Müsəlmançılığa aidiyyatı olmayan məzarlıqlarımız
Azərbaycanda mövcud qəbiristanlıqlarda nizan-intizam yaratmaq vaxtı çoxdan çatıb. Ona görə ki, insanların axirət dünyasına qovuşduğu bu məzarlıqlarda biabırçı vəziyyət hökm sürür.
8 İyul 2016 13:05 SosialAzərbaycanda dəbdəbəli qəbirlərə son qoyulacaq?
Azərbaycanda mövcud qəbiristanlıqlarda nizan-intizam yaratmaq vaxtı çoxdan çatıb. Ona görə ki, insanların axirət dünyasına qovuşduğu bu məzarlıqlarda biabırçı vəziyyət hökm sürür. Xatırladaq ki, ölkədə müsəlman, rus katolik, yəhudi və kimsəsizlər qəbirəstanlıqları var. Müşahidələr deməyə əsas verir ki, ən çox müsəlman qəbirəstanlıqlarında dini qaydalara riayət edilmir. Daha çox dəbdəbəli imarətlərə bənzəyən qəbirlər istirahət mərkəzlərini, milyonlarla qiyməti olan məzar daşları isə heykəltaraşlıq emalatxanasını xatırladır. Hansı ki, dini qaydalara görə, qəbir daşları yalnız fərqləndirici nişan rolunu oynamalıdır. Reallıqda isə qəbiristanlıqda son dərəcə dəbdəbəli, mərmər və bahalı qranitlərdən hazırlanan qəbirlər üstünlük təşkil edir. Din xadimlərinin - "hacı", "məşədi", "kərbəlayi" titullu şəxslərin, o cümlədən, elit təbəqələrə məxsus qəbir daşları xüsusi təmtəraqlı daşlardan düzəldilib. Ümumiyyətlə müsəlman qəbiristanlığında müsəlmançılığa aid heç bir əlamət müşahidə etmək mümkün deyil. Dini qaydalara zidd olmasına baxmayaraq insanların dəbdəbəli qəbirlər salmaq bəhsi o həddə çatıb ki, artıq məsələnin tənzimlənməsi üçün xüsusi qanunun qəbuluna zərurət yaranıb. Baxmayaraq ki, hazırda qəbirəstanlıqların salınması ilə bağlı hökumət tərəfindən qəbul edilmiş normalar qüvvədədir. Lakin insanların ifrat düşüncə tərzi bu qaydaların kağız üzərində qalması ilə nəticələnib. Məsələnin digər tərəfi ondan ibarətdir ki, artıq dünyanın əksər sivil ölkələrində qəbirəstanlıqlar müvafiq qanunlarla idarə olunur. Yeri gəlmişkən qeyd edək ki, artıq bununla bağlı Azərbaycanda da əməli işlərə start verilib. Xəbər verildiyi kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qəbir daşları ilə bağlı qanun layihəsi hazırlayıb. Layihəyə görə qəbirlər adi daşdan olmalı, baş daşının hündürlüyü 50, sinəüstü daşın hündürlüyü isə 60 sm-i keçməməlidir. Bu layihə cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq hər bir insanın böyük marağına səbəb olub, çünki Azərbaycanın şəhər və kəndlərindəki qəbiristanlıqlarda qəbir daşlarının ölçüsü, onun ətrafında aparılan abadlıq işləri, düzəldilən abidə ölü sahibinin varlı və ya kasıb olmasına birbaşa işarə vurur. Bu, isə dini kitabımız olan "Qurani-Kərimi"n ayələrinə birmənalı şəkildə ziddir. Təəssüf ki, qanun layihəsinin uzun müddətdən bəri ictimai müzakirəsinin aparılmasına baxmayaraq indiyə qədr bu sənədin parlament müzakirəsinə çıxarılması mümkün olmayıb. Məsələnin qəlizliyi isə ondan ibarətdir ki, cəmiyyət qəbirəstanlıqların idarə olunmasının qanunlıa tənzimlənməsinə birmənalı yanaşmır. Məsələn, adi vətəndaşlar qəbirəstanlıqlarda vahid qaydanın tətbiqi, qəbirlərin eyni səviyyədə düzəldilməsi tərəfdarı olduğu halda, din xadimləri bunu ölü sahiblərinin istəkləri və imkanları daxilində olan məsələ kimi dəyərləndirilər. Buna baxmayaraq, qəbirəstanlıqların idarə olunmasını tənzimləyənə sənəd Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Nazirlər Kabinetinə təqdim edilib. Hazırda "Məzar yerləri və məzarlıqlar haqqında" adlanan qanun layihəsi ilə bağlı müzakirələr davam etdirilir. Bu sənəd qanun layihəsi kimi parlamentə təqdim oluna, ya da Nazirlər Kabinetinin ayrıca qərarı kimi də qəbul edilə bilər. Lakin əldə olunan məlumata görə, sözügüdən sənədin Milli Məclisdə müzakirəyə çıxarılmasına maneə olan qüvvələr mövcuddur. Həmin qüvvələr respublikanın ayrı-ayrı rayonları üzrə fəaliyyət göstərən qəbirəstanlıq idarələridir ki, onlar asanlıqla gəlir mənbələrini əldən vermək istəmirlər. Araşdırmalar zamanı bəlli olub ki, hətta respublika üzrə bütün qəbiristanlıqda sözügedən qurumun "xidmət sahələri" fəaliyət göstərir. Həmin "xidmət sahələri" açıq şəkildə