FƏLAKƏT
Onuncu sinifdə oxuyanda ədəbiyyat müəllimimiz tez -tez bizə deyirdi: “Azərbaycan dilinin qrammatikasını bilməyən və “Dumanlı Təbriz”i oxumayan instituta qəbul olmaq üçün qatara minib Bakıya getməsin. Əks halda sonu fəlakət olacaq”.
8 İyul 2016 13:08 SosialZüleyxa Nadir
Azərbaycan təhsili bətninə doluşan yad cisimlərə, qorxulu viruslara "hamilədi"...
Onuncu sinifdə oxuyanda ədəbiyyat müəllimimiz tez -tez bizə deyirdi: "Azərbaycan dilinin qrammatikasını bilməyən və "Dumanlı Təbriz"i oxumayan instituta qəbul olmaq üçün qatara minib Bakıya getməsin. Əks halda sonu fəlakət olacaq". O vaxtlar müəllimimin dediyinin dərinliyinə qədər vara bilməmişdim. Amma illər sonra başa düşdüm ki, Cabir müəllimin "tapşırığında" təkcə müəllim təəssübkeşliyi yox, həm də millət sevgisi, vətən dərdi varmış. Və bunlar kimin ruhunda kök salmayıbsa, özü də bilmədən necə bir fəlakətin içində çabaladığını qətiyyən bilməz.
Vətənin başlanğıc nöqtəsi və milli varlığın bünövrəsi onun dilidi. Bu gün ana dilimiz dəyəri milyardlarla ölçülməyəcək qədər qiymətli sərvətimizdi. Ana dili haqqında yazılmış çoxlu sayda şeirlərə, təşbeh və mübaliğələrə, mahnılara, bayatı və qoşmalara toxunmadan yalnız Uşinskinin bir fikrini təkrarlamaq istəyirəm: "Bir millətin malını, dövlətini, hətta Vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fövt olar və ondan bir nişan qalmaz".
Sovetlər dönəmində Azərbaycanın hər guşəsində rus dilinin dövlət səviyyəsində hökmranlıq etməsinə baxmayaraq, doğma dilimizi əlimizdə saxlaya bildik, onu qoruduq, başına dolandıq, ana südü qədər müqəddəs olduğuna inandıq. SSRİ adlı nəhəng imperiyanın hansı guşəsinə getsək də Azərbaycan dilini ürəymizin başında daşıdıq. SSRİ-nin müxtəlif şəhərlərində rus dilində ali təhsil alanlar, işləyənlər də Azərbaycan dilini unutmadılar. İstər orta məktəblərdə, istərsə də ali məktəblərdə Azərbaycan dili imtahanından heç vaxt kəsilmədik. Dilimizi sevdik. Bütün fənnlərdən əvvəl Azərbaycan dilini oxuduq, öyrəndik, sonra kimya, fizika, riyaziyyat, astronomoya və digər ictimai elmlərə maraq göstərdik. Bunu bizə evdə valideynlərimiz başa saldı, məktəbdə isə müəllimlərimiz öyrətdilər. Məhz bu tərbiyə rus dilinin Azərbaycan dilindən önə keçməsinin qarşısında bir sədd oldu. Rus dilini öyrənməyimiz ana dilinə kölgə sala bilmədi.
Bu gün Azərbaycan Respublikası dünya dövlətləri sırasında özünün digər üç atributu - bayraq, himn və gerbi ilə birlikdə doğma dilinə söykənərək irəliləyir. Azərbaycan dili rəsmi dövlət dilidir, ölkə daxilindəki başqa dillərdən öndədi. Uşaq bağçasından tutmuş ən yüksək dövlət qurumlarına qədər Azərbaycan dilində danışılır, yazılır. Buraxılış və qəbul imtahanlarında azərbaycan dilindən imtahan verilir. Amma nə yazıq ki, Azərbaycan dili imtahanından yaxşı və yüksək göstərici ildən-ilə azalır.
