“İşığa gedən yol”un işığa gedən yolu …
Tanınmış şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın bugünlərdə yeni kitabı işıq üzü görüb – adında da, mahiyyətində də işıq olan yeni kitab “İşığa gedən yol” adlanır… Bundan öncəki əsərlərinin ( – elmi-publisistik baxımından, “Azərbaycançılıq mili ideologiya və ədəbi-estetik təlim kimi” (2012),
8 İyul 2016 13:12 SosialSona Vəliyevanın milli mətbuatımızın qurucusu Həsən bəy Zərdabiyə həsr etdiyi kitab işıq üzü görüb...
Tanınmış şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın bugünlərdə yeni kitabı işıq üzü görüb - adında da, mahiyyətində də işıq olan yeni kitab "İşığa gedən yol" adlanır... Bundan öncəki əsərlərinin ( - elmi-publisistik baxımından, "Azərbaycançılıq mili ideologiya və ədəbi-estetik təlim kimi" (2012), "Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası" (2003) və poetika baxımından "Çəhrayı rəngli dünyam" (2007), "Arazbarı" (2011; bu kitab İstanbul, Təbriz və Kazanda da nəşr edilib) kitablarının) dil-üslub özəlliklərini, poetik ovqatını, milli-vətənpərvərlik yönünü bu yeni kitabında özünəməxsus şəkildə daha da universallaşdıran Sona xanım, bu dəfə məhz roman janrını seçib.
Roman 141 yaşlı Azərbaycan milli mətbuatının yaradıcısı ("Əkinçi"si!) Həsən bəy Zərdabinin yaşam və yaradıcılıq yoluna bədii güzgü tutur. Bu güzgüdə nələri görə bilirik? - Həsən bəy Zərdabinin keçdiyi ağırdan ağır yaşam, yaradıcılıq və maarifçilik yolunu - eniş-yoxuşu, daş-kəsəyi, kədəri-sevinci, umudu ilə... Adı ərəbcədən çevirmədə GÖZƏL anlamını verən, işi gözəl, özü gözəl, yolu gözəl bir bəyəfəndi klassikimizi sevgi, sayğı ilə anlatmaq, XXI yüzildən XIX yüzilə güzgü tutmaq, çağdaşımız olan bir xanıməfəndinin gözəldən gözəl işi kimi dəyərlərndirilə bilər.
Sona xanım bizi Zərdabinin yaşamında (1848-ci ildən 1906-cı ilə kimi) baş verən ən önəmli olaylara yaxından tanıqlığa çağırır. Bu çağırış o qədər səmimi, o qədər xəlqidir, biganə qalmaq mümkün deyil..! Roman bir aydının timsalında xalqın ədəbiyyat (ümumən mədəniyyət) keçmişinə işıq salır. Əlbəttə, söhbət irəliçi, maarifçi ədəbiyyatdan, mədəniyyətdən gedirsə, o keçmiş deyil, elə həm də, bugündür, gələcəkdir... Azərbaycan tarixinin olduqca təzadlı dönəminin, çar Rusiyası tərkibindəki illərin, araşdımaçı-yazarın özünəməxsus yazı üslubu ilə (bədii lövhələrlə) təsvir edilməsi, xalqımızın bugünü və gələcəyi haqqında düşüncələr hasil edir: oxucunu dövlət müstəqilliyinin qədir-qiyməti barədə idraka cəlb edir.
Nəfis kitab irihəcmli (768 səhifə) olsa da, bir nəfəsə oxumaq istəyirsən. - Birincisi, Sona xanımın (janrdan, məzmundan asılı olmayaraq) bütün kitablarından keçən vətənkeşlik xətti, necə deyərlər, şüurlu, peşəkar vətəndaşlıq təliminin bu yeni kitabı üçün də xarakterik olduğuna görə; ikincisi, Həsən bəy Zərdabi irsinə, yoluna sayğıya görə; üçüncüsü, şair-publisist kimi tanınan bir xanıməfəndinin qələmindən ədəbiyyatımızda yeni bir roman yarandığına (və bu romanın yaradıcı klassikimiz haqqında yaradıldığına!) görə...
