“Torpaqları işğal altında olan bir dövlətin gənclərinin....”
Günümüzdə gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması prioritet məsələlərdən sayılır. Bu istiqamətdə dövlətlə yanaşı, qeyri-hökumət və gənclər təşkilatlarının da məqsədyönlü fəaliyyəti gənclərin vətənpərvər ruhda tərbiyəsinə stimul verir, bu istiqamətdə fəaliyyəti intensivləşdirir.
8 İyul 2016 15:20 SosialMübariz Göyüşlü: "Vətənpərvərlik şüuru yüksək səviyyədə olmalıdır"
Günümüzdə gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması prioritet məsələlərdən sayılır. Bu istiqamətdə dövlətlə yanaşı, qeyri-hökumət və gənclər təşkilatlarının da məqsədyönlü fəaliyyəti gənclərin vətənpərvər ruhda tərbiyəsinə stimul verir, bu istiqamətdə fəaliyyəti intensivləşdirir. Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyəsi istiqamətində uğurlu fəaliyyət göstərən qeyri hökumət təşkilatlarından biri də Müasir İnkişaf İctimai Birliyidir. İctimai Birliyin sədri Mübariz Göyüşlü ilə söhbətimizdə rəhbərlik etdiyi təşkilatın qeyd edilən istiqamətlərdə həyata keçirdiyi tədbirlər, gördüyü işlər, eləcə də bu sahədə mövcud olan vəziyyət barədə danışdıq.
-Mübariz müəllim, bu gün gənclər və qeyri-hökumət təşkilatları gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirmi və bu istiqamətdə çatışmayan cəhətlər nədən ibarətdir?
- Məncə həm bu mövzuya diqqət göstərən gənclər, xüsusən tələbələr, həm də qeyri-hökumət təşkilatları kifayət qədər aktiv şəkildə çalışırlar. İlk öncə qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bununla bağlı QHT-lər arasında keçirdiyi qrant müsabiqələri bu sahədəki durumu müsbətə doğru xeyli dəyişdirib. Hər dəfə Şuranın müsabiqəsinə bu mövzuyla bağlı layihə təqdim etmiş QHT-lər onları lazımi şəkildə icra edirlər. Bundan əlavə vətənpərvər gənclərimiz, tələbələrimiz də fərdi, yaxud birgə şəkildə gənclərdə milli şüurun, vətənpərvərliyin yüksəlməsi üçün ciddi çalışmalar həyata keçirirlər. Keçirilən çoxsaylı tədbirlər, çap olunan kitablar, bukletlər, hazırlanan verlişlər və s. buna gözəl nümunədir. Lakin əlbəttə ki, bizlər bununla qane olmamalıyıq və qane də olmuruq. Çalışmaları daha da genişləndirmək, daha çox gənci əhatə etmək, görülən işlərin effektivliyini artırmaq lazımdır. Həm də bu işləri yalnız layihələrlə məhdudlaşdırmaq da düzgün deyil, belə bir vacib işi bütün il boyu görmək lazımdır. Görülən işlərin səmərəliliyini artırmaq üçün xaricdəki azərbaycanlı gənclərlə də müntəzəm şəkildə iş aparılmalıdır. Çatışmayan cəhətlərdən ən önəmlisi QHT-lərdə peşəkar kadrların azlığıdır. QHT-lərdə peşəkar kadrların az olması təbiidir. Çünki, ictimai birliklərin əksəriyyətinin belə şəxsləri saxlaya bilmək üçün kifayət qədər maliyyə imkanı yoxdur. Bu da bəzən müəyyən çətinliklər törədir. Bundan başqa bəzi hallarda bir QHT-nin gördüyü iş başqa bir formada digər QHT tərəfindən təkrarlanır. Məncə vahid strategiyanın hazırlanması, koordinasiya olunmuş şəkildə icra edilməsi bu problemi aradan qaldıra bilər.
-Sizə, elə gəlmirmi ki, qeyd edilən istiqamətlərə diqqət, maliyyə dəstəyi daha çox artırılmalıdır?