Bir neçə gün əvvəl ölkənin orta məktəblərində keçirilən bu ilki buraxılış imtahanlarının nəticəsini Dövlət İmtahan Mərkəzi açıqladı: "IX sinif şagirdləri arasında Ana dili fənnindən 20 911 nəfər (20,06 %) "2", Riyaziyyat fənnindən 26 438 nəfər (25,31 %) "2" qiyməti alıb. XI sinif şagirdləri arasında isə Ana dili fənnindən 15 486 nəfər (18,34 %) "2", Riyaziyyat fənnindən 16 038 nəfər (18.96 %) "2" qiyməti alıb". Əminəm ki, bu informasiyanı oxuyan hər kəsin ilk reaksiyası bu sual olub: "Niyə"? Ötən bir neçə gündə həmin sual ətrafında ictimaiyyət arasında,
xüsusuilə də sosial şəbəkələrdə müzakirələr aparıldı. Tək kəlməlik sualın cavabını vermək üçün ortaya qoyulan səbəblər çox ağrılı oldu...
Heyrət olunmalı prosesdi. Məktəblilərin ana dilindən bu qədər aşağı səviyyədə olmasının günahkarı kimdi? Valideynlərmi, müəllimlərmi, yoxsa zəmanəmi? Əslində hər üç faktorun rolu var. O valideynlər ki, onların ataları-anaları əvvəldə dediyim kimi Azərbaycan dilinin qorunması, yox olmaması üçün maksimum əmək sərf ediblər. Amma indi onların nəvələri nəinki dili öyrənmək istəmirlər, heç onun qrammatikasına gözucu da baxmırlar. Uşağın tərbiyəsində ana dilini mükəmməl öyrətmək valideynin ümdə borcudur. Demirəm ki, mübtəda, xəbər, morfologiya, fonetika, sintaksis, frazeoloji birləşmələr və s. kimi qrammatik qaydaları izah etsinlər. Bu, məktəbin, müəllimin vəzifəsidi. Adi danışıq dilini, onun incəliklərini, mütaliəni uşaq valideyndən öyrənir. Valideyndə bunlar yoxdusa, bütün yükü məktəbin boynuna qoymaq doğru deyil. Bu gün bizim bir çox gənc və orta nəsil ailələrdə dil baxımından pərakəndəlik hökm sürür. Elə ailə var ki, ata ingilis, ana rus, nənə-baba isə Azərbaycan dilində danışır. Bu ailədə böyüyən uşağın vəziyyətini təsəvvür etmək o qədər də çətin deyil. Daha bir çox valideyn də düşünür ki, ana dilinə nə gərək var? Uşağının ingilis dilli özəl bağçada tərbiyə olunmasına yol açan həmin valideyn məktəb yaşı çatanda onu ingilisdilli özəl məktəbə göndərir, 11 il sonra da xaricdə təhsil almağa yola salır. Amma belələri çox deyil - ən azından, hələlik.
Son illər Azərbaycanda hər cür ştandarta cavab verən yeni məktəb binaları tikilib istifadəyə verilib. Çox təəssüf ki, bu, bir çox hallarda ataların "çölü bəzək, içi təzək" məsəlinin təsdiqi kimi effekt verir. Orta ümumtəhsil məktəblərinin içində təhsilin səviyyəsi, məktəbin, müəllimin nüfuzu get-gedə aşağı düşür. Mütəxəssislərin dediyiniə görə, bu göstərici MDB ölkələri arasında sonuncu yerləri paylaşır. Təhsil ocaqlarında milli təəssübkeşlik halı yox dərəcəsindədir. Halbuki təhsildə millilik prinsipi dövlətin və dövlətçiliyin əsas sütunudur. Bu sütunun bünövrəsi ana dili ilə "bərkidilir".
Ürək ağrısı ilə deyə bilərəm ki, ümumtəhsil məktəblərinin çoxunda Azərbaycan dili dərsləri istənilən səviyyədə keçirilmir. Həmçinin də şagirdlər bu fənnə meylli olmadıqları üçün müəllimdən yüksək səviyyəli dərs tələb etmirlər. Çünki yuxarı sinifdə oxuyanların məktəbə və müəllimə ehtiyacı olmur. Kimə hansı fənn lazımdır gedib repititor yanında öyrənir. I, II, IV qruplar üzrə hazırlaşan uşaqlar üçün Azərbaycan dili əsas fənn sayılmadığı üçün repititor da başdansovdu öyrədir, ya da şagirdlərin əksəriyyəti bu fənn üzrə hazırlığa getmir. Elə ucqar kənd məktəbləri var ki, orda məktəb əhəmiyyətsiz quruma çevrilib. Bu, çox böyük fəlakətdi.