ƏDƏBİYYAT - YAŞAMIN BƏDİİ İDRAKI
Əlbəttə, ədəbiyyat - insanşünaslıqdır; ədəbiyyat hər şeydən öncə istedada dayanmalıdır. - Hər insandan yazılan və hər yazılan ədəbiyyat faktına çevrilə bilməz..! Yazılan da, yazan da - kimin kimdən yazması, necə yazması həmişə önəmlidir. Bu anlamda, əgər ədəbiyyat insanşünaslığın keşiyində durmalı, insanlaq hal(lar)ını ümumiləşdirməlidirsə, Sona xanım Həsən bəy Zərdabinin timsalında və mövcud mətn-mündəricə ilə gərəkən işi görüb, janrın və mövzunun haqqını yerinə gətirib..!
İnsan, insanın dərdi, yaşamı məhz (yaxud daha çox) ədəbiyyatın predimetidir. - Sona xanım məhz bunun fərqinə varıb, qələmini məhz bu məqama kökləyib - mən onun yeni əsərindəki uğurunu bu amillə bağlayardım. - Həsən bəy Zərdabinin hiss-həyacanını, yaşam kredosunu bədii lövhələrlə yaxud başqa janrlarda, fərqli üslublarda əks etdirmək cəhdləri daha öncələr də olmamış deyil, yəqin gələcəkdə də belə cəhdlər olacaq. - Sona xanım özündən öncəki Zərdabi yazarlarının sanki bütün gözəlliklərini bir qələmin ucuna toplamağı bacarıb, ancaq öz əsərini yazıb, öz içini yazıb - demək olar, bir Zərdabini görüb, bir də özünü... və özündən sonrakılara da, "resept" verib...
Sona xanım "İşığa gedən yol"u məhz işığa gedən yoldur! - Bu roman bütün incəlikləri ilə yanaşı, Sona xanımın Zərdabiyə mənəvi övlad duyğularının tərcümanıdır; yazar ustalığının, sözə, mövzuya nəcib, həssas yanaşmasının ifadəsidir. Sona xanım Zərdabiyi tanıyıb tanıdır, onu kəşf edib, təqdim edir, onun öz çağdaşlarından fərqini görüb, göstərir...
ROMANA SÖZ-SÖZ, CÜMLƏ-CÜMLƏ GƏLƏN YOL...
Artıq roman haqqında KİVlərdə informasiyalar, rəylər əks olunmaqdadır və belə bir ümumiləşmiş fikrə ortaq olmamaq mümükün deyil ki, "... "İşığa gedən yol"un işığında yola çıxarkən özünü Zərdabinin bir addımlığında hiss edirsən. Sanki onun sevincini də, məyusluğunu da bölüşürsən. Bu da xanım yazarın təsvir qabiliyyətinin gücündən xəbər verir.
Tarixi faktlar, müstəsna olaylar, ağrılı məqamlar yazarın qələminə xas ustalıqla verilir. Romanda işıqlandırılan olaylar ilk dəfə Azərbaycan oxucusuna belə sadə, bədii dillə və bütün əhatəliliyi ilə təqdim olunur.
Romanı Sona Vəliyeva yaradıcılığını sevənlərlə yanaşı, tarixə, mətbuata ilgisi olan hər kəsin oxumasında yarar var".
***
Sona xanım bu romana söz-söz, misra-misra, şeir-şeir, vərəq-vərəq, mövzu-mövzu, kitab-kitab gəlib... Azərbaycan poeziyasında, ədəbiyyatında, publistikasında və elmində... ən önəmli məsələlərə öz zərif münasibətini sərgiləyən bir xanıməfəndi "İşığa gedən yol"u yazmalıydı... Onun öncəki yazılarını, kitablarını bir də göszdən keçirin - görəcəksiz ki, bu roman doğulmalıydı...
Vətən, xalq, həqiqət yolunda ömür qoyub gedən aydınların yaşamı, yolu naxış-naxış ilmələndikcə, yeni nəfəs qazandıqca, haqq dünyasında olan ÖMÜR YİYƏLƏRİnin ruhu şad olur, yeni nəsil oxucusu da, öyrənir, örnək alır...
"İşığa gedən yol" romanı qələm sahibinin daha geniş üfüqlərə, deyərdim, üfüqötəsinə boylandığının və bu zaman məhz keçmişi öyrənib-öyrədərək gələcəyə yol aldığının təsbitidir. Doğrudan da, "İnsan xırda işlərlə məşğul olduqca, xırdalanır, böyük işlərlə məşğul olduqca, (bəlkə) özü də hiss etmədən böyüyür"...