- Əlbəttə bu elə bir önəmli sahədir ki, buraya hər zaman xüsusi diqqət və qayğı lazımdır. Azərbaycan dövləti bu sahəyə vəsait ayırıb ki, bu da ötən hər ildə daha da effektli nəticələrin əldə olunmasına gətirib çıxarır. Amma hesab edirəm ki, bu vəsaiti daha da artırmaq lazımdır. Nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitində olan ölkədir, o baxımdan ayrılan maliyyə dəstəyini artırmaq çağrışları başadüşüləndir. Gənclər ölkəmizin əhalisinin böyük əksəriyyətini təşkil edirlər. Əgər dövlətimiz, dövlətimizin dəstək göstərdiyi QHT-lər onlara milli şüur, vətənpərvərlik, vətən əxlaqı kimi anlayışları lazımi səviyyədə çatdıra bilməsələr, o zaman ciddi problemlər yarana bilər. Gənclərimizin enerjisindən, ağlından kənar qüvvələr ölkəmizə, millətimizə qarşı istifadə edə bilərlər. Burada həmin qüvvələr din amilindən, millətçilik anlayışından, liberalizm, insan hüquq və azadlıqları kimi fikirlərindən istifadə edə bilərlər. Necə ki, biz bəzi hallarda bunların müəyyən işartılarını görmüşük. Ona görə də vəsait artırılmalıdır ki, daha çox və daha effektli işlər görmək mümkün olsun.
- Konkret olaraq sizin təşkilat bu istiqamətləri nə dərəcədə önəmli hesab edir və gənclərin vətənpərvərlik tərbiyəsinə yönəlik hansı layihələr, tədbirlər keçirir?
- Məlumat üçün bildirim ki, 2005-ci ildən fəaliyyət göstərən təşkilatımızın əsas prioritetlərindən biri, bəzi məqamlarda hətta birincisi gənclərdə milli şüur, vətən əxlaqı, vətənpərvərlik hisslərinin yüksəldilməsi, onlarıb dövlətçiliyə bağlılığının artırılması olub. Hətta mən sizə məlumat üçün deyim ki, bizim təşkilatın əsas çalışmalarından biri də milli ideologiyanın təbliği, gənclərin vahid milli ideya ətrafında sıx birləşməsi, onlar arasında azərbaycançılıq ideyasının təbliğ edilməsidir. Bir neçə il bizim təşkilatın tərkibində "Vətənpərvər Gənclər" Klubu fəaliyyət göstərib ki, onun işi əsasən gənclər, tələbələr arasında vətənpərvərlik, milli, tarixi və s. mövzularda təbliğat aparmaq olub, çoxsaylı da işlər görülüb. Bundan başqa biz təşkilat olaraq QHT Şurasının dəstəyilə 2009-cu ildə həyata keçirdiyimiz layihənin sonunda "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi" adlı Konsepsiya hazırlayıb müvafiq qurumlara təqdim etmişik. Təşkilatımız tərəfindən nəşr edilən "Türk Eli" jurnalında, keçirdiyimiz çoxsaylı tədbirlərdə əsas məqsəd gənclərimizə vətənpərvərliyin təbliğ edilməsi olub. 2015-ci ildə yenə də QHT Şurasının dəstəyilə "Gənclərin zərərli vərdişlərdən qorunmasına yarddım məqsədilə maariflənmə kampaniyasının aparılması" adlı layihəmizdə də gənclərimizin hər cür zərərli vərdişlərdən, yad təsirlərdən qorunması məqsədilə sanballı tədbirlər reallaşdırdıq. Bütün bunlara baxmayaraq bu sahədə öz mövcudiyyətini saxlayan problemlər bizi daha da aktiv olmağa, fəaliyyətimizi daha da genişləndirməyə sövq edir. Qarşıdakı aylarda sizlər bunun şahidi olacaqsınız.
-Aprel döyüşləri Azərbaycan gəncinin vətənpərvərlik hissinin daha da artmasına nə dərəcədə müsbət təsir göstərdi?