Bundan başqa bu gün "müasir dərs modeli" adlanan və Avropadan inteqrasiya edilən kurikulum metodunun da dərslərin mənimsənilməsində mənfi təsiri özünü aydın göstərir. Xarici pedoqoji ədəbiyyatda göstərilir ki, kurikulum nəzəriyyəsinə aid biliklərin formalaşıb inkişaf etməsi üçün 30 ilə yaxın vaxt sərf olunub. Azərbaycanda isə təhsil sisteminə yad olan, yamaq kimi görünən bu metod 2010-cu ildən tətbiq edilməyə başlayıb. Az-çox savadı olan yaşlı müəllimlər 30 ilə hazırlanmış kurikulumu qısa müddətdə öyrənə bilmirlər, çətinlik çəkirlər. İl boyu vaxtını və
potensialını onun məzmununu, tədris planını və proqramlarını, məqsədini, metodikasını, eləcə də digər vəzifələrini öyrənməyə sərf edən müəllim şagirdlərə dərs keçməyə, nəyisə başa salmağa imkan tapa bilmir. Ali məktəbə 150-160, ən yaxşı halda 200 balla daxil olan universitet məzunu isə müəllim diplomu ilə işləməyə gəlsə də yüksək savada malik olmadığı üçün zərbə yenə şagirdə dəyir. Zənnimcə, buraxılış imtahanlarında şagirdlərin aldığı "2" qiymətinin təməlində əsasən 30 il yol gəldikdən sonra Azərbaycanda "nəfəsini dərən", məktəblərdə pedoqoji kollektivin 5-6 ilə mənimsəyə bilmədiyi kurikulum faktoru durur.
Bəllidir ki, hər gün dəyişən dünya indi 20-30 il əvvəlki deyil. O zamanın tələbi indiki dövrlə ayaqlaşa bilmir, primitiv görünür. Kompüter, internet əsridi. Bu, bir tərəfdən yaxşıdı. Amma islaholunmaz yönü odur ki, insanlar texnikadan asılı vəziyyətə düşürlər. Orta məktəb şagirdləri cib telefonu ilə yatıb-dururlar. Kitab-dəftəri telefon, İpad-lə əvəzləyirlər. Telefonun çoxsaylı funksiyalarını elə mənimsəyirlər ki, bəzilərinin beyinində, yaddaşında oxuduqlarına yer qalmır. Bununla belə qəti fikir də söyləmək olmaz ki, Azərbaycan dili imtahanından əldə olunmuş pis göstəriciyə kompüter texnologiyaları, telefon markaları səbəb olub. Elə şagirdlər var ki, cib telefonundan, kompüterdən kitabxana kimi istifadə edərək bilik əldə edirlər. Amma bu da kifayət qədər deyil...
İllər öncə valideynlərimiz, xüsusilə də analarımız doğma Azərbaycan dilini evdə , müəllimlərimiz isə məktəbdə qrammatikanı öyrətmişdilər. İndi məktəblilər bundan məhrumdular. Təhsil sistemi, elm ocağı elə bir fəlakətə sürüklənib ki, bunun sabahkı fəsadlarını görməmək mümkün deyil.
Bu sətirləri yaza-yaza orta məktəb müəllimimin davranışlarını, dərs metodunu, pedoqoq əxlaqını xatırlayıram. Görəsən, Cabir müəllim 40 il əvvəl fəhmlə söylədiyi proqnozunun bu gün həyata keçdiyini görsəydi hansı reaksiyanı verərdi? Fəlakətin qarşısını almaq üçün nə təklif edərdi?
Təhsil canlı orqanizmdi. Bu gün Azərbaycan təhsili bətninə doluşan yad cisimlərə, qorxulu viruslara "hamilədi". Onları xaric etmək lazımdı. Baş vermiş fəlakətdən xilas olmaq üçün nə qədər ki, gec deyil səlahiyyətlilər qollarını çırmalayıb işə başlamalıdırlar.
P.S. yazıdakı bəzi fikirlərim riyaziyyat müəllimlərinə də aiddir.