qəburəstanlıqların girişində öz sexlərini açaraq əhaliyə dəbdəbəli materiallardan olmaq şərtilə bahalı qiymətə başdaşı təklif edirlər. Buna baxmayaraq, nəhayət ki, qanun layihəsi cəmiyyətin, xüsusən din xadimləri və ilahiyyətçilərin geniş müzakirəsindən sonra mükəmməl sənəd halına gətiriləcək. Bəs, yeni sənəddə qəbirəstanlıqların idarə olunması ilə bağlı hansı yeniliklər əksini tapıb və ya sənəd hansı möcud problemin aradan qaldırılmasına təsir edəcək? Məlumata görə, sənəddə məzarlıqların, qəbiristanlıqların idarəçiliyi müəyyən qərarla reqlamentləşdirilib. Layihədə məzarlıqların, qəbiristanlıqların yerli bələdiyyələrin ixtiyarına verilməsi nəzərdə tutulub. Bununla bağlı bələdiyyələrdə Şura yaradılması əksini tapıb. Qeyd edək ki, layihədə məzarlıqların yeri və qəbir daşlarının eyni olması qəti şəkildə əksini tapır. Məsələn, yeni salınacaq qəbiristanlıqla yaşayış qəsəbəsi arasında məsafə 100 metrdən az olmamalıdır. Digər tərəfdən, bəzən qəbiristanlıqlarda insanlar əvvəlcədən yer götürürlər. Sənədin qəbulundan sonra gələcəkdə bu kimi hallara yol verilməyəcək. Əgər sənəd qəbul olunsa, gələcəkdə istisna hal kimi ər istədikdə xanımının yanında dəfn olunmasını istəyə və bu zaman xanımının yanında yer saxlana bilər. Yaxud da kişi vəfat etdikdə xanımı üçün yer saxlanıla bilər. Qalan hallarda qəbiristanlıqda heç bir yerin saxlanılmasına icazə verilmir. Sənəddə qəbirlərin hasarlanması, onun ayrıca dəmir çubuqlarla dövrəyə alınmasına da icazə verilməyəcək. Layihədə yalnız bir formada, heç birinə fərq qoyulmadan adi sinəüstü qəbir daşlarının müəyyən edilməsi əksini tapır. Eyni zamanda layihədə şəhidlərin müəyyən törənlə dəfn olunması ilə bağlı ayrıca müddəa var. Sənəddə kimsəsiz insanların dəfninin qəbiristanlığın aid olduğu qurum tərəfindən həyata keçirilməsi də əksini tapıb. Əgər bu layihə qanun, yaxud qərar şəkilində qəbul edilsə, əvvəlki məzarlıqlara, qəbiristanlıqlara şamil edilmədən yeni salınacaq məzarlıqlarda, qəbiristanlıqlarda bu qaydalar tətbiq ediləcək. Layihədə fəxri qəbiristanlıqlarla bağlı məsələnin də əksini tapdığı bildirilir. Belə ki, dövlətin, xalqın, millətin qarşısında xidmətləri olan şəxslərin qəbrinin fərqliliyi qalacaq. Yəni qəbir daşları və digər məsələlərlə bağlı qaydalar fəxri qəbiristanlıqlara, fəxri məzarlıqlara şamil edilmir. Çünki fəxri qəbiristanlıqlar, məzarlıqlar dünyanın hər yerində var. Sənəddə digər dinlər və konfessiyaların qəbiristanlıqlarının salınması məsələsi də əksini tapıb. Belə ki, həmin qəbiristanlıqlarda da bu qaydalar onların dini inanclarına uyğun şəkildə tətbiq olunacaq. Din xadimləri bildirilər ki, qəbir itməlidir, peyğəmbərimiz də deyib, həyat da belə deyir. Əgər insanlar qəbiristanlıqları əbədi saxlamış olsalar, insanların sayı qədər yerdə qəbir yerləri olmalıdır. Bunu da hesablasaq, görərik ki, bunun üçün nə qədər ərazi lazımdır. Xüsusən, böyük şəhərlərdə bu, problemlər yaradır. Ona görə də "qəbir itməlidir" deyəndə heç kəs vəfat etmiş yaxınını unutmağa çağırılmır. Söhbət müddətlərdən gedir. Məsələn, bəzi Avropa ölkələrində qəbir yerləri müəyyən müddətə qorunub saxlanılır, müddət keçdikdən sonra isə həmin qəbir üçün qəbiristanlığa xüsusi rüsum ödənilməlidir. Əks təqdirdə həmin qəbir ləğv olunur, yerinə başqa şəxsin dəfn olunması həyata keçirilir. Əlbəttə, bu, uzun müddətə nəzərdə tutulur. Yeni layihədə isə bu müddət nəzərdə tutulmayıb və gələcəkdə qəbul ediləcək qərar da bununla bağlı hökm vermir. Amma zamanın gedişatı elədir ki, qəbirlər, qəbiristanlıqlar mütləq zamana uyğun olaraq itir. Əlbəttə insanın adı ailəsində, nəslində yaşayır. Qəbiristanlıqları dəbdəbəli muzey yerinə çevirmək olmaz. Elə qəbiristanlıqlarımız var ki, orada islama aid olmayan müxtəlif qəbirlər, qəbirüstü abidələr görürük. Bunlar həm də fərqlər yaradır. Görüntü ondan ibarətdir ki, əgər sözügedən sənədin qəbulu və onun icrası lazımi səviyyədə həyata keçirilsə, doğrudan da qəbirəstanlıqlardakı əksər neqativ halların aradan qaldırılmasına nail olmaq mümkün olacaq.
Alim