Sona xanımın ədəbiyyatın "ağır janr"ı sayılan romana müraciət etməsi - məhz yaradıcılıq və həyatının indiki çağında müraciət etməsi bir yandan, onun yüksək müşahidə və təhlil qabiliyyətini, yaradıcılıq təxəyyülünün zənginliyini göstərir, digər yandan məsuliyyət hissini şəkilləndirir.
Mirzə Fətəli, Hüseyn Cavid, Mirzə Cəlil, Sabir şəxsiyyət və yaradıcılığına ad etdiyi yazıları, eləcə də, klassiklərin yadigarı olan "Kaspi" qəzetini bərpa edib, ardıcıl çıxarması, xanım Vəliyevanın milli ruha, milli düşüncəyə nə dərəcədə könül və ömür verməsinin təsdiqidir. Bir xanım yazarın bu miqyasda işlərə zaman (könül və ömür!) ayırması, onun iç dünyasının, qəlb vuruşunun, könül çırpıntılarının, ömür yolunun göstərgəsidir, şəklidir...
Xanım yazar "İşığa gedən yol"da da öz ulu qəhrəmanının hiss-həyəcanını, sarsıntılarını, uğurlarını obrazlı şəkildə ifadə etməyi bacarıb və oxucuda dolğun təsəvvür yarada bilib.
Yaradıcılığının qayəsini vətənkeşlik, şüurlu və peşəkar vətəndaşlıq (Bütov Azərbaycan, Böyük Turan sevgisi (həsərti!)) təşkil edən Sona xanımı "İŞIĞA GEDƏN YOL"u münasibəti ilə təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirik!
TƏBRİKLƏR, XANIMƏFƏNDİ!
Əziz oxucu, Sona Vəliyevanın yeni kitabı haqqında söz açdığımız bu ƏDƏBİYYAT səhifəsində, Sizi onun yeni əsərədək gələn ədəbi inkişaf yolunu şeir-şeir vərəqləməyə çağırırıq. Həyəcanlı duyğular, zərif düşüncələr və kövrək hisslərlə dolu Şeir sovqatı bu isti yay günlərində könlünüzə xoş bir sərinlik gətirəcək deyə ümid edirik:
SƏNİ YOLA SALDIM
Bir kimsə qəlbimi ovuda bilməz,
Səni yola saldım, tənhayam bu gün.
Bir belə doğmanın içində, Allah,
İnsan tək olarmış belə büsbütün.
Belə həsrətləri az çəkməmişəm,
Belə tanhalıq da heç vaxt olmayıb.
Deyirəm dünyada sevgiylə dözüm,
Yaxşı ki ikisi əkiz doğulub.
Bu gündən ümidim yollar, məktublar,
Yanında olacaq yarı canım da.
Sənə çətin olsa, bircə telimi,
Simurq tükü elə, hazıram orda.
Bu gündən gecələr qanad açaram,
Birbaşa uçaram elə sənəcən.
Bu gündən ayların günləri uzun,
Bir əsr yol gələr gülüm, sənəcən.
Bu elə sevgi ki, elə tale ki,
Vüsalı bəxtindən uzaqdır bir az.
Yüz Sənəm həsrəti, Qərib dərdlisi,
Yığılsa bu günü mənə tay olmaz.
Səni yola saldım, sakit, səirsiz,
Siqaret çıxardım, içim alışdı.
Qəlbindən keçəni, nə çəkdiyini,
Gözlərin astaca mənə danışdı.
Məndən uzaqlara yol gedər sevgim,
Ürəyi mənimlə olacaq hər an.
Bir sevgi duası, bir qız duası,
Onu qoruyacaq eşqdən, bəladan.
ÜSTÜNƏ
(Yanvardan başlayaraq hər ayda bir qanlı təqvim görüncə, bu millətin taleyinə bir daha ağladım...)
Torpağın ağrısı canımda hər gün,
Bir parça Şuşayam közərir külüm.
El köçüb, yas qurub Xarı bülbülüm,
Gedən yurd yerinə qalan üstünə.
/Sona Vəliyeva/
Hər ayda bir qanlı təqvim,
Hönkürdüm hər an üstünə.
Ölüb dərdimi göndərəm,
Mənə yananın üstünə.
Yoxa vardı, varda yoxdu,
Həsrət dərd-qəmlə ovundu.
Ömür bir rəngli yuxudu,
Doğru yalanın üstünə.