- Aprel döyüşləri həm xalqımız, həm də elə gənclərimiz üçün bir sınaq oldu. Bizlər bütövlükdə bu sınaqdan alnıaçıq çıxdıq. Azərbaycan gənci, əsgəri göstərdi ki, o hər an vətəni üçün öldürməyə, yeri gələrsə şəhid olmağa hazırdır. Bu bizim gənclərimizin vətənpərvərliyinin yüksək səviyyədə olduğunu söyləməyə bizə imkan verir. Ön cəbhədə silah savaşında, arxa cəbhədə informasiya savaşında gənclərimiz böyük qəhrəmanlıq, vətənpərvərlik göstərdilər. Onların bu ləyaqəti, qəhrəmanlığı, yüksək vətənpərvərliyi digər gənclərə də müsbət təsir etdi. Ölkədə bir vətənpərvərlik coşğusu yaşandı.
-Sizcə, bu gün Azərbaycan gənci tam mənada vətənpərvərdirmi?
- Əlbəttə Azərbaycan gəncinin kifayət qədər vətənpərvər olduğunu söyləyə bilərik. Nəzərə alanda ki, hazırkı dövrdə gənclərimizə kənardan da ən müxtəlif formada təsirlər, təzyiqlər göstərilir, bütün bunların qarşılığında onlar dövlətə və dövlətçiliyə sədaqətləri ilə nümunə olurlar. Bu əsl vətənpərvərlik nümunəsidir. Hazırkı informasiya əsrində gənclərin kənar və yad təsirlərə düşməsi tamamilə real bir məsələdir. Bəzən təəssüf olsun ki, biz yanlış yola düşmüş gənclərimizlə də qarşılaşırıq. Onlar yanlış informasiya ilə, bəzən də maddiyyatla şirnikləndirilərək səhv yola sürüklənirlər. Bunların bir qismini uçurumdan qaytarmaq olur. Belə məqamda vətənpərvər gənclərimizin fədakarlıqları, nümunəvi davranışları digərlərinə təsir etmək baxımından mühüm rol oynayır. Ona görə də mən gənclərimizi, tələbələrimizi, xüsusən də onların vətənpərvərliyin təbliğində aktiv olanlarının fəaliyyətini yüksək dəyərləndirirəm.
-Silahlı Qüvvələrə göstərilən diqqət və qayğı gənclərin Vətən uğrunda savaşmasına, torpaqlarının işğaldan azad etməsi ruhuna necə təsir göstərir?
- Bu mühm amildir. Orduya, hərbiçilərimizə dövlətimizin göstərdiyi qayğı gənclərə böyük stimul verir. Xüsusən son aprel savaşlarında biz bunun bariz örnəklərini gördük. Döyüşdə şücaət göstərən hərbiçilərimizin təltif edilməsi, şəhid olanlara, onların ailələrinə diqqət və qayğı, yaralılarımıza göstərilən münasibət bir ruh yüksəkliyi yaratdı. Bu da paralel olaraq gənclərimizdə vətənpərvərlik ruhunun artmasına təsir göstərdi. Təsadüfi deyil ki, məhz bu amil döyüş zamanı minlərlə gəncimizin könüllü şəkildə orduya getməsi üçün Ali Baş Komandan İlham Əliyevə müraciət etməsinə, yerli komissarlıqlara istiqamətlənməsinə səbəb oldu. Döyüşlər gedən vaxt ali məktəblərdə tələbələrimizin mitinqlər etməsi, orduya dəstək məktublarının göndərilməsi, müxtəlif səviyyəli toplantılar da göstərdi ki, baş verənlər gənclərimizdə böyük ruh yüksəksliyi yaradıb.
-Sizcə, vətənpərvərlik mövzusunda çəkilən filmlər, reklam çarxları, kliplərin sayını artırmaq günümüz üçün vacib deyilmi?
- Əlbəttə bu çox vacib bir məsələdir. Bu mövzuda nə qədər təbliğat aparsaq yenə də az sayılmalıdır. Çünki torpaqları işğal altında olan bir dövlətin gənclərinin vətənpərvərlik şüuru yüksək səviyyədə olmalıdır. Burada filmlər də, reklam çarxları da, kliplər də mühüm amillərdir. Sayını artırmaqla yanaşı bu cür təbliğat vasitələrinin keyfiyyətinin də yüksəldilməsinə böyük ehtiyac var. Eyni zamanda bunları xaricdə yaşayan azərbaycanlı gənclərimizə də göndərməyi əsas hədəflərimizdən birinə çevirməliyik. Onları da ideoloji cəhətdən silahlandırmalıyıq.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir