkəmizin müstəqillik tarixi, uğurlu inkişaf yolu, multikultural dəyərlər və tolerantlıq mühiti barədə danışıb.
2 Sentyabr 2016 11:43 SosialPolşada səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri Valeh Ələsgərov öz çıxışında ölkəmizin müstəqillik tarixi, uğurlu inkişaf yolu, multikultural dəyərlər və tolerantlıq mühiti barədə danışıb. Milli Məclisdən verilən məlumata görə, Avropa ölkələri ilə sıx ikitərəfli münasibətlərdən söz açan vitse-spiker Azərbaycanın enerji siyasəti və bu siyasətin Avropanın enerji təhlükəsizliyində oynadığı roldan bəhs edib. O, Azərbaycanın Gürcüstan, Türkiyə, Monteneqro, Çexiya, Ukrayna, Serbiya və başqa ölkələrdə infrastruktur, enerji, turizm sahələrində müxtəlif layihələr həyata kecirməsindən, investisiya yatırımlarından bəhs edib. Xüsusi qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və onu bərabər hüquqlu tərəfdaş kimi qəbul edən hər bir ölkə ilə əməkdaşlığa hazırıq. Valeh Ələsgərov öz çıxışında Azərbaycanın və regionun inkişafına böyük maneçilik törədən mövcud təhdidlər barədə də danışıb. Bildirib ki, Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətrafyanı rayon işğal olunmuş, etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə insan öz doğma yurd-yuvalarından didərgin düşmüş, ölkənin 20% torpağı zəbt edilmişdir. Natiq Ermənistanın bu işğalçılıq siyasətini regional inkişafa əsas təhlükə kimi dəyərləndirib. Səfər çərçivəsində Azərbaycan Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov Polşa Seyminin sədr müavini Ryszard Terlecki ilə görüşüb.