Ay oğuzlar, ay ərənlər,
Səbri dözümlə yeyənlər.
Ay torpağın itirənlər,
Gedək tapanın üstünə.
Qara sevda, qara dərddir,
Torpaq sevgim, yurd həsrətim,
Ölənin bəxti gətirdi,
Ağlayaq qalan üstünə.
Əldən yurdu gedən adam,
Səbr edib ölməyən adam.
Bu taleyə asi ollam,
Gedib yaradan üstünə.
YOLLAR
Bənövşə ətirli, Araz nisgilli,
Yollarım sərhədsiz dünyamla birdi.
Ulduzlar yoluma çıraq tutanım,
Yerlər ayağıma çiçək səpirdi.
İndi səbrim kimi itərəm yolda,
Xəyal qanadına götürər məni.
Salam, anamsız ev, gec gəlib çıxdım,
Mən yolu qınaram, bu yerlər məni.
Min qınaq bir borcu ödəyə bilməz,
Ölənə, itənə çatmaq da çətin.
Yolu tək ümidi qeyb olanlara
Mənim qollarımı körpü eləyin.
Atamdır, Anamdır qırılan yollar,
İncik naləsindən sızlayır ürək.
Gedib ovutmağa üzümüz hanı,
Könlünü almağa kimi göndərək?
Yol əsir, yol küskün, neyləyək, Allah,
Leylasız Məcnundur insansız yollar.
Karvanı kəsilib, qatarı gedib,
Damar tək qoruyur bu cansız yollar.
ŞİRİN ÇİÇƏK
Ömrümə gəlişi bahar vaxtıdır,
Çiçəklər içində öz çiçəyimdir.
Taleyə yazılan tanrı baxtıdır,
Lalə çiçəyimdir, qız çiçəyimdir.
Bu da bir qismətdir, bal dadındadır,
İlıq arzuları içində min-min.
Balalar onsuz da bal dadındadır,
Çiçək şirinliyin mən indi gördüm.
Ay ürkək baxışlı körpə çiçəyim,
Sən hansı nağıldan çıxıb gəlmisən?
Sən mənim ömrümə gələnə qədər,
Necə yaşamışam, hardan biləsən?
Dünyanın sərvəti, varı, dövləti
Bu çiçək balanın telinə dəyməz.
Dünya gözlərində gülüşdü hələ,
Qayğılar hələki eyninə gəlməz.
Ay şirin çiçəyim, ay qız çiçəyim,
Gəlişin evimə gətirib bahar.
Hər ağac bir çiçək bitirməyibsə,
Dünya məhvərindən qopar, dağılar...
QAR YAĞIR
(Balaca Səttar üç günlük qardaşını oxşayaraq, qarın yağmağını xəbər verirdi: "Bayırda qar yağıb qaqaş, sən bilirsən qar nədir?")
O hardan bilsin ki, qar nədir, oğlum,
Dünya gözlərində ana bətnidir.
Qara toxunmayıb, soyuğun bilmir
Həyat süd qoxusu, ana ətridir.
Ruhunun min illik yaddaş dəftəri
Pozulur, təzədən yazılır indi.
ORDA vəd olunan həyat doğrusa
Yuxuda ağladan, güldürən kimdir?
Bayırda qar yağır, beşiyi isti
Kimin dam örtüyü kimin də qəlbi damır.
Ərşin bərəkətinin, torpağa qar payının
Bəndəyə çatanında günah, savab dayanır.
Səninçün qar adam, qar topu bu qar
Mənim həsrətimə qarlar yağacaq.
Şuşanın, Laçının ümidi donub
Yolların gözü də qar bağlayacaq.
Torpağın həsrəti taleyə köçür
Göynəyən içimə bir də qar yağır.
Burda rahat ömür ölüm kimidir
Orda xarabalar bizsiz aglayır.
Dünya çalxandıqca beşiyi sınır
Qarı da əvvəlki qar kimi yağmır.
Güc haqqa çevrilir ədalət susur
Haqlının gücünü şeytan aparır.
Oyat yaddaşını, qoyma uyuya
Pərən torpağına özün tale yaz.
Oğul qürurunu çəpər eyləsə
Sərhddi pozulmaz, yurdu basılmaz.
Bəmbəyaz çiçəkdir bu qar töhfəsi
Torpağın dərdini oxşayır örtür.
Qar yağır bölünən Vətən birləşir
Qar elə gur yağır sərhəd görünmür.
Səngərdə əsgər də arzudan keçər
Bayrağı Şuşadan Göyçəyə çatar.
Qar yağır gecənin qara üzünə
Ruhumda son zəfər himni başlayar.
Ümidim ürəyin son teli Allah
Qorxuram üzülə, gedib çatmayam.
Qarabağ, bağrımın qara səbridir
Qar yağır, don vursa, səbrim çatlayar.
Səninçün qar adam, qar topu bu qar
Mənim həsrətimə qarlar yağacaq.
Şuşanın, Laçının ümidi donub
Yolların gözü də qar bağlayacaq.
SƏNDƏN YAMAN KÜSMÜŞƏM
Külək payıza dəstək,
Boşalmış bağa hücüm.
İçimi bir söz didir,
Deməyə çatmır gücüm.
Səndən sənə sirr açım,
Amma heç kimə demə.
Sözüm xətrinə dəysə,
Qəlbinə yük eyləmə,
Səndən yaman küsmüşəm.
Uzandı leysan yağış,
Yolçuyam qaldım yolda.
Başımda incik sevda,
Qəlbim uçqun qırağında;
Səndən yaman küsmüşəm.
Bənövşə boynu bükük,
Yol üstündə büzüşüb,
Lalə çəməndən incik
Ürəyimə xal düşüb,
Mən də səndən küsmüşəm.
Ürəyim yaz axşamı,
Gileylər çiçək açar.
Əlindən düşüb itsəm
Yellər-sellər aparar;
Səndən yaman küsmüşəm.
ŞƏHİDLƏR
Sökülür dan yeri qara xəbərlə,
Dağ - daş da yas tutar, göz yaşı tökər.
Bitməz davaları, şəhid əsgərin,
Zəfər gününədək ruhu döyüşər.
Qurşun -qurşun qorunar,
Yurdun namus davası.
Sevən qız saçın yolmasın,
Sevgisi məlhəm olunca,
Ağrımaz şəhid yarası.
Ölümə tuş gələn ömrün,
Əvvəli sondan başlayır.
Sərhəd qalasına dönən,
Oğuldan Vətən başlayır.
Tellər qanla xınalanıb,
Bu necə toydur, siz deyin.
Bayraqlı xonça bağlanıb,
Bəy evinə xəbər verin.
Şəhid Vətən qurbanlığı,
Yurdun səməndər quşudur.
Bu gün Məcnun Leylisinə,
Sevən sevənə qovuşur.
Hər şəhid xəbəri, Tanrı sınağı,
Vətən sevgisidir, Vətən görküdür.
Təzədən göyərər çinar oğullar,
Tabutun üçrəngli bayrağa bükün.
BELƏ OXUMA, SƏN ALLAH..!
-Bu dağın o üzündə,
ceyran otlar düzündə-
(Azərbaycan xalq mahnısından)
Bir daş altda, bir daş üstə,
O dağın dərdin oyatma.
Yurd yerinin köz üstündə,
Qalanan külün dağıtma.
Zülüm əkildi dağlara,
Meyvəsi qubar gətirdi.
Qaysaqsız torpaq yarasın,
Səsin göynətdi-göynətdi.
Belə oxuma, sən Allah,
Dağ çəkmə közərən dağa.
Əl-ələ tut gedək, qardaş,
Dağa sadağa olmağa.
Gül çiçəyi ovxalanıb,
Bənövşələr bizdən küsüb.
Qırx incə bel güllə dağlar,
Ayrılığa əsir düşüb.
Vəfalı kim, dönük kimdi,
Ölən bizdik, qalan kimdi,
İçimdəki qəm yüküydü,
Səsin yetirdi dağlara.
Dağ çəkilib ,o dağlara,
Gül-çiçəyi yaralıdır.
Ürəyim titrədikcə billəm,
O dağlara qar yağıbdı.
Belə oxuma, sən ALLAH,
Dağ çəkmə közərən dağa.
Əl-ələ tut gedək qardaş,
Dağa sadağa olmağa.
ÜRƏYIMƏ
(Ürəyindən ciddi şikayəti olan 18 yaşlı qızın dilindən)
Nə yaşım var ki,
başladın mənimlə
bu tərs oyunu.
Ay sinəmdə yumruq boyda
olan dünyam.
Nə yaşım var ki, hələ
tumurcuq arzular arxasından,
sehrli üzük halqasından
təzəcə baxıram bu dünyaya.
Yazmalı arzum var yazacağam.
Qalaq-qalaq işlər durur,
görəcəyəm.
Gəl, yola gedək deyirəm,
bir də ki, özüm bir şey deyiləm,
Saçını ağartdığın anamın
belini bükürsən.
Borcundan çıxa bilmədiyim
Atamın kirpiyində donaram
və bir də
bəxtimə yubanan, boylanan
bir "Vağzalı"nı
xəcalət-xəcalət,
için-için hönkürdə bilərsən.
Gəl, yola gedək deyirəm,
Sən ki özgə deyilsən.
QALX, YURDA DÖNƏK!
(Nəriman Həsənzadənin "Dəvəsi ölmüş ərəb" ə yazdığı şeirə)
(Şərq ölkələri od içində... Qərbə köç başlayıb. Bu köç fəlakətdir...)
Qalx ərəb, dur gedək
Uzaqlaşır son karvan
Dur gedək, dərdli adam
İçindən yolu başla.
Əvvəli sondan başla,
Hər şey fələk işidir
Ya fələyi bağışla
Ya ömrü təzədən başla.
Torpağının altı sərvət
Üstü sərvət,
Varı başına dərd ərəb
Qarşıda dörd yol ayrımı
Sağı, solu bilinməz,
Burda adamlar fərqli
Namərdi qəsdə durar,
Mərdi gözə görünməz.
İşıq gələn tərəfin
İti hürən o kəndin
Yolu qurşun səddisə,
Tələ qurulub sənə.
Hardan keçib gedəssən,
Halın əhvalın tanış,
Qaçqın, köçkün üzün tanış
Getmək xilas yolu deyil
Hər xilas yaşamaq deyil.
İçinə, özünə qayıt.
Kəfən geymə, bayraq gey
Dünyaya səslən Ehey...
Yurduna, elə qayıt
Özünə, evə qayıt
Acın elə ağır ki,
Dərdin elə tanış ki,
Çəkməyə oğul gərək
Yurda dön yurda ərəb.
Ölən də evdə urvatlı,
Qalan da evdə urvatlı,
Yad qapı sənlik deyil,
Yalmanmaq sənlik deyil,
Abrın niqab altında
Bu həya qərblik deyil.
Sənin taleyin günəş
Soyuq üz sənlik deyil.
Son ümid, son karvan gedir
Tələs ümidə sarı
Tələs-tələs, dur gedək
Biz qaçdıqca yurd əzilir,
Can qoxusu rəzillikdir.
Yer ağlayır, göy ağlayır
Ev ocaq bizi qarğayır.
Hava yaman qaralıb
Qurşun yağışı başlayır
Yurd sondur, yurd əzəldir
Yurd üstə ölmək gözəldir.
Dur ərəb, yurda dönək
Gözü yolda qalan var
Yol başla Vətən sarı,
Dur, dərdimin oxşarı
Dur gedək, dur, yurda dönək.
ƏKİZLƏR BÜRCÜ VƏ YA AVTOPRTRET
Kövrəyəmmi, ciddiyəmmi,
İkiyəmmi, təkcəyəmmi?
Özümdən sorub gəldim
Kimsən, Allahın adamı?
Ruhumun gecə-gündüzü,
Yeddi yolu, qatı varmış.
Üzüm əlacsız güləndə,
Gözüm dalda ağlayırmış.
Özümə yol başlayıram,
Elə yollarda itirəm.
Əlim doğmaların üstə,
Özüm baş alıb gedirəm.
Gedirəm bu iki yolla,
Yerlə göyün arasıdır.
Rəngli yuxum oğurlanıb,
Qalan ağı, qarasıdır.
Bir əlim boş, biri dolu,
Çoxuna varlı kimiyəm.
İki mələyin yazdığı
Ən ağır çiyin yüküyəm.
Nifrətlə sevgimin həddi
İki kirpik məsafəsi.
Bir qulağımda şeytanın,
Birində Tanrının səsi.
Kiməm, niyə gəlmişəm?
Yolum hayanadır belə?
Ölüb yox olmaq var ikən,
Var olmuşam bilə-bilə.
Bu da əkizli ömrüm,
Kimə qıyım, kimlə bölüm?
Ruhum balama hayandı,
Buraxın rahatca ölüm.